Dövlət azad mətbuatın inkişafında maraqlıdır
Sirr deyil ki, Azərbaycan mətbuatı daim dövlət qayğısı ilə əhatə olunub. Xüsusən, Prezident İlham Əliyev mətbuatın inkişafı, azad mətbuatın formalaşması, söz və fikir azadlının təmin olunması, eləcə də media işçilərinin sosial məişət şəraitinin yaxşılaşdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Artıq dövlət başçısı öz əməli addımları ilə medianın sərbəst fəaliyyətinin təminatçısı olduğunu sübuta yetirib. Milli Mətbuat günü münasibətilə daha 155 jurnalistə yeni mənzilin verilməsi isə dünyada anoloqu olmayan hadisədir.
21 İyul 2017 15:38 SosialPrezident: "Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq"
Sirr deyil ki, Azərbaycan mətbuatı daim dövlət qayğısı ilə əhatə olunub. Xüsusən, Prezident İlham Əliyev mətbuatın inkişafı, azad mətbuatın formalaşması, söz və fikir azadlının təmin olunması, eləcə də media işçilərinin sosial məişət şəraitinin yaxşılaşdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Artıq dövlət başçısı öz əməli addımları ilə medianın sərbəst fəaliyyətinin təminatçısı olduğunu sübuta yetirib. Milli Mətbuat günü münasibətilə daha 155 jurnalistə yeni mənzilin verilməsi isə dünyada anoloqu olmayan hadisədir. İyunun 10-da jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində Prezident İlham Əliyev şəxsən özü iştirak etmişdir. Dövlət başçısı mərasimdəki çıxışında qeyd edib ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda jurnalistlər üçün bütün şərait yaradılıb: "Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri, bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Ümumiyyətlə, biz həmişə Azərbaycanı mümkün olan risklərdən qorumağa çalışırıq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq". Prezident vurğulayıb ki, söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur: "Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur və bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunub. Azərbaycanda sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, mətbuat azadlığı təmin olunub və təmin olunacaq. Bundan sonra da Azərbaycan iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm ki, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan ilk növbədə öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşmür". Məhz dövlət başçısının mətbuata göstərdiyi qayğının nəticəsidir ki, "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib ki, kütləvi informasiya vasitələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi - texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə Azərbaycan prezidentiİlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Ə. Amaşov daha sonra mükafatı dövlət başçısına təqdim edib.
Sosioloq Azad Nağıyev qeyd edib ki, jurnalistlərə ev verilməsi Azərbaycan dövlətini və şəxsən prezident İlham Əliyevin mətbuata göstərdiyi qayğının nəticəsidir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib. Birinci binada olduğu kimi bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib. Mənzil bölgüsündə mənzil verilən jurnalistlərin siyasi yönümünün nəzərə alınmaması Azərbaycan dövlətinin bütün vətəndaşlarına eyni qayğı ilə yanaşdığı növbəi dəfə sübut edildi. Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi. Mənzil hədiyyə edilən hər bir kəsi ürəkdən təbrk edir və mənzillərində xoş güzaran arzu edirəm". Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi və ölkəmizdə bütün sahələrin, o cümlədən vətəndaş cəmiyyəti və KİV-in inkişafında davamlı addımlarına görə Cənab Prezidentə minnətdarıq və hər zaman bu siyasətin icrası prosesində iştirak etməkdən qürur duyuruq: "Hörmətli Prezidentimiz növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçiləri mükafatlandırılması postsovet məkanında ilk nümunədir. Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu misilsiz bir addımdır". Bunu deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, cənab prezidentin bu gün ikinci binanın açılışında qeyd etdiyi kimi "jurnalistlər mənim köməkçilərimdir" ifadəsi jurnalistlərə, söz azadlığına verilən ən böyük dəyərdir: "Qeyd etmək lazımdır ki, ölkəmizdə medianın inkişafına ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan KİV-in dəstək siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Hüquqşünas Rövşən Qasımov qeyd edib ki, Azərbaycanda mediaya dəstək ənənəsi mövcuddur. Bu dəstəyi jurnalistlər daim öz üzərlərində hiss ediblər. Redaksiyaların nəşriyyata olan borclarının silinməsindən tutmuş jurnalistlərə ev verilməsinə qədər olan proseslər deməyə əsas verir ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev jurnalistlərin əsil dostudur: "Nəzərə almaq lazımdır ki, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz. Artıq bir neçə gündür ki, respublikamızda Milli Mətbuatın 142 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. 255 jurnalistə mənzilin verilməsi çox böyük tarixi hadisədir və Azərbaycan jurnalistikasında mühüm parlaq səhifə olmaqla yanaşı, dünyada analoqu olmayan prosesdir. Əslində, dövlət tərəfindən belə bir addımın atılması jurnalist üçün çox önəmlidir. Jurnalistlərin də üzərinə düşən vəzifə vətən, xalq sevgisi eləcə də millətin və görülən işlərin təbliğində fəallıqlarını ortaya qoymaqdır". Hüquqşünas əlavə edib ki, dövvlət başçısının bu qərarı təkcə ev alan jurnalistlərə deyil, bütövlükdə Azərbaycan jurnalistikasına, cəmiyyətinə, ölkə vətəndaşına verilən böyük dəyərdir. Bunun təməli isə Ulu Öndər Heydər Əliev tərəfindən qoyulub. Millət vəkili Sədaqət Vəliyeva deyib ki, müasir Azərbaycan dövləti dünya ölkələri üçün nümunə sayıla biləcək addımları ilə daim fərqlənib: "İstər iqtisadi, istər sosial, istərsə də mədəni sahələrdə novatorluq edən Azərbaycan dövləti media sahəsində də qlobal miqyasda bir ilkə imza atdı. Məhz, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə jurnalistlər üçün binalar inşa edildi və 410 KİV nümayəndəsi ailəsinin mənzilə olan ehtiyacları dövlət hesabına təmin edildi. Bu, həqiqətən də dünyada analoqu olmayan bir tarixi hadisədir". Sədaqət Vəliyevanın sözlərinə görə, müstəqil Azərbaycanda milli mətbuata olan diqqət və qayğı, ölkədə söz və fikir azadlığının təminatı, plüralizmin bərqərar olması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bəhrələridir: "Bu gün həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı nəticəsində Azərbaycanda KİV sahəsində mühüm layihələr icra edilir. Bütün azadlıqların təminatı ilə yanaşı jurnalistlərin sosial problemlərinin həlli məsələsi də daim dövlətin diqqəti mərkəzində olub. Bu qayğının ən bariz nümunəsi isə 2010-cu ildən başlayaraq jurnalistlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardır. Məhz, bu məqsədlə bu günədək 30 milyon manatdan artıq vəsait ayrılıb". Onu da xatırladaq ki, Azərbaycan sosial dövlət çevrildiyindən bu kimi sosial layihələrin davam edəcəyini bəyan edib. Xüsusən, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı olacaq. Bu isə azad mətbuatın inkişafınana təkan verən dövlət siyasətinin təzahürüdür. Dövlət başçısı da vurğulayıb ki, Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır: "Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunub və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, sərbəst fəaliyyət göstərir, qeydiyyatdan keçir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışırdım və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikintisi də bu siyasətin bir təzahürüdür".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir