Qaçqınkomda yoxlamalara start verildi
9 Avqust 2017 15:09 SosialQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yoxlamalara start verilib. "Olaylar"a daxil olan məlumata görə, audit tədbirlərinin başlanmasına səbəb kimi sözügedən Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi göstərilir. Bu hadisədən sonra N.Allahverdiyevin bahalı maşın kolleksiyası və ona məxsus avtomobillərin fantastik həddə olan qiymətləri barədə məlumat yayılmışdı. İddiaya görə, Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi təyinatı üzrə deyil, şəxsi tələbatın ödənilməsinə yönəlib.
Xatırladaq ki, bir müddət öncə Hesablama Palatasının DK-da apardığı nəzarət tədbirləri zamanı da külli miqdarda yeyinti faktları aşkar edilmişdi. Yeyinti faktları DK-nın və tabeliyində olan 4 qurum üzrə ümumilikdə 560,2 mln. manat məbləğində vəsaiti əhatə edirdi. Müəyyən edilmişdi ki, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə işıq nöqtələrinin sayı, müntəzəm süpürülən sahə, tullantıların daşınması üzrə marşrut, təmir olunacaq bina və mənzillərin qüsur aktları və titul siyahısı tərtib edilməyib, nəticədə artıq vəsait ödənişinə yol verilib.