Bank sisteminin sağlamlaşdırılması əmanətçilərin bu sistemə etibarını artırır

Azərbaycanın bank sektorunda baş verən yeniliklər iqtisadi inkişafla yanaşı, hüquqi və fiziki şəxslərin də fəaliyyətinə dəstək məqsədi güdür. Elə bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılması da bu sahədə yaranan münasibətlərin tənzimlənməsinə hesablanıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək.

Deputat: "Əmanətlərinin daha yaxşı qorunması üçün müvafiq tədbirlərin görülməsi vacib şərtdir"

Azərbaycanın bank sektorunda baş verən yeniliklər iqtisadi inkişafla yanaşı, hüquqi və fiziki şəxslərin də fəaliyyətinə dəstək məqsədi güdür. Elə bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərinin artırılması da bu sahədə yaranan münasibətlərin tənzimlənməsinə hesablanıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in icrasına nəzarət həyata keçirəcək. Nazirlər Kabineti bununla bağlı "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib. İndiyə qədər belə səlahiyyət "Fərdi məlumatların mühafizəsinə dair Tələblər"in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub. Digər dəyişikliyə əsasən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb. Maraqlıdır, ölkənin kredit təşkilatlarının maliyyə baxımından sağlamlaşdırılması üçün daha hansı tədbirlər görülə bilər? Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə qeyd edib ki, yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarının sağlam fəaliyyəti üçün ciddi tədbirlər görür. Yarıtmaz fəaliyyəti ilə seçilən bankların bağlanması, konsolidasiyası və bu qəbildən olan bir sıra digər məqsədyönlü tədbirlər kredit təşkilatlarının sağlamlaşdırılmasına gətirib çıxaracaqdır: "Biz nə qədər maliyyə dayanıqlığı möhkəm olan bank-maliyyə sektoru qura bilsək, Azərbaycan iqtisadiyyatının da dayanıqlığı o qədər təmin ediləcəkdir. Bunun üçün, təbii ki, yerli sahibkarların fəaliyyətinə, onlarla iş birliyinə xüsusi diqqət yetirilməlidir. Bu istiqamətdə xarici kapitalın, investorların Azərbaycana cəlb olunması ən vacib komponentlərdəndir. Bununla bağlı da çox mühüm işlər görülüb və hazırda da davam etdirilir. Bu gün ölkəmizdə siyasi sabitlik təmin olunub, iqtisadi islahatlar durmadan davam etdirilir. Ötən 2016-cı ili Azərbaycanda "islahatlar ili" adlandırmaq olar. Artıq ölkədə likvidliyi təmin olunmayan, əhalinin etibar etmədiyi bank sistemi yoxdur. Son vaxtlar aparılan audit yoxlamaları, iqtisadiyyatın digər sahələrində olduğu kimi, bank sahəsində də sağlamlaşdırma tədbirlərinin davam etdirildiyini göstərir". Millət vəkili qeyd edib ki, əhalinin, eləcə də hüquqi şəxslərin əmanətlərinin daha yaxşı qorunması üçün müvafiq tədbirlərin görülməsi vacib şərtdir: "Bildiyiniz kimi, dövlət başçısı "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli Qanununun tətbiq olunması barədə sərəncam imzalayıb. Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Qanuna görə, faizləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər, məbləğindən asılı olmayaraq, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən üç il müddətində tam sığortalanır. Əmanətçilərin bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri əmanətçilərin öz müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu qanunun tələblərinə uyğun olaraq tam sığortalanır. Qanuna müvafiq olaraq, müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, həmin dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq, faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, artıq banklarda sığortalanmış əmanətlərin vətəndaşlara çatdırılması 100% təşkil edir. Lakin qorunmayan əmanətlərlə bağlı proses  hələ davam etməkdədir, həll yolları araşdırılır. Bu məqsədlə bağlanmış bankların əmlakının və aktivlərinin satılması üçün məhkəmə qərarları olmalıdır. Bu istiqamətdə işlər gedir və həmin bankların həm kapitalının, həm də aktivlərinin bazarda satışından sonra əmanətlərin qaytarılması mümkün olacaq". Onun bildirdiyinə görə, dünya bank sistemində ixtisaslaşmalar mövcuddur. Məsələn, bir çox ölkələrdə bank sistemi aqrar, ipoteka bankları üzrə sahələrə bölünüb. Bizdə belə ixtisaslaşmalar ola bilər: "Strateji Yol Xəritəsi"ndə əhalinin maliyyə mənbələrinə çıxışının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər içərisində aqrar, ipoteka, sənaye və digər infrastruktur sahələrini maliyyələşdirən bankların sahələrə ayrılması planlaşdırılır. Bu gün Azərbaycanda ayrı-ayrılıqda ixtisaslaşmasalar mövcuddur və həmin sahələri əhatə edə biləcək banklar fəaliyyət göstərir. Biz hansısa bir bankın sata biləcəyi məhsulu analiz etsək, görərik ki, bu bank ipoteka kreditləri, aqrar sahə üçün kənd təsərrüfatı kreditləri verməklə yanaşı, sənaye krediti də verir, eyni zamanda, ticarət dövriyyəsinin təmin olunması ilə bağlı kreditlər də ayırmaq imkanına malikdir. Müasir dünyamız tələb edir ki, banklar sahələşdirilsin və belə olan halda, orada çalışan əməkdaşlar da gələcəkdə bu sahənin bilicisi, ixtisaslaşmış mütəxəssis olacaqlar. Aqrar sektora dəfələrə kredit ayırmış kredit təşkilatı  buradakı bütün boşluqları, gələnəkləri yaxşı bildiyi üçün bu sahələrə kredit ayırması işi həm asanlaşır, həm də kreditin düzgün verilməsi təmin olunur. Artıq bu istiqamətdə bankların yaradılmasının təməl prinsipləri qoyulub: İpoteka Fondu fəaliyyət göstərir və bəzi banklar da artıq buranın üzvüdürlər. Aqrar sektorda fəaliyyət göstərən banklar var ki, regionda filiallarını açmaqdadırlar. Sənaye sektorunu maliyyələşdirən banklar da mövcuddur".  Vergi islahatlarının bank sektorunun inkişafında roluna fəldikdə millət vəkili bildirib ki, iqtisadi proseslərin mühüm tərkib hissəsi olan vergi islahatları hər bir ölkənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində həlledici rol oyayır: "Düzgün aparılmış vergi siyasəti nəticəsində vergi intizamı yaranır, dövlət büdcəsinə daxilolmalar artır, bir sözlə, iqtisadiyyat tənzimlənir və idarə olunur. Azərbaycanda aparılan iqtisadi islahatlar arasında ən effektli vasitələrdən biri nağdsız ödənişlərin tətbiqidir. Bu, ilk növbədə, şəffaflığı təmin edir və "kölgə iqtisadiyyatı"nı aradan qaldırır. Nağdsız əməliyyatların aparılmasında bankların da rolu əhəmiyyətli dərəcədə artır. Nağdsız ödənişlər əməliyyatların bankdan keçməsini təmin edir ki, bu da bankların mənfəətinin artmasına səbəb olur. Bu sahədə əldə olunan müsbət dinamika artıq 2017-ci ilin ilk aylarından özünü göstərməkdədir".

 Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31