Züleyxa Nadir yazır... Qadını ölümə aparan kirli həyat
Nahaqdan demirlər ki, həyat insana bir dəfə verilir və sən bu həyatı elə yaşamalısan ki, ətrafında olanlar, eləcə də kənardan səni izləyənlər haqqında xoş sözlər danışsınlar. Həyat yollarında elə addımlamalısan ki, qoyduğun izlərdə başqasında qıcıq yarada biləcək əlamət olmasın. Bu faktorlar xüsusilə də qadınlar üçün çox önəmlidi. Hətta deyərdim ki, onun yaşam tərzinin naxışı olmalıdı.
19 İyul 2017 18:30 SosialZüleyxa Nadir
Qadını ölümə aparan kirli həyat
Nahaqdan demirlər ki, həyat insana bir dəfə verilir və sən bu həyatı elə yaşamalısan ki, ətrafında olanlar, eləcə də kənardan səni izləyənlər haqqında xoş sözlər danışsınlar. Həyat yollarında elə addımlamalısan ki, qoyduğun izlərdə başqasında qıcıq yarada biləcək əlamət olmasın. Bu faktorlar xüsusilə də qadınlar üçün çox önəmlidi. Hətta deyərdim ki, onun yaşam tərzinin naxışı olmalıdı.
Qadınlıq və qadın əxlaqı Azərbaycan cəmiyyətinin güzgüsüdü. Azərbaycan qadını, damarı ilə azərbaycanlı qanı axan hər bir xanım bu əxlaqın məsuliyyətini bir an olsun belə yaddan çıxarmamalıdı. Şərq qadınının əxlaqı, mədəniyyəti, cəsarəti və məğrurluğu əsrlərin daşlaşmış yaddaşından bu günə boylanır. Dünənin qadın mədəniyyətindəki əxlaq bu günün rəmzinə çevrilib. Azərbaycan qadını da tarixən bu atributların daşıyıcısı olub. Amma nə yazıqlar ki, ana-nənələrimizin əxlaqı XXI əsrin qadınına olduğu kimi keçməyib.
Bunun çox səbəbi var. Sadalamaq da olar, amma gərək yoxdu. Avropa standartlarından tutmuş qadın azadlığına kimi uzun bir siyahi tutmaq olar. Ki... bu günkü qadının yaşam tərzindəki neqativ halların kökünün hardan gəldiyini, nədən cücərdiyini, əxlaq dünyasının nə üçün korroziyaya uğradığını ortaya qoyaq. Onu da deyim ki, bu fikirlər Azərbaycan qadınının hamısına aid deyil. "Meşə çaqqalsız olmaz" deyiminin fəlsəfəsinə söykənərək yolunu azanların ünvanına deyilmiş sözlər kimi qəbul olunacağına əminəm.
Azərbaycan xanımlarını başqa millətlərin qadınlarından fərqləndirən iki əsas var: əxlaqı və analığı. Hüseyn Cavidin nəzərində qadın yeni nəslin tərbiyəçisi, insanlığın anasıdır. O yalnız öz övladlarının deyil, bütün millətin anasıdır. Şair yazır:
"Qadın! Ey möhtərəm ənisi bəşər!
Sənsiz öksüz qalırdı çinsi bəşər.
Dahi şairin dediyi bu parametrləri xarakterində və davranışında, bütövlükdə şəxsiyyətində cəmləşdirən qadınlar Azərbaycan cəmiyyətinin qaymaqlarıdı, qadınlığın zirvəsidi. Amma elə qadınlar da var ki, əvvəldə dediyim kimi əxlaq anlayışını, mədəniyyət ölçüsünü heçə sayırlar. Belələrinə həm ailənin, həm də qohum-qonşunun, eləcə də cəmiyyətin alt qatındakı tör-töküntü demək olar.
Mətbuatda tez-tez xəbərlər yer alır ki, filan qadını qeyri-qanuni yaşadığı filan kişi öldürdü, yaxud da əksinə. Doğrusu, belə xəbərləri oxuyanda çox pis oluram, heysiyyatıma toxunur, həm də qəzəblənirəm. Sən, axı, qadınsan. Özünün niyə ucuzlaşdırırsan? Dəyərini niyə bilmirsən? Ana adına niyə ləkə salırsan? Və bu sualların əsasən bir cavabı olduğunu düşünürəm. Düşünürəm ki, qadının ucuzlaşmasında cəmiyyətin böyük rolu var. Cəmiyyət qadını istəyəndə üst pilləyə qaldırır, istəyəndə də tapdaq altında əzir.
