Dolu İstanbulu vurdu – Havada dəhşət yaşandı – FOTOLAR+VİDEO
28 İyul 2017 10:30 SosialMaşınlar, avtobuslar su altda qalıb, təyyarə sərnişinləri ölümdən dönüb
Ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində başlayan fırtına həyatı iflic edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sinoptiklərin fırtına ilə bağlı xəbərdarlıqlarına baxmayaraq əhali və turistlər hazırlıqsız olublar. Saat 18 radələrində hava bir anda qaralıb, bundan sonra isə güclü yağış, dolu və külək başlayıb. Fırtına insanların işdən çıxdığı vaxta düşdüyü üçün problemlər daha da çox olub. Qısa müddət ərzində güclü yağış nəticəsində yaranan sel suları yolları, mağazaları basıb, avtobus və maşınlar su altında qalıblar. Bəzi sürücülər avtomobillərini ataraq seldən üzərək can qurtarmağa çalışıblar, ictimai nəqliyyat istifadəçiləri isə avtobus, traleybusların üzərinə çıxmaqla xilas olublar. Selin səbəb olduğu fəsadlar ondan çox insanın yaralanmasına yol açıb.
Qolf topu boyda olan dolu hətta hava limanındakı təyyarələrə də ziyan vurub. İstanbul-Ercan reysini həyata keçirmək üçün havaya qalxan "Airbus A320" tipli təyyarə havada doluya yaxlanıb. Havada qorxu dolu anlardan sonra təyyarənin ön şüşələri çatlayıb, burun hissəsinə ziyan dəyib. Pilot dərhal geri qayıdıb.
İstanbul-Lekfoşa reysini yerinə yetirən təyyarədə də qorxu dolu anlaar yaşanıb. Pəncərələri dolu nəticəsində çatlayan təyyarəni pilotlar yerə endirməyi bacarıblar. Bənzər hadisələr başqa istiqamətlərə uçan təyyarələrdə də olub.
Şiddətli külək və yağış səbəbi ilə onlarla uçaq Atatürk hava limanına eniş edə və ya havaya qalxa bilməyib.
Yağış Şişli latın katolik məzarlığının istinad divarını da uçurub. Divarın altında qalan 3 nəfər yaralanıb. Haydarpaşa limanında isə 5 kran və 100 konteyner açıb. Kranlardan birinin kimyəvi maddə olan konteynerin üzərinə aşması güclü yanğına səbəb olub.