“Media ancaq dövlətin yanında güclü və yenilməzdir”

Ölkəmizdə söz, mətbuat azadlığının dünəni, bu günü və gələcəyi haqqında “Bakı  xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə birgə nəzər saldıq. Söhbətimizə  ilk olaraq ölkəmizdə söz və mətbuat azadlığını tarixinə nəzər salan Aydın müəllim qısa olaraq mətbuatımızın 142 illik tarixi, keşməkeşli yoluna işıq saldı.

Aydın Quliyev: "Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlətçi olmayıb"

Ölkəmizdə söz, mətbuat azadlığının dünəni, bu günü və gələcəyi haqqında "Bakı  xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevlə birgə nəzər saldıq. Söhbətimizə  ilk olaraq ölkəmizdə söz və mətbuat azadlığını tarixinə nəzər salan Aydın müəllim qısa olaraq mətbuatımızın 142 illik tarixi, keşməkeşli yoluna işıq saldı.

Aydın müəllim bildirdi ki, 142 ildə Azərbaycanda media böyük yol keçib. Heç zaman da indiki qədər dövlətçi, vətənpərvər, peşəkar olmayıb. Bu mənada indiki medianın azadlıq göstəricilərini mətbuat tariximizdə yüksək nəticələrdən biri saya bilərik. Tarixə ötəri baxsaq, bunu daha dəqiq görə bilərik. İlk milli mətbuat nümunəmiz "Əkinçi" yarananda "milli" deyilən mətbuatın inkişafından və buna dövlət dəstəyindən söhbət gedə bilməzdi. Çünki Çar Rusiyası hökuməti bunda maraqlı deyildi və hər addımda çalışırdı ki, "Əkinçi"nin timsalında milli ənənələrin möhkəmlənməsinin qarşısını alsın. Alırdı da. Cəmi 56 saydan sonra qəzeti bağladılar. Bir hökumət ki, ilk milli mətbu orqanını qapatdı, o hökumət söz və mətbuat azadlığında maraqlı olardımı? Təbii ki, yox.

Sonra Cumhuriyyət dövründə ümid vardı ki, mətbuat və söz azadlığı daha da inkişaf edəcək. Ancaq o dövlətin ömrü qısa olduğu üçün proses irəli getmədi. Necə deyərlər, ADR dövründə söz və mətbuat azadlığı deklorativ xarakter daşıyırdı. Sovet dövründə milli media, söz və mətbuat azadlığından heç söhbət gedə bilməzdi. Çünki əsas məqsəd medianı azad etmək yox, onu ideoloji qəlibə salmaq idi. Azərbaycanda söz və mətbuat azadlığı əsl proses kimi müstəqillik dövründə başladı. Xüsusilə də 93-cü ildə başlayan Heydər Əliyevin ölkəni stabilləşdirmək kursu hər sahədə, o cümlədən mətbuat sahəsində də dayanıqlı proseslərə zəmin yaratdı. Çoxlu sayda hüquqi aktlar qəbul edildi, yeni Konstitusiya təsdiqləndi. Hansılarda ki, söz və mətbuat azadlığı qanuni əsaslarla təsbit olundu. Əvvəlcə hüquqi müstəvidə başlayan söz və mətbuat azadlığına təminat siyasəti zaman keçdikcə dövlətin real dəstək formalarını almağa başladı. Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə ən səmərəli mexanizm kimi özünü təsdiqləyir.

Azərbaycanda söz və mətbuat azadlığına azı üç aspektdən baxmaq lazımdır. İlk olaraq dövlət və hökumətin nöqteyi nəzərindən yanaşaq, bu istiqamətdə daim özünü göstərən dinamizm var. Dövlət söz və mətbuat azadlığına təminat verən qanunvericilik aktlarını daim yeniləyir. 2002, 2008, 2014-cü illərin Konstitusiya dəyişikliklərində söz və mətbuat azadlığı ilə bağlı maddələr yeniləşdirilib. Başqa qanunlarda da dəyişikliklər fasiləsiz aparılır. KİV haqqında, məlumat əldə etmək, informasiya, informasiya araşdırma və informasiyanın mühafizəsi haqda, vətəndaşların müraciətləri və digər qanunlarda bir neçə dəfə yenilənmələr edilib. Bir sözlə, məsələ qanunvericilik təminatı ilə dinamik dəyişmə halındadır.

Söz və mətbuat azadlığına cəmiyyətin nöqteyi nəzərindən də baxmaq lazımdır. Cəmiyyət indi özü də söz və mətbuat azadlığına dəyər verməyi bacarır, onun keşiyində dayanmaq istəyir. Hər halda cəmiyyət fərqindədir ki, sovet dövrünün standart və qupquru cümlələr toplusu kimi çıxan "Kommunist" qəzeti darıxdırıcı idi, ancaq indi çox azad təfəkkürün məhsulu olan qəzet və onlayn media orqanlarını izləmək "Kommunisti" oxumaq kimi cansıxıcı deyil. Bir vaxtlar cəmiyyətimizə desəydiniz ki, söz və mətbuat azadlığı məhz daha çox sənə lazımdır, cəmiyyət buna izahlar istəyərdi ki, bu necə olur. Yəni hələ inana bilmirdi ki, mətbuatda söz azadlığı onun problemlərinin həlli yolunda çox zəruri ilk mərhələdir. Problem barədə yazılmasa, deyilməsə o neçə həll oluna bilər ki?!