Bu günkü cəmiyyətdə çox sayda qadın, sözün həqiqi mənasında, qadınlığını itirib. Xanımlıq kimi şərəfli bir yol keçmək əvəzinə bu mənasız həyatın kirli yönlərinə üz tuturlar. Belə hallarda tək cəmiyyəti günahlandırmaq insafsızlıq olar. Qadının özünün tərbiyəsini, əxlaqıni, qandan gələn genetikasıni unutmaq olmaz. Bu faktorlar çox böyük rol oynayır. Dediyim kirli cinayətlərin səbəbini məhz by amildə axtarmaq lazımdı.
Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi məhz bu halın ağır nəticəsidi. Bir qızı ilə kirayədə yaşayan qadın kafedə günəmuzd işləyir. İlk baxışda bu, çox adi görünür, yəni qadın əlinin qabarı ilə pul qazanır. Nə gözəl! Amma bunun əks tərəfində xoş olmayan başqa bir şey var ki, o da cinayətə gedən yolun qapısını illərlə açıq saxlayıb. Özündən 20 yaş kiçik olan gənc oğlanla eşq macərası yaşamaq da nə deməkdi? Gənc oğlanı özünün sevgi torunda saxlamağın adı nədi? Qadın, sən bilməlisən ki, bu "sevginin" sonu yoxdu. Sən namusunla, zəhmətinlə pul qazandığın yolda rastına çıxan gənc oğlana evinin yolunu niyə göstərirsən?
Oğlan gəncdi, çox şeyləri bəlkə də anlamaq gücündə deyil. Rayondan gəlib, işləyib kənddə qoyduğu valideynlərinə kömək etmək istəyir. Amma iradəsizliyi, bəlkə də ağılsızlığı ucbatından "sevgi" toruna düşən kimi doğmalarını unudur. Və bu unutqanlıq ona çox ağır dərs verir. Bir müddət Rusiyaya gedən, amma orda da özünə yer tapa bilməyən oğlan döndüyündə qadından şübhələnərək onu boğur. Qadın məzara, oğlan isə həbsxanaya yollanır.
Qadının nikahda olmadığı kişi ilə qeyri-qanuni yaşaması Azərbaycan kimi bir müsəlman dövlətində heç bir zaman müsbət nəticəsi vermir. Bu millətin öz mentaliteti var, adət-ənənəsi mövcuddu. Tarixin yüz illərlə öncəki zamanından gələn əxlaq ənənələri, ailə müqəddəsliyi, sevgi toxunulmazlığı hələ də öz qiymətini itirməyib. Bu, çox yaxşıdı. Kaş ki, bunu hər qadın, hər kişi anlaya biləydi.
Azərbaycan qadınının bir yolu var. O da namusunu, əxlaqını bütün dəyərlərdən üstün tutmaq, bütün varlıqlardan ucada saxlamaq ki, layiq olmayanlar o ucalığa çıxa bilməsinlər. Qadın özünün xanımlıq şərəfini qorumalı, ləyaqətini, əxlaqını nəfsinə qurban verməməlidir. Nəfs qadın üçün öldürücü zəhəridi. Sevgidən kənar ehtiras qadının sonu görünməyən uçuruma gedən yolunda sürət cihazıdı. Əgər qadın əxlaqını bir qarın yemək üçün "xərcləyirsə" bu, o deməkdir ki, onun qadınlığında naqislik var. Bu cür naqis əxlaq sahiblərinin toruna düşənlərin də sonu faciə ilə bitir.
Bəlkə də kimsə dediklərimlə razılaşmayacaq. Bütün günahları qadının boynunda qoymağıma təpki verəcək. Haqlı tərəfləri var, əlbəttə. Amma mən normal əxlaq, tərbiyə, namus, vicdan daşıyıcısı olan .Azəraycan qadınının ehtirası və nəfsi üçün özünü qurban verməsinə inanmıram. Qadın özünü görməzə-bilməzə oda atırsa, özündən 20 yaş kiçik olan birisi ilə eşq macərası yaşayırsa onda çatışmayan nəsə var...