Halal və ədalətli bölgü
142 yaşın astanasında olan Azərbaycan mediası yenə özünün sevincli günlərini yaşayır. Yenə ölkənin mətbu cameəsinə bu sevinci bəsş edən Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyevdir.
21 İyul 2017 15:23 SosialYaxud bunu qaralamağa çalışanların absurd yanaşmaları
142 yaşın astanasında olan Azərbaycan mediası yenə özünün sevincli günlərini yaşayır. Yenə ölkənin mətbu cameəsinə bu sevinci bəsş edən Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyevdir. Artıq ikinci dəfədir ki, dövlət başçısı Milli Mətbuat Günü ərəfəsində yüzlərlə jurnalist ailəsini sevindirir, onların bayramına əlavə bir rəng, ovqat qatır. Söhbət, iyulun 20-də jurnalistlər üçün tikilmiş yeni yaşayış binasının istifadəyə verilməsindən gedir. Həmin tarixə qədər olan günlər, saatlar, diqəqələr, hətta saniyələrin belə Jurnalistlər Binasından ev almaq arzusunda olan həmkarlarımız üçün nə qədər həyəcanlı keçdiyinin fərqinə varmaq o qədər də çətin deyildi. Cənab Prezidentin dediyi kimi media şəhərciyindən mənzilə sahib olmaq hər bir mətbuat nümayəndəsinin arzusu, istəyi idi. Ancaq onu da qeyd etmək lazımdır ki, hər şey arzu-istəklə, hətta belə desək iddia ilə bağlı deyil. Nədən ki, bu istək və arzunu, eləcə də ortaya qoyulan iddianı gerçəkləşdirmək üçün ortada real iş, xidmət və təcrübə olmalıdır. Etiraf edək ki, kifayət qədər həmkarlarımız vardır ki, qeyd edilən kateqoriyalara cavab verirdi və bu səbəbdən media şəhərciyindən mənzil almaq iddiasını ortaya qoymuşdu. Amma minlərlə həmkarımız arasından 255 nəfəri seçmək kifayət qədər məsuliyyət, dəqiqlik və obyektivlik tələb edirdi ki, səlahiyyətli qurumlar, şəxslər də bunu bacardı. Necə ki, eyni tendensiya ilk dəfə 2013-cü ildə müşahidə edilirdi.
Amma hər bir sahədə nöqsan axtarmağa çalışan, görülən işlərə qara yaxan, onun nüfuzuna zərər vuran şəxslər yenə də fəaliyyətdə idi. Necə ki, bu fəaliyyət 2013-cü ildə də sezilirdi. Yenə eyni tendensiya, yenə eyni qeyri-obyektiv, qərəzli yanaşma ortaya atılaraq media cameəsində ziddiyyət yaratmaq, onunla dövlət, dövlət başçısı arasında olan əməkdaşlığa zərbə vurmaq cəhdləri edildi. Hələ yeni istifadəyə verilmiş binadan mənzil sahibinə çevrilən həmkarlarımızın adları açıqlanmadan qaragürühçu qüvvələr və fərdlər özlərinin uydurduğu siyahını açıqlayaraq media nümayəndələri arasında çaşqınlıq yaratmağa çalışdılar. Təbii ki, bu fəaliyyət, ortaya qoyulan münasibət, yanaşma qeyri-obyektiv, qərəzli olduğundan sabun köpüyü effekti verdi.
Beləliklə, iyulun 20-də mənzil alan 255 həmkarımızın adı bəlli oldu. Kifayət qədər obyektiv, dürüst yanaşma, şəffaf və ədalətli bölgü. Mənzil sahibinə çevrilən 255 nəfərin siyahısına nəzər yetirərəkən bir daha bu əminlik yaranır ki, dövlət və dövlət başçısı, eləcə də digər müvafiq qurumlar üçün ilk növbədə xidmət, zəngin iş təcrübəsi və sosial vəziyyət prioritet təşkil edir. Təbii ki, burada xidmət dedikdə, fərdlərə və hansısa siyasi təşkilatlara deyil, dövlətə xidmət nəzərdə tutulur. Çünki dövlət başçısı dəfələrlə, elə iyulun 20-də yeni yaşayış binasının açılış mərasimindəki çıxışında da qeyd etdiyi kimi jurnalistlər vətənpərvər olmalı, dövlətçiliyə xidmət etməlidirlər. Yəni dövlətçilik üçün xidmət ön planda dayanan məsələdir. Məhz bu zaman dövlət də jurnalistə, media qurumuna, ümumilikdə KİV-lərə diqqət və qayğı ilə yanaşır, onu himayə edir. Ümumiyyətlə,
Azərbaycanda kütləvi informasiya vasitələrinə diqqət və qayğı, onların üzləşdiyi bu və ya digər problemlərin həll edilməsi hər zaman dövlətin əsas diqqət mərkəzində olub. 1993-cü ildən başlanan bu proses günümüzdə də davam edir. Bir daha qeyd etmək yerinə düşər ki, media nümayəndələri üçün yaşayış binasının tikilib istifadəyə verilməsi də bunun bariz nümunəsidir.
Elə bu günlərdə bu sevinci yaşayan həmkarlarımız da bu qənaətdədirlər. "OLAYLAR" İnformasiya Agentliyinin redaktoru Fatma Abbasquliyeva deyir ki, dövlətin hər zaman mediaya diqqət və qayğısı hiss olunur və iyulun 20-də bu bir daha öz təsdiqini tapdı: "Milli Mətbuatın 142 illiyi ərəfəsində ikiqat bayram sevincini yaşayanlardan biri də mənəm. Dövlətimiz, cənab prezident bizlərin cüzi də olsa ortaya qoyduğumuz faəliyyəti kifayət qədər yüksək qiymətləndirərək bayram sevinci yaşatdı. Mən ona görə fəaliyyətimizi cüzi qiymətləndirirəm ki, bizlər tam mənada dövlətin, dövlət başçısının mətbuat nümayəndələrinə göstərmiş olduğu diqqət və qayğının qarşılığını ortaya qoya bilmirik". Fatma Abbasquliyeva qeyd edib ki, 2013-cü ildə olduğu bu dəfə də mənzil alan jurnalistlər barədə qərəzli fikirlər, qeyri-obyektiv yanaşma ortaya qoyuldu: "Mən bundan yalnız təəssüf hissi keçirirəm ki, bizim həmkarlarımız bu ali, yüksək bir işə də köıgə salmağa çalışırlar. İddia edilir ki, guya siyahıda adları keçın həmkarlarımızın seçimi düzgün aparılmayıb. Mən özümü bir kənara qoyuram. Mənimlə bərabər yeni binadan mənzil sahibi olan həmkarlarımı vacibi tanıyıram ki, onlar hansı şəraitdə yaşayırdılar. Yaxud uzun illərdir ki, bu sahədə külüng vurur, dövlətə, dövlətçiliyə xidmət edirlər. Konkret ad çəkmək istəməzdim. Ancaq mənimlə bərabər dövlətin bu diqqət və qayğısı ilə əhatələnmiş həmkarlarım var ki, onların iş təcrübəsi, dövlətçiliyə xidməti həmin iddianı səsləndirənlərin başının tükündən belə qat-qat çoxdur. Məgər bu ədalətli, şəffaf yanaşma deyilmi?. Elə iyulun 20-də keçirilən tədbir zamanı Cənab Prezident İlham Əliyev, eləcə də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da tam əminliklə bildirdi ki, mənzil sahibinə çevrilən jurnalistlər tam şəffaf, ədalətli qaydada müəyyənləşdirilib, kimlərinsə tapşırığı, xahişi bu məsələdə önəm daşımayıb. Zatən sıyahıya nəzər saldıqda bunu aydın görmək mümkündür". Fatma Abbasquliyeva dövlətin, dövlət başçısının mətbuat nümayəndələrinin sosial-mənzil şəraitini yaxşılaşdırmasının onların yaradıcılığına da müsbət təsir göstərdiyini, stimul verdiyini diqqətə çatdırıb: "Uzun illər kirayədə qalan biri kimi mən bu mənfi tendensiyanı həyatımda hiss etmişəm. Mənzil şəraitinin ürəkaçan olmaması bir mətbuat nümayəndəsi kimi mənim yaradıcılığıma təsirsiz ötüşmürdü. Ev şəraitinin əlverişli olmaması, çalışmaq üçün məhdud imkanlar ümumilikdə jurnalist yaradıcılığına mənfi təsir göstərən amillərdəndir ki, bütün bunları mən də uzun illərdir ki, hiss edirdim. Artıq problemli günlər arxada qaldı. Dövlət başçısına, bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm ki, jurnalist əməyini yüksək qiymətləndirirlər. Biz də öz növbəmizdə bundan sonra çalışmalıyıq ki, dövlətin bizə göstərdiyi etimadı öz fəaliyyətimiz, yazılarımızla doğruldaq".
