Ət niyə bahalaşdı?

Paytaxt Bakı da daxil olmaqla respublikanın bölgələrində ət və ət məhsullarının qiymətinin artımı müşahidə olunur. Rəsmi statistik məlumata görə, heyvan əti həm diri çəkidə, həm də kəsimdə bahalaşıb. Təbii ki, baş verən qiymət artımı əhalinin alıcılıq qabiliyətinə təsirsiz ötüşməyib. Daha dəqiq, ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub.

Paytaxt Bakı da daxil olmaqla respublikanın bölgələrində ət və ət məhsullarının qiymətinin artımı müşahidə olunur. Rəsmi statistik məlumata görə, heyvan əti həm diri çəkidə, həm də kəsimdə bahalaşıb. Təbii ki, baş verən qiymət artımı əhalinin alıcılıq qabiliyətinə təsirsiz ötüşməyib. Daha dəqiq, ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Belə ki, təxminən bir ay əvvəl 10 manat 50 qəpiyə qədər ucuzlaşan dana əti hazırda 11-12 manata, 12 manata təklif edilən qoyun əti isə 13 manata qədər bahalaşıb. İstehlakçılar ətin qiymətinin artımını iqtisadi baxımdan əsaslandırmağa çalışsalar da ekspertlər əks fikirdədirlər. Qeyd edək ki, sahibkarlar ətin qiymətinin artımını ümumu bahalaşma ilə əsaslandırırlar. Onların qənaətinə görə, biçin mövsümü olmasına baxmayaraq, otun bağlaması ət və ət məhsullarına da təsir edib. Yeri gəlmişkən xatırladaq ki,  bir ay əvvəl 2 manat-2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manat 50 qəpiyədir. Eyni zamanda, sahələrdə yoncanın yetərincə olmadığı bildirilir. Gözləntilərə görə, bu, son hədd deyil, qiymət bahalaşması davam edəcək. Maraqlıdır, əslində ətin qiymətinin artmasına təsir edən amillər hansılardır?

Xatırladaq ki, ölkədə ət və ət məhsullarının qiymətinin bahalaşmasında subyektiv faktorlar əsas rol oynayır. Bu faktorun aradan qaldırılması isə nəzarət mexanzminin gücləndirilməsini tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində qeyd etmişdi ki, istehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin: "Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaq. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olub. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək". Qeyd edək ki, Azərbaycan yerli istehsal hesabına əhalinin ətə olan tələbatını ödəmək gücündədir. Bura quş ətini də əlavə etsək fikrimizi bir daha təsdiq etmiş olarıq. Lakin buna baxmayaraq ət və ət məhsullarının xeyli hissəsi xarici ölkələrdən gətirilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adambaşına müəyyən etdiyi illik ərzaq, qida norması var. ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq adambaşına il ərzində 85 kq ət tələb olunur, bu da ölkə üzrə təxminən 850 min ton ət istehsalı deməkdir. Amma Azərbaycanda cəmi 290-300 min ton, yəni adambaşına il ərzində 29-30 kq ət istehsal olunur. Bu isə o deməkdir ki, ölkə əhalisinin ət və ət məhsullarına olan tələbatın yalnız 38 faizi daxili istehsal hesabına ödənilir. Nəzərə alsaq ki, adambaşına il ərzində 3 kiloqram da ət və ət məhsulları idxal olunur, bununla birlikdə ümumilikdə ölkə əhalisinin bu məhsula olan tələbatının yarısı belə, ödənilmir:  "Süd məhsulları ilə bağlı da qeyd etməliyəm ki, ÜST-nin müəyyən etdiyi normaya uyğun olaraq il ərzində adambaşına 360 kq süd və süd məhsulları istehlak olunmalıdır. Azərbaycan bu tələbatın yarısını daxili istehsal hesabına təmin edə bilir. İl ərzində ölkənin 3,4 milyon ton südə ehtiyacı olduğu halda, bunun 1,7 milyon tonu daxili istehsal hesabına təmin olunur. Ümumiyyətlə cəmi idxal edilən ət və süd məhsullarını da nəzərə aldıqda, ölkə əhalisinin bu məhsullara olan tələbatının yalnız bir hissəsi ödənilir".

Ekspert deyib ki, son zamanlar taxılçılıq və pambıqçılığın inkişaf etdirilməsi üçün örüş sahələri, təbii biçənəklər, hətta çoxillik yem bitkilərinin altında olan sahələr kəskin azaldılıb. Kəndlilər uzun müddət idi ki, həmin ərazilərdə mal-qara saxlayırdılar. Otlaq sahələri əllərindən alınan kəndlilər mal-qaranı kəsimə verməyə məcbur oldu. Buna görə də ət ötən il bölgələrdə 4-5 manata qədər ucuzlaşmışdı. Çünki heyvanları saxlamağa yer olmadığından hamısını kəsimə vermişdilər.  Nəticədə təklif artdı deyə qiymət ucuzlaşdı: "Bu ilin birinci altı ayında ət idxalı iki dəfə, süd və süd məhsulları idxalı 60 faiz artıb. Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşdüyü bir zamanda ətə və südə tələbat niyə artıb? Niyə ətin qiyməti yayda həm də alıcılıq qabiliyyəti aşağı olduğu bir vaxtda bahalaşır? Çünki istehsal azaldığından idxalın artımı hesabına kompensasiya edilir. Bu ilin altı ayında iki dəfə artıq vəsait xərcləmişik. Pambıqdan əldə edilən valyuta 2016-cı illə müqayisədə 19 milyon dollar artıb. Amma ət və süd idxalı keçən illə müqayisədə 38,8 milyon dollar artıb. 2015-ci ildə 18 min hektar, 2016-cı ildə 51 min hektar, 2017-ci ildə isə 134 min hektar ərazidə pambıq əkilib. Bu da dediyim kimi örüş, yonca sahələrinin, təbii biçənəklərin hesabına baş verdi. Bazarda təklif az, idxal isə monopoliyada olduğu üçün bu məhsulların qiymətləri yüksək olaraq qalır".

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, əslində, iqtisadi məntiqlə mövsumi amillərə görə yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi:"Çünki, yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Belə olan halda, ət istehsalında əsas xərc maddəsi olan yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətinə nisbətən yüksək olur. Yayda mal ətinə olan tələbatın azalması onun qiymətində sabitliyi qorumalı idi. Amma bütün bunlar ət bazarında təklifin yerli istehsal hesabına təmin olunduğu halda özünü doğruldur". Qubad İbadoğlu bildirir ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir: "Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır. Odur ki, hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrilir. Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb". Sonda onu da qeyd edək ki, qarşıdan Qurban bayramını gəldiyini əsas götürərək demək olar ki, qoyun ətinin bahalaşması qaçılmaz olacaq.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31