Həcc ziyarəti ərəfəsində ortaya atılan əsassız fikirlər
Artıq müqəddəs həcc ziyarəti yaxınlaşmaq üzrədir. Maraqlı və təəssüfedicidir ki, son illər bu müqəddəs ziyarət barədə də bilərəkdən və ya bilməyərəkdən mənfi fikirlər ortaya atılır, bu ziyarəti aşağılamağa, onun dəyəriniz azaltmağa cəhdlər göstərilir. İndi də belə bir qərəzli və böhtan dolu fikir ortaya atılıb ki, guya müqəddəs ziyarət zamanı Şeytanı daşlamaq mərhələsində zəvvarlara şeytana atmaq üçün daş pulla satılır. Müəyyən maraqlı və din düşməni tərəfindən yayılan bu kimi qərəzli məlumatlara ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov aydınlıq gətirib.
27 İyul 2017 13:18 SosialYaxud şeytanı daşlamaq mərhələsində zəvvarlara şeytana atmaq üçün daş pulla satılırmı?
Artıq müqəddəs həcc ziyarəti yaxınlaşmaq üzrədir. Maraqlı və təəssüfedicidir ki, son illər bu müqəddəs ziyarət barədə də bilərəkdən və ya bilməyərəkdən mənfi fikirlər ortaya atılır, bu ziyarəti aşağılamağa, onun dəyəriniz azaltmağa cəhdlər göstərilir. İndi də belə bir qərəzli və böhtan dolu fikir ortaya atılıb ki, guya müqəddəs ziyarət zamanı Şeytanı daşlamaq mərhələsində zəvvarlara şeytana atmaq üçün daş pulla satılır. Müəyyən maraqlı və din düşməni tərəfindən yayılan bu kimi qərəzli məlumatlara ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov aydınlıq gətirib. Bildirib ki, həcc ibadətini yerinə yetirənlər orada şeytan daşlamaq deyə bir ayini yerinə yetirirlər. Onun sözlərinə görə, şeytan daşlama ayininin yerinə yetirildiyi yerə cəmrə deyilir: "Orada üç cəmrə vardır. Şəriətdə bildirilən ibadət məsələlərinə dil uzadan ağzıgöyçək insanlar iman edənlərə deyirlər ki, bu şeytan daşlamaq nədir? Bilirsizmi belə insanlar hər şeyə qarışan insanlar və nəticə əldə etməkdə geri qalanlardır. Ümumiyyətlə, bütün ibadətlərin hər birininin şəriətimizdə qaynaqlara dayanan əsli vardır. Həmçinin şeytan daşlamaq da Həcc ibadətlərinin içərisində yer alan bir ayindir. Onu icra etmək Allah təala tərəfindən müsəlmanlara bildirilib. Əvvəlcə qeyd edək ki, digər ibadətlər kimi bu ibadətlərin də yerinə yetirilməsinə aid Qurani Kərimdə ayələr vardır. İstəyənlər baxa bilərlər. Bəqərə surəsi 128, 196-203, Ali İmran surəsi 97, Həcc surəsi 27-28-34, Maidə surəsi 2 və s. çoxlu ayələrdə Həcc ayinlərindən bəhs olunur. Buna misal verəcəyimiz Allah Rəsulunun hədisləri də çoxdur. Birini qeyd edək: Hz. Aişə (radıyallahu anhə) bu həcc hərəkətlərinin yerinə yetirilməsinin əsas səbəbini belə izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdu ki: "Beytullahı təvaf etmək, Səfa və Mərvə arasında səy etmək və şeytan daşlamaq Allahı zikr etmək üçün əmr edilmişdir" (Əbu Davud , Mənasik 51, (1888); Tirmizi, Həcc 64, (902). Yəni şeytanı daşlamaq da Allahı zikr etmək deməkdir. Həcc mövsümündə Minada Qurban bayramının birinci, ikinci və üçüncü günlərində Əqəbə Cəmrəsi, Kiçik Cəmrə və Orta Cəmrə olmaqla üç şəkildə şeytan daşlanır. Bu ibadət vacibdir. Burada edilən hərəkətlər, həccin şərtlərindəndir. Gözəl bir xatirəni yad etməkdir. Bütün insanlığın ortaq düşməni olan şeytanı daşa tutaraq lənətləməkdir. Burada bənzəri olaraq təsbit edilmiş olan üç yerdə daşlama olur. Bu ibadət şəkli bizə İbrahim əleyhissalamdan qalmışdır". Əkrəm Həsənov qeyd edib ki, Allah təalanın vəhylə göndərdiyi peyğəmbərlərin çoxu eyni bir ibadəti olduğu kimi sona qədər yerinə yetirmişlər: "Buna aid çox misallar vermək olar. Bütün ibadət formalarının hamısı ilk peyğəmbər və ilk insan olan Adəmdən sonuncu Peyğəmbərə qədər eyni olmuş, sadəcə həmin ibadətlər sonrakı gələn peyğəmbərlər tərəfindən təkmilləşdirilmiş və son Peyğəmbərlə həmin ibadətlərin kamil formaları bildirilmişdir. Namaz, zəkat, oruc, həcc və s.müxtəlif növ ibadətlərin hamısını Allah təala yer üzərinə göndərdiyi bütün peyğəmbərlərə eyni
şəkildə çatdırmışdır. Buna aid bir misal verək. Allah Rəsulu buyurub ki, bu üç adət, metod, şəriət qaydası vardır ki, bu həm mənim ibadət metodum, yolum, sünnətimdir, həm də məndən əvvəlki peyğəmbərlərin yolu, metodu, sünnətidir. Bu üç metod budur, birincisi Ramazan ayında oruc üçün səhur vaxtını geicikdirmək, yəni sübh namazına yaxın yeyib bitirmək, iftarı tezləşdirmək, yəni iftarı gün batan kimi açmaq və qaranlığın düşməsini gözləməmək, üçüncüsü isə namazda sağ əli sol əlin üzərinə qoyub sinədə tutmaqdır. Daha sonra da bütün müsəlmanlar bu ibadət metodları ilə davranmışlar. Qeyd etdiyimiz bu hədis isə ən etibarlı mənəblərdə keçir. Bu misalı verməkdə məqsədimiz budur ki, insnalar bilsinlər ki, əslində bütün ibadət formaları həmişə eyni olub. Sadəcə olaraq sonradan müəyyən artma və azalma olubsa da, məsələn namaz əvvəlki peyğəmbərlərin vaxtında iki dəfə qılınıb, ancaq Muhamməd peyğəmbərdən sonra gündə beş dəfə qılınmaqla müsəlmanlar əmr olunublar. Buna aid çox misallar vermək olar. Əsas bizim mövzumuz şeytan daşlamaq üzərində durmalıdır". İlahiyyatçı bildirib ki, şeytan daşlamağın tarixi barədə iki rəvayət var: "Biri belədir: Həzrəti İbrahim (ə.s), bir imtahan olaraq Allahın əmri ilə oğlu Hz. İsmayılı qurban etməyə apararkən şeytan onların önlərinə çıxır. Hz. İbrahimin atalıq şəfqətini istismar etməyə qalxaraq, bu işdən Onu vaz keçirməyə çalışır. Lakin sözü rədd edilir və oradaca qovulur. Bundan sonra şeytan Hz. İsmayıla müsəllət olur (yəni ona vəsvəsə verməyə başlayır). Allah təalanın əmrini atasının səhv anladığını, anasını gözü yaşlı olaraq geridə buraxdığını pıçıldayaraq əmrə boyun əyməməsini İsmayıla təlqin edir. Şeytanın vəsvəsələrinə heç diqqət etməyən Hz. İsmail, onu yanından qovmaqla qalmır, eyni zamanda arxasından yeddi dənə daş atır. Hacıların cəmrələrdə (şeytana daş atma yerlərində) daş atmaları bu hadisənin xatırlanması və yenidən yaşanmasıdır. Bu barədə İbni Abbasın rəvayəti də belədir: Hz. İbrahim (ə.s) həcc ibadətini etməyə gəldiyi zaman, Əqəbə Cəmrəsi yanında şeytan ona görünür. İbrahim əleyhissalam dərhal onu yeddi ədəd daşla daşlayır, şeytan yerə batır. Sonra Orta Cəmrənin yanında şeytan ona təkrar görünür. Yeddi daş da orada atır. Beləcə şeytan təkrar yerə batır. Bir müddət sonra Kiçik Cəmrənin yanında yenə şeytan Onun qarşısına çıxır. Burada da yeddi daş atdıqda artıq şeytan yaxşıca yerə yıxılıb qalır (Əhməd bin Hənbəl, 1, 297). Bundan sonra İbni Abbas, belə deyir: "Siz ancaq şeytanı daşlayır və ancaq atanız İbrahim əleyhissalamın yolunu izləyirsiniz" . Bu ibadət şəkli Hz. Adəmdən bəri hər insanın ortaq düşməni olan şeytanın arzusuna cavab verməmək, onun vəsvəsələrinə fikir verməmək, iman çevrəsi içərisində, şeytanı bir dəfə daha qəhr, yerin dibinə keçirməkdir. Bu daşlama, pis niyyətlərə, şər qüvvələrə qarşı bir güc qazanmaq nümayişi, hər növ pisliyə məğlub olmaq əzminin qırılması, Rəbbimizlə edilən mənəvi razılaşmanın icrasıdır. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: "Beytullahın ətrafında dönmək, Səfa ilə Mərvə arasında gedib gəlmək, şeytanı daşlamaq, hamısı Allahın şəriətini (İslamın əlamət və işarələrini) ayaqda saxlamaq üçündür". Şeytan daşlamaq fikir, düşüncə, əməl və niyətlərdəki bütün mənfi dəyərləri təmizləmək; mal, məqam, mövqe və şöhrət ehtiraslarından xilas olmaq deməkdir. Şeytan daşlamaqda məqsəd: pislikləri, haqsızlıqları, zülmü və zorbalığın hər bir növünə etiraz etmək mənasını daşıyır. Şeytan daşlayan hacı, bu hərəkətiylə şeytana, şeytanın yoluna tabe olanlara və bütün pisliklərə qarşı çıxışını göstərmiş
olur və özünün də bundan sonra əsla şeytana uymayacağını ortaya qoymuş olur". Əkrəm Həsənovun sözlərinə görə, şeytan daşlamaq, insanları günahlara salmağa çalışan və bu yolda davamlı çalışan şeytana qarşı bir cür reaksiyanın, ona qarşı müqavimət göstərmənin simvolik bir ifadəsidir: "Yəni, onu daşlamaq bir növ ona qarşı hərəkətdir. Çünki onun azdırma planları, hərəkətləri o zamana məxsus olmayıb, hər zaman üçün etibarlı və gündəmdədir. Bu gün mövcud olan dirəklər, şeytanın görüldüyü yeri təmsil edirlər. Hz. İbrahim (ə.s), şeytanı o daş sütunlarının olduğu yerdə görmüş və daşlamışdır. Bu da sonrakı islam ümməti üçün bir ibadət forması olmuşdur. Necə ki, bütün peyğəmbərlərin dini də məhz islam olmuşdur. Sonradan insanlar özləri dinlərini dəyişib parça-parça olmuşlar. Qısa olaraq deyə bilərik ki, Həcc ibadətində yerinə yetirilən bütün ayinlər Məhəmməd peyğəmbərimizin şəriətində bizə bildirildiyi kimi əvvəlki Peyğəmbərlərin də şəriətində mövcud olmuşdur. Allahın Elçisi (s.ə.s), həcc ibadətinin necə tətbiq olunmasının formasını öyrətmiş, "Həcc ilə əlaqədar mexanizmi (əməlləri, görüləcək işləri, bu ibadətin tətbiqat formalarını) məndən öyrənin" (Müslim) buyurmuşdur. Buna görə də Məhəmməd Peyğəmbər (s.ə.v) necə həcc etmişdirsə, yəni harada, nə zaman hansı tətbiqatı icra etmişsə Qurandakı "Həcc"in mənası da elə odur. Həcc mövsümündə möminlər bu növ ibadətləri etməklə Rəbbinə olan qulluqlarını dilə gətirir, Ona qul və həmsöhbət olmanın zövq və həzzini yaşayırlar. İslam dinində müsəlmanların yerinə yetirməklə öhdəçilikdə olduqları ibadət, əmr və qadağaların bir qisminin hikmətlərini təsbit etmək mümkün ola bildiyi kimi, bir qisiminin hikmətini təsbit etmək isə mümkün deyildir. Ağılın sahəsinə girməyən, səbəbləri aydın ola bilməyən, özləriylə nəyin məqsəd güdüldüyü gizli qalmış hökmlər səbəbləri məlum olmayan hökmlər olaraq xarakterizə edilməkdədir. Bu kimi hökmlərin sahəsini ümumiyyətlə ibadətlər, həddlər və kəffarə kimi müəyyən miqdarda müəyyən hökmlər meydana gətirərlər. Halal və haramlarla əlaqədar mövzuları da bu qisimdə araşdırmaq lazımdır. Bu cür hökmlərin hikmətləri, təsbit edilsə də edilməsə də gərəkləri, möminlər tərəfindən yerinə yetirilməlidir. Həcc ibadətində edilən əməllərin hikmətini təsbit etmək mümkün deyildir. Bəzi hikmətlərinin olduğu ifadə edilsə də bunların doğruluğu və ya yanlışlığını təsbit etmək imkanına sahib deyilik. Allah və Peyğəmbəri bizdən bu ibadətləri necə etməmizi istəmişdirsə, biz onların hikmətlərini təsbit etsək də etməsək də, göstərilən şəkildə etmək məcburiyyətindəyik. Allahu Təala hikmət sahibidir. Bütün əmr və qadağanlarında, bizim bilib bilmədiyimiz bir çox səbəblər, hikmətlər və faydalar vardır. Lakin biz, Allah təalanın əmr və qadağanlarını faydalar əldə etmək üçün deyil, Allahın əmri olduğu üçün yerinə yetiririk. Bizim bildiyimiz və bilmədiyimiz faydalar da beləcə reallaşmış olur. Nəticə olaraq, bu cür ibadətlərin hikmətləri təsbit edilsə də edilməsə də, gərəkləri möminlər tərəfindən yerinə yetirilməlidir. Bu mövzularda hər hansı bir şərhə getmək mümkün deyil. Bu səbəbdən hikmətləri bizə məlum olmayan bu hökmlərin izahını Allaha həvalə etməli, yəni Allaha səmimi qəlbdən təslim olub səbəb axtarmadan qəbul edib inanaraq ibadət etməli, Allahın əmri olduğu üçün onu yerinə yetirməli, bunun da nəticəsində bizim bilib bilmədiyimiz faydaları əldə edəcəyimizi dərk etməyimiz vacibdir".
Füzuli