"OLAYLAR" qəzetinin redaktor müavini Məlahət Xəlilova da iyulun 20-də bu sevinci yaşayan həmkarlarımızdandır. O, bildirib ki, artıq Milli Mətbuat Günü ərəfəsində qələm əhlinin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi ənənə halına çevrilib: "Təəssüf ki, bu müsbət ənənəyə mənfi çalar qatmağa, onun effektini azaltmağa, ümumilikdə prosesə kölgə salmağa çalışan həmkarlarımız var. Ümumiyyətlə, ölkəmizdə bir qrup insanlar var ki, dövlət səviyyəsində görülən istənilən bir işi aşağılamaq, o barədə mənfi rəy formalaşdırmaq həmin şəxslərin əsas şakəridir. Bu dəfə də təəssüf hissi ilə qeyd edirəm ki, eyni prosesi müşahidə edirik. Hər vəchlə çalışılır ki, mənzil sahibinə çevrilən həmkarlarımız barədə mənfi rəy formalaşdırılsın. 2013-cü ildən bu proses davam edir. Dövlətin diqqət və qayğısı ilə mənzil sahibinə çevrilən həmkarlarımızın satıldığı, yaxud pulla alındığı iddia olunur. Mən deyərdim ki, dövlətə satılmaq Azərbaycana düşmən mövqeyində olan xarici dairələrə, ermənipərəst qüvvələrə satılmaqdan daha şərəflidir. Digər tərəfdən dövlət biz jurnalistlərə mənzil verərkən qarşımızda hansısa şərt, tələb qoymur ki, mütləq ona əməl etməlisən. Bir çox həmkarları tanıyıram ki, bu gün istər mətbuat səhifələrində, istərsə də sosial şəbəkələrdə istənilən fikri ifadə edə bilir, hər hansı bir sahədə baş verən neqativ hadisəni ictimailəşdirir. Və sevindirici hal ondan ibarətdir ki, dövlət və onun prezidenti də bundan çox-çox məmnundur. Elə Cənab İlham Əliyev də iyulun 20-də jurnalistlər üçün tikilmiş yeni binanəın açılış mərasimində məhz qeyd etdiyim məsələ toxunaraq bizlərin bu istiqamətdəki fəaliyyətini təqdir etdi". Məlahət Xəlilova deyib ki, yeni binadan mənzil alan həmkarlarının düzgün seçilmədiyini iddia edənlər siyahıya nəzər salsalar daha yaxşı olar: "Əgər onların bir az da olsa insafı varsa siyahıya nəzər yetirdikdən sonra bir daha belə iddialar səsləndirməzlər. Bizimlə bərabər bu sevinci yaşayan həmkarlarımızın əksəriyyəti məhz veteran jurnalistlərdir ki, onlar illərini, hətta sağlamlıqlarını bu yolda qoyub, fəaliyyət göstəriblər. Məgər onları mükafatlandırmaq ədalətsizlikdir? Yaxud həyatının böyük bir hissəsini mətbuata sərf etmiş şəxsin mükafatlandırılması şəffaflığa ziddir?"
