Piyada ölümlərinin sayı artır

Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib.

İnzibati və maarifləndirmə tədbirləri də səmərə vermir

Ölkədə yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilməkdədir. Xüsusən, ölüm hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsilə yanaşı, əməli praktiki işlər də reallaşdırılıb. Paytaxt Bakının küçələrində xeyli sayda yeraltı və yerüstü keçidlər inşaa edilib, insan həyatı üçün təhlükəli hesab olunan ərazilərdə işıqforlar quraşdırılıb, piyada zolaqları çəkilib. Məsələ orasındadır ki, əksər insanlar yol-hərəkət qaydalarına düzgün riayət etmədiklərindən ölüm hallarının sayı artmaqda davam edir. Rəsmi statistik məlumata görə, yol-nəqliyyat hadisələrinin 40 faizdən artığını piyadaların vurulması təşkil edir ki, nəticədə yüzlərlə piyada həlak olur, yaralanır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov piyadalarla bağlı qəzaların artma səbəbini şərh edib. Şöbə rəisi bildirib ki, piyadaların vurulması hadisələri keçən il 62 faiz olubsa, bu il 67 faizə qalxıb: "Bu çox ciddi narahatçılıq doğurur.  Belə hadisələrin sayının azaldılması üçün əlavə və zəruri tədbirlərin keçirilməsi planlaşdırılır". V.Əsədovun sözlərinə görə, piyadaların ölümü ilə nəticələnən qəzalara səbəb kimi sürücü səhlənkarlığı və diqqətsizliyini, eyni zamanda piyadaların özlərinin məsuliyyətsizliyini göstərmək olar: "Təəssüflər olsun ki, piyadaların vurulması və ölümü ilə bağlı hadisələr piyada, yeraltı keçidlər yaxınlığında baş verir. Amma sürücü səhlənkərlığı və piyada diqqətsizliyi yol-qəza hadisələrinin yaranmasına səbəb olur. Bu da bizim mentalitetimizlə bağlı olan təhlükəli vərdişlərə adət etməyimizdən irəli gəlir. Bəzi hallarda qadağan olunmuş yollardan keçmək piyadaların həyatı bahasına başa gəlir. Bu baxımdan mövzuya daha çox yer ayırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ailə başçılarımız, gənclərimiz, azyaşlılar, ahıllar yol qəzalarında dünyasını dəyişir. Mütəmadi olaraq maarifləndirmə, təbliğat işlərinin aparılmasına baxmayaraq, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hələ də kütləvi xarakter daşıyır. Hər gün də piyadaların vurulması ilə bağlı qəzalar baş verir. Çox sayda yeraltı, yerüstü keçidlər olsa da, vətəndaşlar həyatlarını təhlükə altına atırlar. İstər şəhər mərkəzində, istər şəhər kənarlarında, hətta rayonlararası sürət həddinin yüksək olduğu yollarda belə, piyadalar qanunla qadağan olunmuş yerlərdən yol keçirlər. Nəticədə zərərçəkən də özləri olur".V.Əsədov qeyd edib ki, piyadaların vurulmasında onların özlərinin təqsiri az deyil: "Piyada keçidlərinin olmasına baxmayaraq bir sıra hallarda vətəndaşlar keçidlərdən istifadə etmirlər. Bununla onlar həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükədə qoyurlar. Əlbəttə, sürücülər də diqqətli olmalıdır, bilməlidir ki, piyadalar arasında zəif görənlər, zəif eşidənlər var. Sürücülər yol hərəkəti qaydalarına riayət etməklə piyadanı vurmamaq üçün bütün zəruri tədbirləri görməlidir. Təəssüflər olsun ki, bəzi sürücülər sürət həddini aşırlar. Nəticədə isə xoşagəlməz mənzərə ortaya çıxmış olur". "Avtosfer.az"ın baş redaktoru Elməddin Muradlı deyib ki, piyadaların ölüm hallarının artmasına səbəb ilk olaraq, avtomobillərin təhlükəsizlik elementləri ilə bağlıdır: "Avtomobildə tormoz sistemi və digər avadanlıqların standartlara uyğun olması vacib şərtlərdən biridir. Amma ən vacib şərt avtomobilin düzgün idarə olunmasıdır. Yalnız yol hərəkəti qaydalarına əməl etməklə yol qəzasından xilas olmaq olar". O, bildirib ki, "Yol hərəkəti haqqında " qanuna mütləq yenidən baxılmalı və orada olan boşluqlar aradan qaldırılmalıdır: "Ümumilikdə isə avtomobili qaydalara uyğun idarə etmək və başqalarına problem yaratmamaq lazımdır. Bu gün bəzi sürücülər müxtəlif qayda pozuntularına yol verir, təhlükələr yaradır. Ona irad tutanda da deyir ki, "özüm bilərəm".  Əgər həmin şəxslər dərk etsə ki, belə etmək olmaz, onda bizim problemimiz olmayacaq.  Həmin şəxslərə başa salmaq lazımdır ki, sənin səhvindən ötrü başqaları həyatını itirə, ömürlük şikəst ola bilər.  Düşünürəm ki, insanlar qanunlara uyğun şəkildə avtomobili idarə etsə, ölüm halları da olmayacaq".

Rəsmi dövlət qurumunun açıqlamasından bəlli olur ki, insanların avtoqəzalara səbəb ola biləcək hərəkətlərindən çəkindərmək üçün aparılan maarifləndirmə işi və həyata keçirilən inzibati tədbirlər  yetərli deyil. Ekspertlər isə hesab edirlər ki, piyadaların kütləvi hərrəkət etdikləri ərazilərdə piyada keçidinin olmaması vətəndaşlar üçün ciddi problemdir. Piyada keçidləri olmadığı halda insanların çoxu bu uzun məsafəni qət etməməmk üçün təhlükəli yolu ayaqla keçmək istəyir. Elə buna görə paytaxtda piyada ölümünün sayı artmaqda davam edir. Ümumiyyətlə yol hərəkəti təşkil olunarkən bütün iştirakçıların fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilməlidir. Yol hərəkətinin ən kütləvi iştirakçıları piyadalar olduğundan onlar üçün hər cür şərait yaradılmalıdır.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31