“Yol alıb çıxıram 50 yaşımdan”- ELÇİN MİRZƏBƏYLİYƏ YUBİLEY TƏBRİKİ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, politoloq Elçin Mirzəbəylinin 50 illik yubileyidir. 50 illik ömür tarixçəsinə nəzər salmaq kifayət edir ki, Elçin Mirzəbəylinin nə qədər səmimi, intellektual, vətənpərvər bir şəxsiyyət olduğunu anlayasan.
11 Avqust 2017 12:56 SosialÖmürdən 50-ni çıxsan, nə qalar?
İndi öz ömrümə qalıq kimiyəm.
Ovcu kəmərindən suya salınmış
Toru ömür sayan balıq kimiyəm.
Elçin Mirzəbəyli
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, şair, politoloq Elçin Mirzəbəylinin 50 illik yubileyidir. 50 illik ömür tarixçəsinə nəzər salmaq kifayət edir ki, Elçin Mirzəbəylinin nə qədər səmimi, intellektual, vətənpərvər bir şəxsiyyət olduğunu anlayasan. Çoxşaxəli ədəbi-mədəni, ictimai-siyasi fəaliyyətində qazandığı nailiyyətlər onun ömür yolunu işıqlandırmaqla yanaşı, Vətənə, millətə, dövlətə bağlılığını təcəssüm etdirir. Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir yaradıcılığında gənc nəslin vətənpərvər ruhda yetişməsində böyük rolu vardır. Milli Azadlıq Hərəkatının marşı olan, hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ifa olunan, orta ümumtəhsil müəssisələrində tədris edilən "Azadlıq" marşının müəllifinin "Ey ulu Vətənim, doğma torpağım, Var tükənməz odun, sönməz ocağın, Azadlığa çıxmaq üçün qalxsın bayrağın" deməklə milləti bir bayraq altına birləşdirməyə səsləməsi gənclər üçün vətənpərvərlik devizinə çevrilib.
Şeirlərinə bəstələnən çoxsaylı nəğmələr isə Azərbaycanın musiqi mədəniyyətinin daha da zənginləşməsində əhəmiyyətli rol oynayıb. Şeirlərinə Abbas Əhməd, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasında Abbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıq qazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada nəşr olunub.
Quruluşçu rejissoru olduğu "Nadir şah" dramı paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Türkiyədə, İranda uğurla nümayiş etdirilib. Mədəniyyət Nazirliyində çalışdığı dövrlərdə bir çox dövlət tədbirlərinin ssenari müəllifi, rejissoru və redaktoru olub. Onların arasında Azərbaycan Demokratik Respublikasının 80, Şeyx Şamilin 200 illiyinə həsr olunmuş tədbirlər mühüm yer tutur.
Azərbaycan poeziyasının çoxəsrlik ənənələrini davam etdirərək xalqımızın şeir xəzinəsinə layiqli töhfələr verən Elçin Mirzəbəylinin ürəyi yaradıcılıq eşqi ilə alovlanır. "Ruhum hələ də gənc olduğu üçün 50 yaşımda da çox şeylərin dəyişmədiyini düşünürəm. 50 yaş mənim üçün sadəcə keçdiyim ömür yoluna nəzər salmaq üçün bir vasitədir. Həm də 50 yaş müşahidələr aparmaq, doğru qənaətə gəlmək üçün simvolik bir əhəmiyyət daşıyır. Çox güman ki, mən də öz müşahidələrimi aparıb, düzgün nəticə çıxaracam" deyən şair hələ millət, xalq üçün neçə-neçə faydalı əsərləri ərsəyə gətirmək ehtirası ilə yaşayır.
Elçin Mirzəbəyli yaradıcılığı özünəməxsus üslubu və dəst-xətti ilə seçilir. Klassik ədəbiyyatımızın, folklorun zəngin imkanlarından faydalanan yaradıcılığı dərin səmimiyyəti, xəlqiliyi və bədii-estetik kamilliyi ilə səciyyələnir. Onun vətənpərvərlik hisslərinin təlqin edilməsində və Vətənin yaddaşlara həkk olunan parlaq obrazının yaradılmasında xüsusi rolu vardır.Yaradıcılığında cəmiyyət üçün olduqca böyük əhəmiyyətə malik insani münasibətləri, milli-mənəvi dəyərləri və yüksək humanizmi əks etdirir. Bədii sözün hüdudsuz imkanlarından ustalıqla faydalanan şair müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində də uğura imza atıb.
Arzuladığı həyatı yaşayan Elçin Mirzəbəyli siyasətçi, redaktor, şair, rejissor kimi çoxşaxəli fəaliyyətini davam etdirməkdədir. O, cəmiyyətdə tutduğu mövqeyi, hörməti öz zəhməti, alın təri ilə qazanıb. Artıq birinci yarım əsri ləyaqətlə başa vurub, ikinci yarım əsrə qədəm qoyan dəyərli ziyalıya şəxsi həyatında və çoxşaxəli yaradıcılıq işində uğurlar diləyi ilə!
Yol alıb çıxıram 50 yaşımdan,
Əsrin yarısını qoyub gedirəm
Qoy bütün cəlladlar tamarzı qalsın...
Özüm öz dərimi soyub gedirəm.
50 yaşın mübarək, Elçin bəy!
"Olaylar"