Alim Hüseynli isə 2013-cü ildə bu sevinci yaşayan həmkarlarımdandır. O, bildirir ki, dövlətdən belə bir ali mükafatı, yüksək qiyməti almaq böyük şərəf və qürur hissidir: "Həmçinin bu bir məsuliyyətdir. Dövlət, dövlət başçısı qarşısında götürdüyün məsuliyyət. Gərək bizlər də bu məsuliyyəti öz əməlimiz, fəaliyyətimiz, işimizlə doğruldaq". Alim Hüseynli bildirib ki, dünyanın heç bir ölkəsində olmayan bu müsbət tendensiyanı qaralamaq, ona müxtəlif ləkələr sürmək, prosesə çamur atmaq qərəzdən başqa bir şey deyil: "İstər mənim bu sevinci yaşadığım ildə, istərsə də iyulun 20-də mənzil sahibi olan insanlar arasında tanıdığım kifayət qədər həmkarlarım var ki, uzun illərdir ağır sosial şəraitdə, kirayələrdə yaşayır. Özü də həmin şəxslərin kifayət qədər təcrübəsi, fəaliyyəti də var. İndi mən sual edirəm məgər belə insanlara diqqət və qayğı göstərmək, onları mükafatlandırmaq ədalətsizlik, qeyri-şəffaflıqdırsa, o zaman bunu iddia edənlər ədalət, şəffaflığı nədə görürlər? Yaxud onlar üçün olan ədalət, şəffaflığı ortaya qoysunlar".
"OLAYLAR" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli isə bildirib ki, dövlətin mətbuat işçilərinə, KİV-lərə diqqət və qayğısı hər zaman özünü büruzə verib və bu gün də həmin diqqət və qayğı özünü bariz şəkildə göstərir: "Bu gün də eyni münasibət mövcuddur. Bu diqqət və qayğının ən yüksək pilləsi, mərtəbəsi isə həmkarlarımızın sosial-mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Həm 2013-cü ildə jurnalistlər üçün birinci yaşayış binası, həm də bu günlərdə ikinci bina istifadəyə verilərkən həmin binalardan mənzil sahibi olan kifayət qədər həmkarlarımız oldu ki, onlar illərini mətbuata sərf etmişlər. Yaxud fəaliyyətləri ilə mətbuatda ad qazanmışlar. Və təbii ki, onlar da dövlət tərəfindən yüksək mükafata layiq görüldülər". Süleyman İsmayılbəyli qeyd edib ki, bu gün dövlətin atmış olduğu bu sosialyönümlü addıma qara yaxan, ona kölgə salan insanlar, jurnalistlərin bölgüsü zamanı şəffaflıq prinsipinin pozulduğunu iddia edənlər vaxtı ilə çiyin-çiyinə çalışdığı həmkarlarının ruhunu belə təhqir etmiş olurlar: "Məlum olduğu kimi yeni binada mənzil sahibi olan şəxslər arasında mərhum jurnalist həmkarlarımızın ailə üzvləri də var. Mən konkret ad çəkmək istəməzdim. Ancaq bir neçə mərhum jurnalist həmkarlarımızın ailəsinə dövlət başçısı bu günlərdə həmin sevinci yaşatdı. Bu həm də onun göstəricisi idi ki, dövlət, onun prezidenti hətta ölümündən sonra jurnalisti unutmur, ona yüksək ehtiram, diqqət və qayğı göstərir. Ancaq bəziləri isə dövlətin bu diqqət və qayğısına şübhə, qərəzlə yanaşaraq həmin mərhum jurnalistlərin ruhunu belə təhqir etmiş olurlar. Halbuki bu gün bu iddianı səsləndirənlər mərhum həmkarlarımız həyatda olarkən onlarla eyni acını, sevinci bölüşür, eyni süfrədən çörək yeyərdilər.Göründüyü kimi belə şəxslər üçün bütün dəyərlər itib. Ona görə də bu kimi fikirlərə heç fikir də vermək lazım deyil. Dövlətimiz düz yoldadır və mətbuat nümayəndələri də bu yolda dövlətin, dövlət başçısının yanındadırlar"
S.İsmayılbəyli