İndi cəmiyyət söz və mətbuat azadlığının məhz ona lazım olduğuna inanır, bunun nəticələrini görür. Yəni cəmiyyətin özü də söz və mətbuat azadlığının əsas təminatçılarından birinə çevrilib. Cəmiyyət mətbuat azadlığına dinamik şəkildə dəstək verir.

Nəhayət söz və mətbuat azadlığına medianın öz bucağından baxmaq lazımdır. Bir vaxtlar mediamız söz azadlığının təminatçısı ola bilmirdi, zəif idi. Ancaq indi media o qədər güclüdür ki, söz və mətbuat azadlığına təminatçı kimi çıxış edə bilir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev medianı ikinci hakimiyyət, jurnalistləri özünün köməkçisi adlandırıb.

Bir sözlə, Azərbaycanda söz və mətbuat azadlığı idarə olunan bir dinamizm içindədir. Bu dina-mikanın içində hər şey mətbuatla bağlı yeniləşir, dəyişir... Bu çox yaxşı tendensiyadır.

Bəzi dövlət qurumlarından informasiya əldə etməkdə çətinliklərin olduğu hər kəsə məlumdu. Sərbəst informasiya əldə etmək üçün bu günə qədər əldə olunan uğurları xatırlayan Aydın müəllim bir qədər keçmizə nəzər saldı.

Hər halda bu sahədə də müsbət dinamika var. Bir zamanlar mətbuatla həvəslə işləyən bir-iki dövlət qurumu var idi. Çoxları sanki mətbuatla əməkdaşlıqdan, mətbuata məlumat verməkdən qaçırdılar. Bunun bir tərəfdən günahkarı mətbuat özü idi, digər tərəfdən isə dövlət qurumlarının rəhbərləri günahkar idilər, bir növ özlərini mətbuatdan təcrid edirdilər. Mətbuatın günahı belə idi ki, sensasiyabazlıq, şişirtməçilik, kampaniyaçılıq, şərbazlıq, qərəzçiliyə meylli media orqanları sayca çox idi, belə jurnalistlər də çox idi. Razılaşaq ki, dövlət qurumlarının təmsilçiləri bu yolun yolçusu olan media və jurnalistlərin gözünə görünmək istəmirdilər. Kim görünmək istəyər ki?! Bu dövrdə dövlət qurumları daha üstün qaydada medianı məhkəmələrə çəkirdilər, nəinki əməkdaşlıq edirdilər. Sonra zaman-zaman media-dövlət qurumları münasibətləri dəyişməyə başladı. Dövlət qurumlarının mətbuat xidmətləri rəsmiləşdirildi, media ilə əməkdaşlıq üçün onlara tapşırıqlar verildi. Müstəqil qəzetlərdə dövlət qurumlarının rəsmi məlumatları görünməyə başladı, hətta dövlət qurumlarının rəhbərləri müstəqil medialara müsəhibələr verdilər. Tədricən isinişmə, qarşılıqlı inam, etimad yarandı. Razılaşaq ki, bu işdə KİV DF-nin müstəsna rolu var. KİV DF-nin onlarla baş redaktor və jurnalistləri bölgələrə, Bakı rayonlarına aparması, icra hakimiyyətləri, hətta nazir və komitə sədrləri ilə görüşdürməsi, birgə müzakirələrin aparılması fövqəladə nəticələr verən tədbirləri oldu. Əvvəllər icra başçıları media rəhbərləri ilə görüşməyə çətinliklə razı salınırdı. İndi özləri görüş üçün təşəbbüs göstərir, KİV DF-nin rəhbərinə müraciət edirlər. Dövlət qurumları ilə medianın münasibətlərində keçmişə aid bir ağrılı təzahür də var idi. Bu da onların qeyri-şəffaf, qeyri-işgüzar əməkdaşlıq münasibətində olmaları idi. Yəni bəzi dövlət məmurları bəzi mətbuatları çirkin şəkildə gizli himayə edir, gizli maliyyələşdirir, öz rəqiblərinin üstünə yönəldirdilər. Bilirsiniz, jurnalistlər əl buyruqçusuna, alətə çevrilirdilər. Bu çox pis hal idi və nə yaxşı ki, keçmişdə qaldı. İndi medianın, jurnalistəliri himayə etmək, maliyyələşdirmək missiyasını dövlət, KİV DF öz üzərinə götürdü. Nəticədə o haqqında danışdığımız natəmiz meyillər sıradan çıxdı.

