Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır
Sirr deyil ki, Azərbaycan mətbuatı uzun və şərəfli yol keçərək hazırki səviyyəyə yüksələ bilib. Ötən müddtət ərzində medianın uğurları itirdiklərini dəfələrlə üstələyib. Maraqlıdır, hazırda Azərbaycan mətbuatı müasir standartların tələblərini ödəyə bilirmi? Müsahibimiz “Həftə içi” qəzetinin redaktoru Azad Əliyevdir.
19 İyul 2017 14:59 SosialAzad Əliyev: "Mətbuatımızda dövlətinə, xalqına bağlı, milli maraqları hər şeydən üstün tutan jurnalist kontingenti formalaşıb"
Sirr deyil ki, Azərbaycan mətbuatı uzun və şərəfli yol keçərək hazırki səviyyəyə yüksələ bilib. Ötən müddtət ərzində medianın uğurları itirdiklərini dəfələrlə üstələyib. Maraqlıdır, hazırda Azərbaycan mətbuatı müasir standartların tələblərini ödəyə bilirmi? Müsahibimiz "Həftə içi" qəzetinin redaktoru Azad Əliyevdir.
-Azad müəllim, mətbuatımızın 142 illik tarixi inkişaf mərhələlərini ümumən necə dəyərləndirirsiniz?
- Azərbaycan mətbuatının tarixini vərəqlədikcə onun inkişaf yoluyla bağlı əldə etdiyimiz yeni bilgilər tükənmək bilmir. Əslində Həsən bəy Zərdabidən, Üzeyir Hacıbəyovdan, Əhməd bəy Ağayevdən və adlarını çəkmədiyimiz neçə-neçə dahi fikir və qələm ustadlarının əsasını qoyduğu bu yol müxtəlif zamanlarda öz istiqamətini dəyişmək məcburiyyətində qaldı. Lakin milli mətbuatımızın səhifələrində istər 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində, istər sovetlər dönəmində yer alan cəmiyyətimizin üzdə olan qələm əhlinin məqalələrinin sətiraltı mənalarında hər zaman Azərbaycanın müstəqilliyinə qovuşması istəyi kimi müqəddəs amal dayanıb. Dahilərimizin bu arzusu 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyət qurulması ilə reallaşsa da çox uzun sürmədi. Lakin artıq dünya xəritəsində müstəqil Azərbaycan Respublikası mövcuddur. Bu gün biz beynəlxalq birliyin əksər dövlətləri ilə bərabər hüquqlu tərəfdaş statusunda müstəqil dövlətimizdə yaşayırıq. Jurnalist kimi sözümüzü azad, sərbəst formada söyləmək yazmaq və dünya ilə paylaşmaq imkanına malikik. Mətbuatımızın əsasınının qoyulduğu gündən keçən 142 illik dövrdə Azərbaycan mətbuatı bu qədər imkanlara sahib olmayıb. Təbii ki, müstəqil mətbuatımızın əsasını qoyanlar məhz sovetlər dönəmində jurnalistikanın inkişafı və gələcək bazanın formalaşdırılması üçün əllərindən gələni edən qocaman ustad qələm əhlidir. Əgər bu gün bizlər müstəqil Azərbaycan mediasının fərdləri kimi cəmiyyətinin informasiya tələbatının ödənilməsində peşəkar səviyyədə fəaliyyət göstərə biliriksə, bütün qeyd etdiklərimizə görə məhz həmin şəxslərə borcluyuq.
- Bəs, müstəqillik dövründəki mətbuatın inkişaf səviyyəsini necə dəyərləndirərdiniz?
- Mətbuatımızın müstəqillik illərindəki inkişafı üçün isə bir neçə önəmli hadisələri xatırlatmaq yerinə düşər. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi. Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi məqsədilə 1999-cu ilin dekabrında qəbul olunmuş və 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində dəyişikliklər edilmiş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu mətbuatımızın inkişaf tarixində mühüm əhəmiyyətə malikdir. Bu qanun qəbulu söz və məlumat azadlığına, KİV-lərin və jurnalistlərin müstəqilliyinə təminat verir, mətbuat azadlığını məhdudlaşdıran tədbirlərin tətbiqini qadağan edir. Mətbuatımızın son on ildəki inkişaf tarixi isə Prezident İlham Əliyevin adı ilə sıx bağılıdır. Dövlət başçısının təşəbbüsü ilə 2005-ci ildən başlayaraq mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə tədbirlərin miqyası genişləndirildi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbayan nəşriyyatına olan borclarının ödənilməsi barədə" Sərəncama əsasən redaksiyaların "Azərbaycan" nəşriyyatına 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənildi. Azərbaycan Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" cəmiyyətin və dövlətin qarşısında duran bu vəzifələrin uğurla reallaşdırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq sistemli tədbirlər həyata keçirir. Prezidentin təşəbbüsü ilə dünyada ilk dəfə 2013-cü ildə Azərbaycanın mətbuat nümayəndələri evlə təmin olundular. Bu proses indi də davam edir. Mətbuatımızın inkişaf tarixinin müasir səhifələrinin yazılmasında iştirak edən jurnalist ordusunun bir fərdi olmaqla biz də qürur duyuruq. Əslində hazırda ömrünün on illlərini jurnalistikaya həsr etmiş indiki nəsil jurnalistləri özəl edən bir məqamı da qeyd etmək istərdim. Bir çoxlarımız istər sovetlər dövrünün son zamanlarını, müstəqilliyimizin ilk illərinin çətinliklərini, sonrakı sürətli iqtisadi inkişafın və s. bütün proseslərin canlı şahidiyik. Bu səbəbdən mətbuatımızın inkişaf tarixində bu illərin xüsusi önəm daşıdığını tam məsuliyyəti ilə söylərə bilərik.
