“Leş mafiyası” at və eşşək ətini vətəndaşlara necə sırıyır?
Ölkədə mənşəyi bəlli olmayan ərzaq məhsullarına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq hələ də bütövlükdə onun kökünü kəsmək mümkün olmayıb. Etiraf edilməlidir ki, inzibati və yaxud maarifləndirmə yolu ilə belə halların qarşısını almaq o qədər də effekti üsul hesab edilmir. Mütəxəssislərin qənaətinə görə, insan sağlamlığı üçün təhlükəli hesab olunan qida məhsullarına qarşı ictimai nəzarət artırılmalıdır.
27 İyul 2017 12:56 SosialFazil Mustafa: "Bu cür çörək qazanmaq kişiliyə sığarmı?"
Ölkədə mənşəyi bəlli olmayan ərzaq məhsullarına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq hələ də bütövlükdə onun kökünü kəsmək mümkün olmayıb. Etiraf edilməlidir ki, inzibati və yaxud maarifləndirmə yolu ilə belə halların qarşısını almaq o qədər də effekti üsul hesab edilmir. Mütəxəssislərin qənaətinə görə, insan sağlamlığı üçün təhlükəli hesab olunan qida məhsullarına qarşı ictimai nəzarət artırılmalıdır. Elə millət vəkili Fazil Mustafa da ölkədə kolbasa istehsalı və dönərxanalardakı anormal vəziyyəti aradan qaldırmaq məqsədilə ictimai nəzarət mexanizminin işə salınması tərəfdarıdır: "Bir neçə dəfə kolbasalara, dönərlərə qatılan leş, at və eşşək əti ilə bağlı məsələni Milli Məclisdə gündəmə gətirmişəm ki, bəlkə insanlarımızın sağlamlığı üçün təhlükəli olan bu davranışların qarşısını almaq mümkün olsun. Bu qanunsuz əməllə məşğul olanların, eləcə də onları himayə edənlərin ən sərt formada cəzalandırılmasının tərəfdarı olduğumdan bu istiqamətdə aldığım bütün informasiyaları dəyərləndirməli oluram. Müşahidəm onu göstərir ki, bu sahədə yenə də problemlər qalmaqdadır və ara-sıra rayonlardan aldığımız xəbərlərdə leş mafiyasının əvvəlki kimi fəaliyyətini davam etdirdiyi anlaşılmaqdadır". Onun sözlərinə görə, bu kimi narahatedici məqamlara aydınlıq gətirmək və məsələnin kökünü qazımaq üçün paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Baş İdarəsinə üz tutub ki, görsün orada hansı səviyyədə və hansı formada belə yaramaz fəaliyyyətlə məşğul olan şəbəkəyə qarşı mübarizə aparılır: "Əvvəllər bir işlə bağlı bu məkanda olmuşdum, açığı hansısa yenilik gözləntim yox idi. Ancaq burada tamamilə yeni bir infrastrukturun yarandığını görəndə ilk öncə buradakı vizual mədəni dəyişiklik məni tamamilə heyrətləndirdi. Baş idarənin rəisi ilə görüşmək istədiyimi bildirəndə, heç beş dəqiqə keçməmiş rəis Azər Süleymanov məni darvazanın ağzında çox hörmətlə qarşıladı və gəliş məqsədimi bildirən kimi heç tərəddüd etmədən laboratoriyadakı iş prinsipləri baytarlıq sahəsində görülən işlərlə ətraflı şəkildə tanış etməyə başladı. Burada ən yüksək avadanıqlarla təmin olunmuş zəngin bir laboratoriya yaradılmış, ABŞ-dan, Avropadan, Yaponiyadan gətirilmiş aparatlar vasitəsilə peşəkar dəqiqliklə qidalarda olan təhlükəli maddələr, ət və süd məhsullarının tərkibindəki detallar, mal-qara, quş xəstəlikləri aşkara çıxarılır və ərzaq təhlükəsizliyimizin qorunması üçün zəruri tədbirlər görülür. Azərbaycana idxal olunan ət məhsullarının də hərtərəfli müayinəsi də burada aparılır. Bu kompleksdə modern üslubda və gözəl tərtibatda inzibatı bina, elmi- tədqiqat institutu, böyük laboratoriya şəbəkəsi, yeməkxana yer alır. Elmi-tədqiqat institutunun 5-ci mərtəbəsində gördüyüm Kənd təsərrüfatı muzeyi isə tərtibat və eksponat zənginliyinə görə müqayisəolunmaz bir məkandır! Buranın açılışı ölkə prezidenti tərəfindən 2015-ci ildə gerçəkləşdirilmiş və bu önəmli sahəyə prezident tərəfindən ayrılan diqqət hər addımda hiss olunmaqdadır. Həqiqətən də kənd təsərrüfatı naziri Heydər Əsədovun belə bir infrastrukturu qura bilməsi sevindiricidir, ən ağır sahələrdən biri olmasına rəğmən bu qədər zəruri avadanlıqları tapıb gətirmək, bu qədər mütəxəssisi qısa müddətdə xarici ölkələrdə kursa göndərərək işə cəlb etmək, belə bir muzey yaratmaq həqiqətən böyük zəhmət tələb edir. Bunları ona görə qeyd edirəm ki, məhz bu cür çalışma mühitində məni maraqlandıran məsələlər ətrafında geniş bilgilər ala bildim. Məlum oldu ki, leşləri, at və eşşəkləri kəsərək ətlərini başqa adlar altında vətəndaşlara sırıyan şəbəkəyə qarşı burada ciddi mübarizə aparılır. Aşkar olunan bütün faktlar dərhal hüquq-mühafizə orqanlarına göndərilir. Bu kimi zərərli məhsullar aşkar olunanda, məhv ediləndə televiziyaların iştirakı təmin olunur. Laboratoriyalarda isə dərhal kolbasanın və ya dönərin tərkibində bu ətlərin DNT-si müəyyən olunur və operativ uyğun qərarlar alınır. Səmimi deyə bilərəm ki, verilən izahatlar məni qane etdi, görülən işlər barədə xeyli bilgi əldə etdim, mütəxəssislərlə söhbətimdə problemə nə qədər ciddi və ürək yanğısı ilə yanaşıldığını sezdim". Millət vəkili əlavə edib ki, indi əsas iş qalır, bizlərin, yəni cəmiyyət üzvlərinin öhdəsinə: "Yəni insanlarımız harada bu kimi fəaliyyətlə məşğul olan insanlar var, onlara qarşı rəhimli davranmamalıdır, bu idarəni, hüquq-mühafizə orqanlarını çəkinmədən bilgiləndirməlidir, murdar ətlərlə qidalarımızı harama çevirənlərin cəzalandırılmasına çalışmalıdır. Bizdə var axı, deyərik ki, "adamın çörəyinə bais olmayım" . O zaman bir sualı da belə düşünənlər cavalandırsın: Leş ətini, at və eşşək ətini insanlara sırıyanlar, onları zəhərləyənlər adamdırlarmı? Yaxud da bu cür çörək qazanmaq kişiliyə sığan bir işdirmi? Hər halda insanlarımız bir az təşəbbüskar və prinsipial olarlarsa, gördükləri faktlarla bağlı bu idarəyə aktiv şəkildə üz tutsalar, ən azı bu kimi bədnam əməlləri törədən insanları qorxutmuş və çəkindirmiş olarlar".
Nurlan