Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışıb
Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır.
9 Avqust 2017 16:00 SosialBu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. Hazırda da dövlət tərəfindən mətbuatın inkişafı, eləcə də jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Hüquqşünas Mahir Seyidov deyir ki, Azərbaycanda mediaya, o cümlədən jurnalistlərə qayğı ənənəsi uzun illərdən bəri formalaşıb. Lakin ümumilli lidüer Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu ənənə daha da inkişaf etdirilib. Hazırda da sözügedən ənənə davam etdirilməkdədir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir: "Xatırladaq ki, hələ 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş "Məlumat Azadlığı haqqında" Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş "Kütləvi informasiya vasitələri haqqında" Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş "İnformasiyanın əldə edilməsi haqqında" Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər. Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. "Televiziya və radio yayımı haqqında" qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq, teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir". Onun sözlərinə görə, paralel olaraq 2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında" fərman imzalanmışdır. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sosioloq Fəqan Mirzəyev bildirib ki, ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ardıcıl olaraq sistemli şəkildə addımlar atılır. Görülən tədbirlər qanunvericilik sahəsinin təkmilləşdidirlməsindən tutumuş praktiki fəaliyyətə qədər ən müxtəlif sahələri əhatə edir: "İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur. Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir". O,əlavə edib ki, həyata keçirilmiş monitorinqlər göstərmişdir ki, KİV-in iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq, onların maddi-texniki bazalarının zəif olması aktual problemlərdəndir: "Həmçinin KİV-də qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların təhqir və şantaj edilməsi, onların şərəf və ləyaqətinin alçaldılması faktlarının mövcudluğu jurnalistlərin peşəkarlığının artırılması sahəsində əməli tədbirlər həyata keçirilməsini zərurətə çevirmişdir. Göstərilən problemləri aradan qaldırmaq və KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-in müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirməkdir. Nəzərdə tutulmuşdur ki, Konsepsiyanın implementasiyası KİV-in iqtisadi müstəqilliyinin güclənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına və hal-hazırda müşahidə olunan problemlərin aradan qalxmasına güclü təkan verəcək".
Məhz görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur. 1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 9 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçid başa çatdırılmışdır. Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 23 mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir