“İntihar yanlış davranışdır” – Psixoloq övladları ilə qatarın altına atılan ananı qınadı
Son zamanlar intihar halları olduqca çoxalıb. Demək olar ki, hər gün müxtəlif rayonlardan intihar xəbərləri yayımlanır. Burada yaş senzi rol oynamır. Həm cavan, həm də yaşlı nəsillər müəyyən səbəblərdən intiharı çıxış yolu kimi görürlər.
27 İyul 2017 17:36 SosialSon zamanlar intihar halları olduqca çoxalıb. Demək olar ki, hər gün müxtəlif rayonlardan intihar xəbərləri yayımlanır. Burada yaş senzi rol oynamır. Həm cavan, həm də yaşlı nəsillər müəyyən səbəblərdən intiharı çıxış yolu kimi görürlər.
Gündəmi əhatə edən ana və övladlarının birgə intiharı xəbəri isə hər kəsi sarsıdıb. Hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyi bildirilir. Və ortaya belə bir sual çıxır ki, axı bu münaqişə nə ola bilər ki, o, özü ilə yanaşı dünyaya gətirdiyi, min bir əzabla böyütdüyü övladlarının da həyatına qatarın altına ataraq son qoysun?! İntihar psixi və sosial səbəblərdən baş verə biləcək bir hadisədir. Amma bu o demək deyil ki, bu fikri əsas tutaraq gələcəyimiz olan körpələri də öz dünyalarından məhrum edək. Bu barədə Azadinform-a danışan psixoloq Gülnarə Əliyeva bildirib ki, bu çox acınacaqlı xəbərdir: "İntiharın motivi nə olursa olsun, yanlış davranışdır. İntihar etmiş insanlar bir anın içərisində buna qərar vermirlər. Uzun müddət yaşadığı xoşa gəlməz duyğular yığılır, yığılır və insan bu problemlər qarşısında özünü aciz görür. Daha doğrusu problemin həlli alternativlərini görmür və fikirləşir ki, tək seçim ölümdür. Müflisləşmiş, ailəsini və ya sevdiyini itirmiş, işsiz qalan insanlar adətən bu duyğular içərisində olurlar".
Psixoloq əhatəmizdə bu cür insanların çox olduğunu qeyd edir: "Ətrafımıza diqqətlə baxsaq görərik ki, həyatından narazı, bezmiş, tükənmiş insanlar o qədərdir ki. Amma təəssüf ki, bunu biz görürük, ən yaxın ailə üzvləri isə görmür. Bəzən yaşananları normal belə qəbul edirlər. Qızlarımız istəyərək, bəzən isə istəmədən ailə qururlar. Ər-arvad arasında münasibətlər yaxşı olmur. "Əşşi, bir uşağı olsun düzələr, başları qarışar" düşüncəsi ilə qızın bir neçə il əziyyətli həyatına göz yumulur. Hər şey olduğundan daha da pis olur. Hətta ikinci uşaq da dünyaya gəlir. Bəli, bu qadın dözür oturur. Ona görə yox ki, artıq hər şey yaxşıdır və ya düzəlib. Ona görə ki, biz o qadını məcbur etmişik o şəraitə, çünki artıq uşaqları var və onları atasız qoya bilməz, çünki uşaqları var və artıq ata evinə qayıda bilməz, çünki uşaqları var boşansa onlara necə baxacaq. Təbrik edirəm, biz hamılıqla o qadını istəmədiyi həyata zorladıq. Ər və ailənin digər üzvləri bunun fərqindədirlər və məhkum olmuş çarəsiz qadına daha çox şiddət tətbiq edirlər. Burda yalnız həyat yoldaşının qol gücündən söhbət getmir. Qaynana, baldız, eltilər bəzən elə psixoloji şiddət tətbiq edirlər ki, gəlinlər həyatlarından bezir".
G. Əliyeva hesab edir ki, ailəsindən dəstək görməyən gəlin bu zaman artıq intihar düşüncəsinə qapılır: "Uşaqlarını atıb gedə bilmədiyinə görə onları da yanında aparmaq daha "düzgün" görünür. Bəzən "mən yaşadığım həyatı onlar da yaşamasın" düşüncəsi, bəzən də həyat yoldaşına və ona sahib çıxmayan ailəsindən acıq çıxmaq üçün bu addımı atır. Mən burdan hamıya səslənərdim ki, ətrafınıza biganə qalmayın. İnsanların problemləri ilə maraqlanın. Ailə üzvlərinizə qarşı diqqətli olun. Heç nə və heç kim onların həyatından önəmli deyil".