Dekan müavini: “Ana dili millətin mənəvi diriliyidir"

"Ümumiyyətlə, insanın dil qabiliyyəti çoxlu suallar doğurur. Dilə yiyələnmə irsi amildən, mühitdən, davranışdan asılı olaraq bir neçə mərhələyə bölünür. Odur ki, ana dilində təhsil alanların digərlərinə nisbətən mədəni irsinə, keçmişinə daha bağlı olduğu müşahidə edilir".

"Ümumiyyətlə, insanın dil qabiliyyəti çoxlu suallar doğurur. Dilə yiyələnmə irsi amildən, mühitdən, davranışdan asılı olaraq bir neçə mərhələyə bölünür. Odur ki, ana dilində təhsil alanların digərlərinə nisbətən mədəni irsinə, keçmişinə daha bağlı olduğu müşahidə edilir".

"Olaylar" xəbər verir ki, bunu day.az-a açıqlamasında Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, "İntellekt times" qəzetinin təsisçisi və baş redaktoru Bənövşə Məmmədova deyib.

O bildirib: "Ali məktəblərə qəbul imtahanları başa çatdı. Beləliklə, bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında 15 nəfər 700 bal toplayıb. Bunu xatırlamağımız təsadüfi deyil. Çünki bu 15 nəfərin hamısı Azərbaycan bölməsinin məzunlarıdır, Azərbaycan dilində təhsil alıblar, Azərbaycan dilində düşünüblər. Dilin təfəkkürə təsiri çoxdan sübut olunub.  Və bunun nəticəsində söz ehtiyatının artırılması təhsilin əsas hissəsi üçün mühüm rol oynayır. Tədqiqatlara görə, orta məktəbi bitirən şagird 80 minə qədər söz bilir, bu, orta hesabla hər ilə 5000, gündəlik isə 13 sözün mənimsənilməsi deməkdir. Günümüzə qədər gəlib çatan Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Dilimizin yaşı 1300 ildən çoxdur. Müəyyən dövrlərdə tənəzzülə uğramış Ana dilimizdən müstəqilliyimizin bərpasından sonra yenidən vahid dövlət dili kimi istifadə olunmağa başlanılıb. 2001-ci ildən başlayaraq avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi latın qrafikasına keçidlə bağlıdır. Tarixin bütün dönəmlərində "Ana dili"nin tədrisi yalnız linqvistik mənada deyil, sözün qiymətini, onun insana təsir etmək xüsusiyyətlərini, şagirdin təfəkkürünü, şəxsiyyət kimi inkişafını nəzərdə tutub. Məktəblərimizdə dil və ədəbiyyat dərslərinin tədrisi şagirdlərin mənəvi cəhətdən kamilləşməsində, daxilən zənginləşməsində böyük rol oynayır. Buna görə də "Ana dilinin tədrisi" deyərkən yalnız dilin fonetikası, morfologiyası, sintaksisi deyil, bədii sözün imkanları, insana təsir etmə keyfiyyətləri də nəzərdə tutulur. Firudin bəy Köçərlinin təbirincə desək, "Ana dili millətin mənəvi diriliyidir... Ananın südü bədənin mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31