Bir sözlə, dövlət qurumları ilə medianın informasiya vermək əlaqələri də dinamik proses şəklini alıb. İndi mətbuatla açıq işgüzar əməkdaşlıq edən dövlət qurumları sayca daha çoxdur, çoxalaraq gedir. Yəqin çox qısa bir zamandan sonra mətbuata məlumat verməyən dövlət qurumu qalmayacaq. Mətbuatla əməkdaşlıqdan yayınan dövlət qurumlarının adlarını, mətbuat xidmətlərinin adlarını hərdən mətbuatda açıq hallandırsanız, bu həmin prosesi xeyli sürətləndirər. Mətbuatın qınağı, həm də təəssübkeş qınağı sox təsirli silahdır. Kimsə ona duruş gətirə bilməz.

Mətbuatımızda milli dövlət maraqlarının nə dərəcədə qorunmasına nəzər salan Aydın müəllim bildirdi ki, Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlətçi olmayıb. Bu istiqamətdə də çox pis vəziyyətdən başlamışıq.

Məsələn, illər öncə jurnalistlərin böyük əksəriyyəti peşə marağı ilə dövlət mənafelərinin sərhəd-lərini dəqiq şəkildə ayıra bilmirdi, ya da ayırmaq istəmirdilər. Hətta "mənim peşə mənafeyim dövlət mənafeyindən üstündür" deyə düşünənlər var idi. Mən demədən də siz özünüz əminsiniz ki, bu gün fərqli mənzərə var. "Mənim üçün dövlət mənafeyi dövlətdən üstündür" deyən olsa onu ilk növbədə jurnalistlər özləri "daş-qalaq" eliyər, utandırarlar onları. Dövlətçi olmaq, indi jurna-listlərimiz üçün qürur mənbəyinə çevrilib. Dövlətdən maddi-mənəvi dəstək, himayə, pul, əvəzsiz ev alan jurnalist başqa cür necə düşünə bilər ki?! Bu mümkün deyil. Bir vaxtlar xarici ölkələrdən himayə olunan media orqanlarımız var idi. İndi onların heç biri yaşamır, yaşaya da bilməz. Döv-lət mənafelərini qorumayan, dövlətlə birgə olmayan media yaşaya və güclü ola bilməz. Media ancaq dövlətin yanında güclü və yenilməzdir. Başqa "mərkəzlərin" yanında duran media nəinki güclü ola bilməz, hətta xəyanətkar olar.

Mətbuatımızın bundan sonrakı inkişafında dövlətin himayəsini və medianın daha çox dövlətçi olması dönməz prosesə çevrildiyini qeyd edən Aydın müəllim Cənab Prezidentlə bir neçə dəfə MŞ idarə heyəti olaraq görüşdüyünü xatırladı: "Heç bir şübhə yoxdur ki, Ölkə Prezidenti Cənab İlham Əliyev media və jurnalistlərə daim artan dövlət dəstəyi təmin etməkdə dəyişməz iradəyə sahibdir. Cənab Prezident medianın inkişafına ən səmərəli və işlək dövlət dəstəyi mexanizmi qura bilib, Administrasiyanın ictimai-siyasi şöbəsi və KİV DF isə bu mexanizmi şəraitlərdən asılı olaraq daim təkmilləşdirə bilirlər. Səmərə və fayda yönümlü maraqlı proses gedir. Bu prosesin içində mətbuatın bundan sonrakı inkişafı barədə ancaq dərin optimistlər kimi düşünmək və inanmaq lazımdır".

Müstəqil mətbuatın inkişafı üçün ilk əvvəl hamı kimi jurnalistlərin də ölkədə sabitliyin təmin olunmasında və dövlətimizin iqtisadi cəhətdən daha güclü inkişafa nail olmasında xüsusi səylə çalışmalarının vacibliyini vurğulayan Aydın müəllim dedi ki, bu iki şərtin xaricində mediamızın inkişafı sadəcə olaraq kəsinliklə mümkünsüzdür. Sabitlik olmayan yerdə, üstəlik dövlətin də dəstəyi yoxdursa, media necə inkişaf edə bilər? Dövlət isə özü güclü olmasa mətbuata necə dəstək verə bilər?

Aydın Quliyev dövlətin media ilə sıx əməkdaşlığının hər iki tərəfə müsbət təsirləri olduğunu qeyd etdi: "Burada hər hansı mənfi təsirlərdən danışmaq mümkün deyil. Hansı mənfi təsir ola bilər ki?! Dövlət medianı formalaşdırır, onun azad sözünə təminat verir, hüquqlarını qoruyur, məsuliyyətini müəyyənləşdirir, media və jurnalistləri iqtisadi olaraq dəstəkləyir, sosial şəraitlərini yaxşılaşdırır və s. Media isə qarşılıqlı olaraq dövlətin mənafelərinin dəqiq ifadə olunmuş formulunu cəmiyyətə çatdırır və onu müdafiə edir. Beləliklə, dövlət medianın, media isə dövlətin lobbiçisinə çevrilir. Buna nail ola bilməyən dövlətlərin işi çətinə düşür. Azərbaycanda dövlət media ilə qarşılıqlı anlaşmaya əsaslanan model qura bilib. Bu böyük nailiyyətdir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31