Keyfiyyətsiz dondurmanı necə müəyyən etməli?
20 İyul 2017 10:43 SosialYaz-yay aylarında çoxumuz sərinləmək üçün tez-tez dondurma yeməyə çalışırıq. İsti hava bizi təntitdiyindən nəinki onun keyfiyyətinə əhəmiyyət vermirik, heç məhsulun sertifikatının olub-olmaması ilə maraqlanmırıq. Məhz belə laqeyidliyin nəticəsidir ki, yay aylarında dondurmalar heç bir standartlara cavab verməyən qablarla məhələlərə daşınır. Belə məhsullardan ən cox uşaqların istifadə etdiyini nəzərə alsaq onun mənfi nəticələrini təsəvvür etmək elə də çətin olmaz. Unuduruq ki, standartlara uyğun hazırlanmayan və lazımi qaydada saxlanılmayan belə məhsullar insan orqanizmində fəsadlar törədə bilər. Etiraf edək ki, yay alarında təkcə uşaqlar deyil, elə böyüklər də dondurmalardan istifadə etməkdən çəkinmirlər. Şokolad, meyvə, qoz ləpəsi və digər əlavələr qatmaqla daha da dadlı olan dondurma, hətta gün ərzində bir neçə dəfə yeyilir. Bu isə o deməkdir ki, hazırda ölkədə müxtəlif növ dondurmalar istehsal edilir və ya xarici ölkələrdən gətirlir. Həmin dondurmaların insan orqanizmi üçün nə qədər təhlükəli olub-olmadığı isə qeyri-müəyyən olaraq qalır. Belə halda keyfiyyətsiz dondurmanı necə müəyyən etməli?
.jpeg)
Azad İstehlakçılar Birliyindən verilən məlumata görə, satışda olan dondurmaların bəzisinin etiketində məhsulun tərkibi, istehsal və son istifadə tarixi, şirkətin ünvanı və əlaqə nömrələrinin göstərilmir. Dondurmanı hazırlayarkən kərə yağından istifadə olunmalıdır. Ancaq onlara marqarin və müxtəlif bitki yağları qatılır. Bundan əlavə, dondurmalar təzə inək südü əvəzinə, quru süddən hazırlanır. Dondurmaların saxlanma müddəti 5 gündür. Təəssüf ki, bizdə satışa verilən dondurmalar bir aya qədər saxlanılır. Mütəxəssislərin bildirdiyinə görə, meyvəli dondurmaların daha çox fəsad verə biləcəyi mümkündür. Belə ki, həmin dondurmaların satışda bir gündən artıq saxlanılması risklidir. Həddən artıq dondurma yemək isə təzyiqi yüksəldir. Keyfiyyətsiz dondurmalar boğaz, mədə- bağırsaq xəstəlikləri yarada və zəhərlənmə verə bilər. Həddən artıq dondurma yemək insanda piylənməyə və qan təzyiqinin qalxmasına səbəb ola bilər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, aparılan yoxlamaların daha səmərəli keçirilməsi üçün istehlakçılar da yardımçı olmalıdır. Belə ki, keyfiyyətsiz, vaxtı ötmüş məhsul gördükdə dərhal aidiyyatlı orqanlara məlumat verilməlidir. Vətəndaşlar məhsulu alarkən onun sertifikatını və ürəyindəki qablaşmada problemin olmadığını dəqiqləşdirməlidir.Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirilib ki, sahibkarlarla bağlı yoxlamalar dayandırıldığından hansısa məhsul haqqında şikayət daxil olarsa onunla bağlı yoxlamalar aparılır. Buna da plandan kənar yoxlamalar deyilir. Sahibkarla özləri müraciət edərsə, bu zaman da onların məhsulları yoxlanılır və uyğunluq sertifikatı verilir.
.jpeg)
İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində: "AER Company Qrup" MMC-nin istehsal etdiyi"Çudo" şokoladlı, "AER" plombir şokoladlı, "AER" plombir vanilli, "Yasif" plombir və "Melisa"; "Band Milk" MMC-nin istehsal etdiyi "Nostalji" plombir, "Briket-krem brule" və vafli stəkanda olan qaymaqlı-şokoladlı; fiziki şəxs Səringül Yusubovanın istehsal etdiyi "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir, "Panda" südlü, "Meçta" şokoladlı plombir, "Arktika" şokoladlı plombir, "Tanqo" şokoladlı və "Tanqo" cemli; fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi "Mono Quality" badamlı, "Bakı gecələri" plombir, "Armada", "Eskimo Yoloçka", "Yeni şəhər" plombir; "S.A.B.A. Şirkəti" MMC-nin istehsal etdiyi "İçəri şəhər" qəhvəyi, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir; "A.Y.S-60" MMC-nin istehsal etdiyi "Südlü" klassik və "A-klass" dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib. Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində "AER Company Qrup" MMC-yə məxsus "Çudo" şokoladlı, "AER" plombir şokoladlı və "AER" plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus "Bakinskiy privet" plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir və "Panda" südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilib.
.jpeg)
Mütəxəssislər tövsiyyə edirlər ki, istehlakçılar dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumalıdırlar. Eyni zamanda, dondurma alarkən onun forması, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristllarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.
Nurlan