Züleyxa Nadir yazır... Jurnalist səhv edərsə dövlət sarsılar, cəmiyyət laxlayar
Bir həftədi ən önəmli hadisələri belə “ayağının altına alan” mənzil dartışması, ev müzakirəsi səngimək bilmir. Prezidentin ev verdiyi jurnalistlərin çoxunu ev ala bilməyənlər təhqir edir, 255 ailənin xoşbəxtliyinə soyuq su qatırlar. İllərlə kirayələrdə yaşayanların sevinmək haqqını gözlərindən gətirirlər. Xarici ölkədə də suyu bulandırmağa çalışanlar tapılıb. Demək olar ki, bir neçə istiqamətdən “atəş” başlayıb.
26 İyul 2017 13:45 SosialZüleyxa Nadir
Jurnalist səhv edərsə dövlət sarsılar, cəmiyyət laxlayar
Mənziliniz mübarək!
Bir həftədi ən önəmli hadisələri belə "ayağının altına alan" mənzil dartışması, ev müzakirəsi səngimək bilmir. Prezidentin ev verdiyi jurnalistlərin çoxunu ev ala bilməyənlər təhqir edir, 255 ailənin xoşbəxtliyinə soyuq su qatırlar. İllərlə kirayələrdə yaşayanların sevinmək haqqını gözlərindən gətirirlər. Xarici ölkədə də suyu bulandırmağa çalışanlar tapılıb. Demək olar ki, bir neçə istiqamətdən "atəş" başlayıb.
İlk atəş qeyri-peşə sahiblərindən gəldi. Onlar narazılıqlarını bildirdilər ki, prezident niyə yalnız jurnalistlərə ev bağışlayır, həkimi, müəllimi, mühəndisi, geoloqu, hakimi və s. bu işdən kənarda saxlayır? Cavab verim. Jurnalist cəmiyyətin güzgüsüdür. Jurnalist millətin yaralarını canında daşıyan peşə sahibidi. Jurnalist vətənin tozu-torpağı ilə nəfəs alan VƏTƏNDAŞdı. Jurnalist həyatın bütün sahələrində öndə gedən, özünü oda-alova atan, təhlükə yaranan nöqtədə anındaca görünən, özünü düşünmədən, milləti üçün canından keçməyə hazır olan İNSANdı. Jurnalist hərbçi olmaya-olmaya müharibədə əsgərlə bərabər vuruşan, soyuq səngərlərdə gözünü düşmənin atəş nöqtəsinə zilləyən DÖYÜŞÇÜdü.
Həkim səhv edərək bir xəstəyə doğru diaqnoz qoymaz, nəticədə pasientinin vəziyyəti ağırlaşar. Müəllimin səhvi bir şagirdinə, yaxud iki tələbəsinə doğru vermədiyi qiymətdi. Hakim də səhv edə bilər - bir müttəhimə lazım olandan artıq cəza təyin edər. Bu səhvlər düzələndi, həm də olsa-olsa bir - iki nəfərə təsir edər. Amma jurnalist səhv edərsə bu, cəmiyyəti kökündən laxladar, xalqı, milləti və dövləti sarsıdar. Bir doğru olmayan informasiya, yalan-yanlış xəbər milyonlarla insanın mənəvi əzabına, işgəncəsinə çevrilə bilər. Mənəvi ölüm isə ölümlərin ən dəhşətlisi, ən əzablısı, ən işgəncəlisidi.
***
Sadaladığım bu səhvlər təkcə savadsızlıqdan, yaxud da qeyri-peşəkarlıqdan doğan nəticə deyil. Bu, həm də insanın beyninin daim kənar işlərlə məşğul olmasına dəlalət edir. 26 yaşlı gənc Azərbaycanın 260 illik müstəqilliyiə malik olan dövlətlərdən təbii ki, fərqi var. Burada evsizlər də, işsizlər də, dilənçilər də olacaq. Və bu faktorlar müəllimin, həkimin, hakimin, jurnalistin fikrini daim məşğul edərsə, onun səhv etməsi qaçılmazdı. Müəllimin, həkimin, hakimin səhvini düzətmək mümkündü, amma jurnalistin səhvini düzəltmək olmur. Artıq cəmiyyətin hər təbəqəsi yaralanmış, ölmüş olur. Ona görə də jurnalist QƏTİ səhv etməməlidir...
Jurnalistin səhvə yol verməməsi üçün insan kimi istirahət etməsi, normal şəraiti olan evlərdə yaşaması lazımdı. Bunu çox gözəl bilən dövlət başçısı İlham Əliyev könül açıqlığı ilə özünə dost bildiyi və köməkçi hesab etdiyi jurnalistlərə hədiyyə verməkdən qürur duyur, onun arxasında dayanır. Çünki jurnalist dördüncü hakimiyyətdi. Hakimiyyətin səhvindən doğan ağrı-acını Azərbaycan xalqı çox da uzaq olmayan bir zaman kəsimində yaşadı və bu ağrı hələ də dayanmayıb. Ona görə də bu, təkcə prezidentin jurnalisti düşünməsindən irəli gəlmir. Bu, həm də o deməkdir ki, ölkə başçısı rəhbərlik etdiyi müstəqil Azərbaycan dövlətinin uzun ömürlü olmasına və Azərbaycan xalqının mənəvi zənginliyinin artmasına çalışır. Sovetlər dönəmində də dövlət SÖZ adamlarını mənzillə təmin edərkən bir otaq artıq verirdi. Həmin otaq yazıçının, şairin, jurnalistin iş otağı hesab olunurdu. Çünki SÖZ sənətkarınin iş rejimi yoxdu, 24 saat onun ürəyi və beyni çalışır. Bu belə...
İkincisi, həm də ən ağrılı olanı jurnalistlərin özlərinin bir-birinin "ətini yeməsi"dir. Bir həftədi dedi-qodu, qeybət səngimir. Ev üçün müraciət edənlərin kənarda qalan qismi nələr yazmır, nələr danışmırlar? Başqası haqqında nə düşündüyünü, həmkarına olan münasibətini ortaya qoymaq heç xoş deyil. Ev verilənlərə "mənziliniz mübarək" deyərək əsilzadə olmaq, kübarlıq nümayiş etdirmək jurnalistin peşə kodeksinə şifahi daxil olan elementdi.
Narazı olmaq mümkündü, amma sən jurnalistsən, sən cəmiyyətin üst pilləsində dayanırsan. O pillədən özünü aşağı atma. Sənin dedi-qodu ilə məşğul olmağın, qeybət qırmağın həmkarına verilən mənzili geri qaytarmayacaq. İllərini SÖZə həsr etmiş, media fədailərinin iki evi olanda bu dövlət nə itirir? Kim bilir o, yaşadığı evi hansı zülmlərlə, hansı məşəqqətlərlə alıb? "Qonşunu iki inəkli arzula ki, sənin də bir inəyin olsun".
Dünyanın başqa ölkələrində, xüsusilə də Avropada, lap elə qardaş Türkiyədə jurnalistlər villalarda, malikanələrdə, 300-400 kvadrat metrlik mənzillərdə yaşayır, evsizlikdən dolayı bir çətinlik çəkmirlər. Gündəlik çıxan çoxtirajlı qəzetlərin rəhbərlərinin hətta 5-6 evi var. Media holdinq rəhbərləri var ki, işə helikopterlə gedib-gəlirlər. Kimsə də buna irad tutmur. Onlara bu şəraiti dövlət yaratmayıb, öz halal qazanclarıdı. Oralarda reklam bazarının mediaya ötürdüyü qazanc jurnalistin ən lüks şəraitdə yaşamasını təmin edir.
Azərbaycanda isə jurnalistin ya bir norml evi var, ya da heç yoxdu, kirayədə yaşayır. Eləsi də var ki, yaşadığı mənzil daxmadan fərqlənmir. İlərlə mediada çalışan peşəkar, əsil vətəndaş, fəaliyyəti ilə dövlətə və dövlətçililiyə xidmət edən jurnalistin bu cür şəraitsiz evdə ömür çürütməsi təbii ki, Azərbaycan dövləti üçün xoş deyil, hətta deyərdim ki, hökumət üçün utancverici haldı. Azərbaycan jurnalistləri dövlətin yardımına möhtacdırlar. Bu möhtacı hiss edən ölkə prezidenti İlham Əliyev böyük ürək sahibi olduğunu ikinci dəfə nümayiş etdirərək 255 jurnalistə mənzil hədiyyə etdi. Nə gözəl!
Əslində bu mövzuda yazmaq istəməzdim. Amma hər gün yazılanlar məni bu cür həssas məsələyə toxunmağa vadar etdi. Həmkarlarımın sosial şəbəkədə bir-birinə ünvanladıqları xoşagəlməz sözlər, təhqiramiz ifadələr, birinin o birinə dərhal cavab verməsi, digərinin bundan daha da "ilhamlanması" Azərbaycan jurnalistikasının "dilini gödək edir".
Dövlətin nöqsanlarını yazan, cəmiyyətin çatışmazlıqlarını ortaya çıxaran jurnalistlərdi. İndiki halda isə məlum olur ki, bəzi jurnalistin özü nöqsanlıdı. Bəlkə də ilk baxışda nöqsan kimi görünməyə bilər, amma həmkarlarına qarşı xoş olmayan münasibət sərgiləməyin başqa adı yoxdu. Qeyri peşə sahibləri eyni hadisəyə eyni təpki göstərsəydilər mətbuatın gündəmini, qəzetlərin, saytların manşetini təsəvvür etmək çətin deyil.
Jurnalistləri səbrli, təmkinli olmağa dəvət edirəm. Ev alan həmkarlarıma isə "mənziliniz mübarək" deyirəm.