O 4 yaşlı zorlanan qız mənəm, sənsən, bizik
Yəqin özünüz də görürsünüz ki, son vaxtlar dünyada və ölkəmizdə o qədər hadisə baş verir ki, insanları təəccübləndirmək çox çətindir. Oğul anasını, ata uşağını öldürür, ana balasını zəhərləyir... Nə bilim ey, say-say qurtarmaz. Artıq bu kimi hadisələr media üçün, sadəcə, xəbərə çevrilib. Cəmiyyəti isə o hadisələrin dəqiqliyinə inandırmaq çətin deyil, heç buna mənbə də lazım deyil, xəbərin təsdiqini gözləmirlər belə. Çünki dediyim kimi, bu hadisələr adiləşib, çoxalıb, yaxınlaşıb. Bayaqdan ancaq uzaq bir kənddə, yadın evində baş verənlər bu gün öz evimizdə, qonşumuzun, qohumumuzun evində baş verir.
4 Avqust 2017 16:30 SosialYəqin özünüz də görürsünüz ki, son vaxtlar dünyada və ölkəmizdə o qədər hadisə baş verir ki, insanları təəccübləndirmək çox çətindir. Oğul anasını, ata uşağını öldürür, ana balasını zəhərləyir... Nə bilim ey, say-say qurtarmaz. Artıq bu kimi hadisələr media üçün, sadəcə, xəbərə çevrilib. Cəmiyyəti isə o hadisələrin dəqiqliyinə inandırmaq çətin deyil, heç buna mənbə də lazım deyil, xəbərin təsdiqini gözləmirlər belə. Çünki dediyim kimi, bu hadisələr adiləşib, çoxalıb, yaxınlaşıb. Bayaqdan ancaq uzaq bir kənddə, yadın evində baş verənlər bu gün öz evimizdə, qonşumuzun, qohumumuzun evində baş verir.
Bu dəfə isə heyrətləndik, inanmaq istəmədik. Oturub xəbərin təsdiqini gözlədik. Az qala əl açıb yalvardıq, dua etdik ki, bu xəbər yalan olsun. Şair demiş, bir qırıq da olsa ümid vardı. Ancaq təəssüf ki, o xəbər təsdiqini tapdı. Aydın oldu ki, həqiqətən də, Naxçıvanda 23 yaşlı oğlan 4 yaşlı qız uşağını zorlayıb... 4 yaşlı uşağı!!!
...Nəfəsimi dərirəm. Başqa cür mümkün deyil.
Hə... insanlar narahatdır, çox narahatdır. Analar artıq qız övladı dünyaya gətirməyə qorxurlar, onu qoruya biləcəklərindən əmin deyillər. Ancaq olmaz, bu hadisə mənim, sənin qızının başına gələnə qədər gözləmək olmaz. Doğrudur, cəmiyyət mənəvi deqradasiyaya uğrayıb, doğrudur, qadının, qızın başına gələn istənilən hadisədə məhz onun özünü günahkar bilirlər. Haqsızammı? Bu günə qədər gündəmə gələn yeniyetmə və gənc qızların zorlanmasında günahkar o qızların özləri çıxarılmayıbmı? Əsasları da bu olub: inək göz eləməsə, kələ sıçramaz.
Bəs biz nə etdik, bəs biz nəyi gözləyirik? Növbənin bizim qızımıza çatmağınımı? Gec olmayacaqmı? Gec deyilmi?
Ötən ilin iyul ayında "Hürriyyet" qəzetinin köşə yazarı Ayşe Armanın "Ölünün dili yok, ama benim var" adlı yazısı dərc olunmuşdu. 7 il bundan əvvəl təcavüz edilərək öldürülən 15 yaşlı bir qızın hekayəsini danışırdı. Özü də necə... Adamın nəfəsi kəsilirdi oxuduqca.
15 yaşlı qızı sosial şəbəkədə tanış olduğu oğlan iki dostuyla bir yerdə qaçırır, bir evə qapayır, içki içirdir, narkotik verir və səhərə kimi təcavüz edirlər. Bu da bəs etmirmiş kimi bu balaca qızın ağzını-burnunu, sür-sümüyünü qırıb bir tərəfə atırlar. Qız bu vəhşiliyə dözmür və ölür.
Qızın ölü bədənindən spermaları axsın deyə onu yuyundurub bir çöllüyə atırlar, arılar uçuşan bir çöllüyə. Arılar başına yüz oyun gətirilmiş bu qızcığazı tanınmaz hala salsınlar deyə...
Onun cəsədi 10 gün sonra tapılır, amma qızcığaz artıq tanınmaz hala düşmüşdü. Həmin günlərdə bir fahişənin də cəsədi axtarılırdı və Sezginin də bədənində üç ayrı sperma tapılınca onu elə həmin axtarılan fahişə hesab edirlər. Fahişənin isə canının heç bir dəyəri yox idi... Nə bədənindəki qırıqlar, nə də içki, narkotik qeydə alınır və kimsəsizlər qəbiristanlığında dəfn edilir.
Sezginin bacısı isə bu işi belə qoymur, vicdanlı və peşəkar qadın vəkil tapır. Vəkil qızın qatillərini tapsa da, məhkəmə detalları yetərsiz sayaraq onları sərbəst buraxır. Ancaq Sibel Önder adlı bu cəsarətli xanım 7 il mübarizə aparır və haqq yerini tapır.
Ayşe Arman bu savaşda haqq naminə vuruşan bütün qadınları alqışlayaraq yazmışdı ki, Sezgi kimsəsiz deyil, Sezgi artıq hamımızıq, ölünün dili yoxdur, amma bizim var.
Baxın indi biz deməliyik ki, o 4 yaşlı zorlanan qız bizik, bizim qızımızdır. Tək qadınlara səslənmirəm mən. Evində qız uşağı böyüdən atalara, babalara, qardaşlara da səslənirəm: növbənin sizin qızınıza, balanıza çatmağını gözləməyin.
Türkiyəli tarixçi İlber Ortay bir dəfə yaxşı sual qoymuşdu ki, niyə din deyəndə adamların ağıllarına qadın və içki gəlir, bu ölkənin əsas problemi oğurluq, təcavüz və ədalətsizlik deyilmi?
Din, iman, Allah adının ağızlardan düşmədiyi, hər saatbaşı əxlaqın qadına xatırlandığı bu ölkədə, o ölkədə hər gün neçə-neçə qadın öldürülür. Təcavüz də edilir, sümüyü də qırılır, hələ bir başı da kəsilir. Ancaq hələ də "əxlaqsız" sözü ancaq və ancaq qadına aid edilir, onların ətəyində, saçında-başında, ənlik-kirşanında "namus" axtarılır... İndi sizdən soruşuram: ən böyük namussuzluq 4 yaşlı uşağı zorlamaq deyilmi?! Sizdən cavab gözləmirəm, cavabını özüm də yaxşı bilirəm.
Sevinc Fədai
Milli.Az