Yasamalda söküntü qalmaqalı

Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə sakinlərdən 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamının ləğvinə dair iddia qaldırılıb. Bu barədə “Olaylar”a adıçıkilən ünvanda yaşayan  sakinlər məlumat verib.

Sakinlər qanunsuz binanın tikilməsinə etiraz edir

Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə sakinlərdən 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamının ləğvinə dair iddia qaldırılıb. Bu barədə "Olaylar"a adıçıkilən ünvanda yaşayan  sakinlər məlumat verib. Sakinlər bildiriblər ki, 31 iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində həyətdə yaşıllıqların məhv edilərək hündürmərtəbəli binaların tikintisinə etiraz edirlər. Eyni zamanda, 150-dən artıq sakinin imzası ilə ölkə prezidentinə və birinci Vitse-Prezidentə ünvanlanan müraciətdə də sakinlər rayonun keçmiş icra başçısı İ.Mehdiyevin sərəncamının ləğvini, həyətdə "Elit City" MMC tərəfindən yaşıllıqların məhvinin, 14 mərtəbəli binanın tikilməsinin qarşısının alınması və həyətin abadlaşdırılmasına göstəriş verilməsini xahiş edirlər. Sakinlər, həmçinin, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvəqqəti müdafiə tədbirinə dair ərizə ilə müraciət edərək, keçmiş başçı İ.Mehdiyevin sərəncamının icrasının dayandırılması, tikinti işlərinin aparılmasının müvəqqəti qadağan edilməsini xahiş ediblər. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə məhkəmə iclası keçirilib, araşdırma aparılıb və hakimin təşəbbüsü ilə yerli baxış təyin olunub. 26 iyulda hakim M.Bayramov, sakinlərin, icra hakimiyyətinin memarı Eyvaz Bağırovun, "Elite City" MMC-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə həyətə gələrək vəziyyətlə yerində tanış olub. Hakimin göstərişi ilə aparılan ölçmə işlərinin nəticəsində 2 ədəd qarşı-qarşıya olan 9-mərtəbəli binanın arasındakı məsafənin sakinlərin dediyi kimi 59 metr olduğu müəyyən edilib. Sakinlər ümid edirlər ki, məhkəmə tikinti normaları və qanunvericiliyin tələblərinin pozulmasını və sakinlərin haqlı narazılığını nəzərə alaraq obyektiv, ədalətli qərar verəcək, planlaşdırılan tikinti işlərinin aparılması dayandırılacaq və keçmiş başçı İ.Mehdiyevin imzaladığı sərəncam ləğv ediləcək: "Sakini olduğumuz Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə həyətdə 3 ədəd 9 mərtəbəli çoxbloklu, 1 ədəd 5 mərtəbəli yaşayış binası olmaqla, həyətimiz 4 bucaqlı formasında qapalı həyətdir. Yaşadığımız binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətin Z.Xəlilov küçəsindən eni 4 metrə yaxın olan bir girişi var. Həyətimiz 55 m X 85 m ölçüdədir. Qarşı-qarşıya olan 2 ədəd  9 mərtəbəli binanın bayır divarlarından ara məsafəsi 59 m., digər 9 mərtəbəli bina ilə 5 mərtəbəli bina arasında bayır divarlarından ara məsafəsi 85 m təşkil edir. Həyətdə 3 ədəd 2 mərtəbəli fin layihəli yaşayış binaları var. Bu binalarda cəmi 24 mənzil var. Həmin binaların ölçüləri 12 mx12 m təşkil edir. Bütün mənzillərin sakinləri üçün yalnız bu həyətə çıxış imkanları var. Həyətdə 50-ə yaxın çoxillik şam, tut, qovaq ağacları vardı. Bu ilin mart ayında naməlum şəxslər ağacları kökündən kəsərək mövcud yaşıllığı məhv etdilər. Həmçinin, həyətdə binaların su ilə təminatı üçün mövcud su anbarının və infrastrukturun sökülməsinə cəhdlər olmuşdu. Sakinlər buna etiraz etdilər. Azərbaycan Respublikasının Prezidentinə, Birinci Vitse-Prezidentə,  aidiyyatı icra hakimiyyəti orqanlarına, Yasamal Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etdik. Bu müraciətlərdən sonra həyətdə söküntü işləri dayandırıldı. Bizim müraciətlərimizdən sonra, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ayrı-ayrı vaxtlarda həyətə gəldilər və bu həyətdə hündürmərtəbəli binanın tikintisinin tikinti normalarına və şəhərsalma qaydalarına zidd olduğunu bildirdilər".

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab A.Ələsgərovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İ.Mehdiyevə ünvanladığı 01 may 2017-ci il və 16 may 2017-ci il tarixli məktublarda göstərilən həyətdə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı birmənalı göstərilir. Həmin Komitənin rəhbərliyinin Yasamal Rayon İcra Hakimiyyətinə və sakinlərə ünvanladığı 10 iyul 2017-ci il tarixli 3-cü məktubunda həyətdə çoxmərtəbəli yaşayış binasnın tikintisinin qanunamüvafiq olmadığı bir daha vurğulanır və Yasamal Rayon İH-ə qanunvericiliyin tələblərinin təmin olunması tövsiyə  edilir. Lakin buna baxmayaraq, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyev tərəfindən Yasamal rayonu, 568-ci məhəllə, Z.Xəlilov küçəsi, 30, 32, 34 saylı ünvanlarda sökülməsi nəzərdə tutulan qəzalı binaların yerində "Elite city" MMC-ə 2 girişli yeni yaşayış binasının tikintisinə dair 21.06.2017-ci il tarixli 191 saylı sərəncam verilib".

Hüquqşünas Habil İsgəndərovun bildirdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında birmənalı olaraq göstərilir ki, rayon icra hakimiyyəti tikintiyə yalnız Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyini almaqla icazə verə bilər. Lakin Komitə tərəfindən təqdim olunmuş məktublardan da göründüyü kimi, Dövlət Komitəsi həmin həyətdə yaşayış binasının tikintisinə müsbət rəy verməmişdir. Komitə rəhbərliyi bu mövqeyini 01 may, 16 may, 10 iyul tarixli məktublarında birmənalı və aydın göstərir. Yasamal rayonun İH-nin keşmiş başçısı və əməkdaşları, həmçinin "Elite Sity" MMC-nin rəhbərliyi həyətdəki 2 mərtəbəli 3 fin evinin sökülməsini abadlaşdırma tədbiri kimi qələmə verir, guya, bu tədbir sakinlərin mənafeyi üçündür. Lakin düşünmürlər ki, 24 mənzilin köçürülməsi yerinə 14 mərtəbəli binanın tikintisi 300-dən çox mənzildə yaşaayn ailələrin hüquqlarını pozur. 3 fin evinin yerləşdiyi sahə cəmi 4 sot təşkil edir. Yeni binanın tikintisi üçün isə ən azı 12 sot torpaq sahəsi tələb olunur. Həyətin içində daha bir həyətin salınması abadlaşdırma deyil, əksinə mövcud həyətin zəbt edilməsidir.   Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 39-cu maddəsində Abadlaşdırma tədbirləri dedikdə, müəyyən ərazidə sağlam yaşayış, iş və istirahət şəraitinin yaradılması, həmin ərazidə yaşayan və ya işləyən insanların təhlükəsizliyinin təmin edilməsi, müvafiq ərazinin və həmin ərazidə yerləşən tikinti obyektlərinin və onların ayrı-ayrı hissələrinin fasadlarının zahiri görkəminin yaxşılaşdırılması, habelə bununla bağlı mövcud şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyan tədbirlər məcmusudur. Digər tərəfdən, həyətimizdə (59 m x 85 m.) 14 mərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinin tələblərinə də ziddir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının 21.06.2017-ci il tarixli 191 saylı sərəncamı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarının və digər normativ-hüquqi aktların tələbləri pozulmaqla verilib. Şəhərsalma və Tikinti Məcəlləsində Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri nəzərdə tutulmuşdur.  Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Məcəllənin  69.5.-ci maddəsinin tələbinə əsasən, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil etməlidir. Tikilməsi planlaşdırılan 14 mərtəbəli binanın hündürlüyü 50 metr təşkil edəcəksə, həyətdə olan digər 9 mərtəbəli binalarla ara məsafəsi minimum hər tərəfdən 30 metr təşkil etməlidir. Lakin qeyd etdiyimiz kimi, qarşı-qarşıya olan 9 mərtəbəli binaların arasındakı məsafə cəmi 59 metr olduğundan həmin ərazidə eni 20 metr olan binanın yerləşdirilməsi qeyri-mümkündür. Binalar arasındakı məsafə minimum 80 metr olmalıdır ki, orada tikinti aparmaq mümkün olsun.  Lakin Yasamal rayonunun keçmiş başçısı İ.Mehdiyev tərəfindən yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərini, 300-ə yaxın mənzildə yaşayan sakinlərin etirazlarını, Dövlət Komitəsinin tikintiyə razılaşmadığını və tövsiyəsini nəzərə almayaraq, həyətimizdə çoxmərtəbəli binanın tikintisinə sərəncam verilməklə, biz sakinlərin sağlam ətraf mühitdə, təhlükəsiz şəraitdə yaşamaq, təbii günəş işığı və havalandırmadan, ərazinin yaşıllıq imkanlarından məhrum olmağımıza, qapalı həyətdə sərbəst hərəkət, giriş-çıxış imkanlarımızın məhdudlaşmasına, yaşıllıqların məhv edilməsinə, qanunsuz tikinti işlərinin aparılmasına şərait yaradılıb.  Sakinlər həmçinin, ölkə prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək həyətdə qanunsuz tikinti işlərinin aparılmasının dayandırılmasını, 300-ə yaxın ailənin yaşadığı həyətin abadlaşdırılmasını, yaşıllıqlar salınmasına göstəriş verilməsini xahiş edirlər. Sakinlər həyətdə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzilli) sökülməsinə etiraz etmirlər. Əksinə, həmin binaların sökülməsini və ərazinin abadlaşdırılması onların ürəyincə olardı. Lakin, həyət 14 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq, qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Bizim binalar 3 tərəfdən: Ə.Cəmil, Şəhriayr, Z.Xəlilov küçələri, bir tərəfdən də elə həmin "Elite city" MMC-nin hazırda tikintisini davam etdirdiyi 16 mərtəbəli 4 bloklu yeni tikili ilə əhatələnib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31