Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunur
SOCAR-ın “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
2 Avqust 2017 17:24 SosialSOCAR-ın "Azneft" İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi "Səngəçal-Dəniz-Xərə-Zirə" və "8 Mart" yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri bu tədbirlərdəndir. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. Birliyin sifarişi əsasında "Səngəçal-Dəniz-Xərə-Zirə" yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulmuş, 6 metal lövhə quraşdırılıb. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunub. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılıb, 2 minik meydançası yenisi ilə əvəz edilib.