- Son illər Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinin qlobal informasiya əsrinin tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar barədə nə demək olar?
- Ümumbəşəri dəyərləri, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülür. Müstəqil medianın inkişafı üçün hazırda Prezident İlham Əliyev davamlı olaraq bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Redaksiyalara maliyyə yardımları edilir, onların maddi texniki bazasının möhkəmləndirilməsi üçün zəruri addımlar atıır. Bir neçə gündən sonra jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması istiqamətində daha bir möhtəşəm tədbir reallaşacaq. Ehtiyacı olan qələm əhlinə təmənnasız mənzillər paylanılacaq. Təbii ki, mətbuat cəmiyyətin informasiya təminatında əvəzsiz rola malikdir. Bu missiyanı həyata keçirən jurnalistlərin maddi durumlarının yaxşılaşdırılması isə işlərinin daha da peşəçkar səviyyədə qurulmasında başlıca amillərdən biridir. Hazırda dünyada informasiya məkanını internetsiz, sosial şəbəkələrsiz, təsəvvür etmək mümkün deyil. Artıq hər bir redaksiya ən müasir informasiya texnologiyaları və resursları ilə təchiz edilib. Lakin yenə də müasir dünyamız sürətlə dəyişir. Mətbuatımız da bu dəyişikliklərlə zamanında ayaqlaşmağı bacarmalıdır.
- Sizcə, keyfiyyətcə yeni mərhələdə ölkə mətbuatının üzərinə düşən vəzifələr nədən ibarətdir? Mətbuatımız bu vəzifələrin öhdəsindən gələ bilirmi?
- Müasir dynyamız qlobal informasiya əsri dövrünü yaşayır. Belə bir şəraitdə Azərbaycan mətbuatı zamanın çağırışları ilə ayaqlaşmağı bacarmalı, dünya informasiya məkanında layiqli yerini tutmalıdır. Təbii ki, belə olan şəraitdə mətbuatımızın üzərinə çoxsaylı məsuliyyətli vəzifələr düşür. Azərbaycan bu gün Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı bir problemlə üz-üzə qalıb. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Əgər jurnalist kimi təhlillər aparsaq görərik ki, bu gün dünyanın bir çox dövlətlərində bu münaqişə ilə bağlı çox az məlumat var. Həmin ölkələrin cəmiyyətlərininin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan barədə həqiqətlərlə tanış olması üçün mətbuatımızın üzərinə böyük məsuliyyət düşür. Xüsusilə də elektron informasiya vasitələrinin. Qlobal məkanda bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün peşəkar və xarici dil bilgiləri mükəmməl olan jurnalistlərə ehtiyac duyulur. Bu səbəbdən jurnalistlərimiz öz üzərlərində daima işləməli, müasir standartların tələb etdiyi peşəkarlıq səviyyəsinə çatmaq üçün əzmlə yorulmadan çalışmalıdırlar. Bu problemin sürətli bir şəkildə həlli üçün mətbuatın inkişafı konsepsiyasını həyata keçirən müvafiq qurumlar və redaksiyaların sıx əməkdaşlıq mexanizminin qurulmasına ciddi ehtiyac vardır. Jurnalistlərin üzərinə düşən digər bir vəzifə isə harada işləməsindən asılı olmayaraq vətəndaşlıq mövqeyi və dövlətinə, xalqına bağlılıq prinsiplərinə daim sadiq qalmalarıdır. Çünki hər bir dövlətdə cəmiyyəti çaşdırmaq, daxildən dövlətlərə zərbə vurmaq üçün ilk növbədə mənfur qüvvələr məhz ictimai təsir qüvvəsinə malik olan mediada özlərinə dayaq tapmağa çalışırlar. Lakin onu da xüsusi vurğulamaq gərəkdir ki, bu gün Azərbaycan mətbuatında dövlətinə, xalqına bağlı, milli maraqları hər şeydən üstün tutan və əsl vətəndaşlıq mövqeyi ilə seçilən peşəkar jurnalistlər kontingenti formalaşıb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir