Azərbaycanda fikir, söz və məlumat azadlığının qarantı dövlət başçısıdır

Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələrinin inkişafı, mətbuatın normal qaydada fəaliyyət göstərməsi üçün dövlətin bu sahəyə yardımı, diqqət və qayğısı zəruridir. Mətbuata dövlət qayğısı olmadan, onun inkişafına yönəlik addımlar atılmadan indiki dövrdə kütləvi informasiya vasitələrinin normal qaydada fəaliyyəti bir qədər mümkünsüz, çətin olur.

Günel Səfərova: "Azərbaycan jurnalistikasının inkişafı, bütün azadlıqların təmin olunması, minlərlə mətbuat orqanının qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərməsi dövlətin söz və məlumat azadlığının təmin olunması istiqamətində atdığı addımların real nəticəsidir"

Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələrinin inkişafı, mətbuatın normal qaydada fəaliyyət göstərməsi üçün dövlətin bu sahəyə yardımı, diqqət və qayğısı zəruridir. Mətbuata dövlət qayğısı olmadan, onun inkişafına yönəlik addımlar atılmadan indiki dövrdə kütləvi informasiya vasitələrinin normal qaydada fəaliyyəti bir qədər mümkünsüz, çətin olur. Sevindirici haldır ki, Azərbaycanda bu istiqamətdə müsbət tendensiya müşahidə edilir. Ölkədə kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsində maraqlı olan Azərbaycan dövləti müntəzəm olaraq bu sahədə atmış olduğu addımlarla medianın inkişafına təkan verir, ona stimul yaradır. Təkcə son on ildən artıq bir müddətdə mətbuata göstərilən diqqət və qayğıya nəzər yetirdikdə bunun əyani şahidinə çevrilirik. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına dair Konsepsiyanın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli yaşayış binalarının tikilərək media nümayəndələrinə pulsuz paylanması, müntəzəm olaraq qəzetlərə birdəfəlik maddi yardımın ayrılması deyilənlərin sübutudur.  Elə Vətəndaş İctimai Birliyinin icraçı direktoru Günel Səfərova da bu qənaətdədir ki, günümüzdə mətbuata, kütləvi informasiya vasitələrinə dövlət qayğısı kifayət qədər böyükdür. Onun sözlərinə görə, dövlət və onun prezidenti ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətində də müntəzəm olaraq məqsədyönlü addımlar atır: "Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının qarantı elə dövlət başçısıdır. Jurnailstlər təsadüfən Prezident İlham Əliyevi bir neçə dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görməyiblər. Məhz Prezidentin tapşırığı ilə Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu fond media nümayəndələrinin əməyinin stimullaşdırılmasında mühüm rol oynayır. Ölkə başçısının son açıqlamasında dövlət və ictimai əhəmiyyətli bir çox xəbərləri mətbuatdan, qəzetdən əldə etdiyini deməsi də medianın cəmiyyətdəki proseslərdə iştirak dərəcəsinin yüksək olduğundan xəbər verir. Prezidentin azad sözə dəyər verdiyini mətbuat vasitələrinə maliyyə yardımı ayırması və medianı özünün dostu adlandırması fonunda açıq görmək olur. Azərbaycan jurnalistikasının inkişafı, bütün azadlıqların təmin olunması, minlərlə mətbuat orqanının qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərməsi dövlətin söz və məlumat azadlığının təmin olunması istiqamətində atdığı addımların real nəticəsidir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında müsbət rol oynayır. Ölkə başçısının humanist addımlarını nəzərə alan mütəxəssislər də bəyan edirlər ki, artıq jurnalistikanı özünə peşə seçən hər bir vətəndaş onun arxasında Azərbaycan dövlətinin, onun prezidentinin dayandığını görür, bu da insanları dövlət başçısı ətrafında daha sıx birləşdirir. Əlbəttə, xalqla hakimiyyətin birliyi, insanların öz prezidentinə inamı ölkəmiz üçün ağrılı olan problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynayacaq. Bu məsələdə, şübhəsiz, media mənsublarının dövlət başçısının yanında olması qarşıya qoyulan məqsədlərə çatmağa da birbaşa yardım göstərir". Təşkilat sədri qeyd edib ki, zaman-zaman mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olunur: "Bu günlərdə Prezident İlham Əliyevin jurnalistlər üçün növbəti 255 mənzilli binanın inşasına başlamaq üçün sərəncam verməsi, habelə, siyasi mənsubiyyətindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən qəzetlərə 1 milyon manat birdəfəlik vəsaitin ayrılması mətbuat üçün yaradılan imkanlardandır. Artıq müvafiq media qurumlarının iştirakı ilə reklam bazarına əlçatanlığın təmini ilə bağlı müəyyən müzakirələr də aparılır. Hər şey kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin təmininə hesablanıb. Çünki müstəqil media hər zaman cəmiyyətdə gedən prosesləri düzgün istiqamətləndirmək gücündə olur, onun sözünün etibarlılığı həm də sabitliyin təmin olunmasına fayda verir. Prezident İlham Əliyev də bildirir ki, azad mətbuatın inkişaf etməsi üçün jurnalistin iqtisadi cəhətdən təminatlı olması vacibdir. Çünki bütün inkişaf etmiş ölkələrdə jurnalistlər lazımi şəraitdə yaşayır. Müstəqil Azərbaycan da məhz bu hədəflər istiqamətində hərəkət edir. Bu gün respublikamızda çoxlarının ağlına gəlməyən "Jurnalistlər şəhərciyi" fenomeni yaranmaqdadır. Ölkə rəhbəri jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə də əlavə tədbirlərin görüləcəyi anonsunu verdi. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət azad medianın inkişafı yolundakı maneələri aradan qaldırmaqda israrlıdır. Yetər ki, media da üzərinə düşən missiyanı layiqincə yerinə yetirsin". Günel Səfərova Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə Azərbaycanı hədəf seçməsinə də toxunub. Bildirib ki, burada Azərbaycanın çoxlarının gözləmədiyi sürətlə inkişaf etməsi faktorunun özünəməxsus təsiri var: "Bəzi siyasətçilər hətta açıq şəkildə "çox sürətlə inkişaf edirsiniz, sürətinizi yavaşıdın" mesajını verirdilər. Dünyada mövcud olan ikili standartlar, din, geosiyasi maraqlar da indiki münasibətin üzə çıxmasında az rol oynamır. Bu gün beynəlxalq miqyasda müstəqil inkişaf edən, asılı olmayan ölkələri sevmirlər, onlara Ermənistan kimi boyunduruq altına girməyi xoşlayan satellit dövlətlər lazımdır. Ona görə də Azərbaycan dövləti ilə yanaşı ölkə jurnalistləri də bu məsələlərdə həssas olmalıdırlar. Görürsünüz ki, erməni işğalı nəticəsində yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan bir milyondan artıq soydaşımızın taleyi Avropa Parlamenti kimi qurumları narahat etmir. Amma dövlət əleyhinə bəyanatlar verən, milli maraqları satanların hüquqlarının müdafiəsi üçün müstəqil dövlətə müxtəlif yollarla təzyiq etməkdən belə çəkinmirlər. Bunun bir adı var: ikili standart. Siyasi riyakarlıq artıq böyük dövlətlər və beynəlxalq təşkilatların gündəliyində aparıcı statusa yiyələnməkdədir. Ona görə də biz tez-tez dünya mətbuatının öz missiyasını kənara qoyaraq, transmilli şəbəkələr və böyük güclərin maraqlarının ifadəçisinə çevrildiyini görürük. Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır və təşkil edilən bu kampaniyalar konkret məqsədlər güdür. Bu baxımdan Azərbaycan mediası ölkəmizi xarici təsirlərdən qorumaq üçün prinsipial mövqe nümayiş etdirməlidir. Biz informasiya məkanımızı qorumalıyıq, çünki dövrümüz internet dövrüdür. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə müxtəlif məsələlərlə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürlər. Hansısa bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Belə bir vəziyyətdə milli jurnalistika vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır". Azərbaycan mediasının gələcəyinə gəlincə, Günel Səfərova qeyd edib ki, onların bir qismini Prezident İlham Əliyev jurnalistlərə mənzillərin paylanması mərasimində çıxış edərkən diqqətə çatdırdı: "Media obyektiv, qərəzsiz olmalı, həqiqəti ifadə etməli, vətənpərvər, məsuliyyətli davranmalıdır. Mətbuat nümayəndələri lazımi yerdə lazımi məqamda özlərinə "dur" deməyi bacarmalıdırlar. Çünki qələm onların əlində, vicdan isə beyinlərindədir. Əgər media ölkə başçısının da dediyi kimi, ikinci hakimiyyət mənəvi statusuna yiyələnmək istəyirsə, jurnalist peşəkarlığını şərtləndirən prinsiplərə əməl etməyə borcludur. Jurnalistikamız təsir gücünü lokal çərçivədən çıxararaq regional və beynəlxalq müstəviyə keçirməlidir. O zaman Azərbaycan həqiqətləri dünyada daha tez və effektiv yayılacaq. İslamafobiya meyilləri azalacaq, ölkəmizin əleyhinə kampaniyalar aparan QHT şəbəkəsinin fəaliyyətinə zərbə dəyəcək. Bunun üçün bizə maraqlı olan ölkələrdə internet saytlarının, qəzetlərin, jurnalların yaradılmasına ciddi ehtiyac var. Müasir medianın sosial şəbəkə və onlayn imkanları Azərbaycan dövlətçiliyinin düşmənlərinə qarşı səfərbər edilməlidir. Bu istiqamətdə fəaliyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalançı erməni təbliğatının da ifşa edilməsinə gətirib çıxaracaq. Jurnalistika xəbər yayımçılığı ilə kifayətlənməməli, araşdırma, tədqiqat xarakterli materiallarla dünya arenasına çıxmalıdır. Buna nail olunarsa, Prezident İlham Əliyevin mətbuatla bağlı səsləndirdiyi əsas vəzifələrin həyata keçirilməsi də artıq real xarakter alacaq".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31