Əmək Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
19 İyul 2017 12:31 SosialAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bölgədə və dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin, böhran proseslərinin hökm sürdüyü şəraitdə sabitlik və əmin-amanlıq məkanı olan Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf tempinin davam etdiyini vurğulayıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun nəticəsi olaraq ölkədə yaşanan sabit inkişaf tempi sosial məsələlərin həlli və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımların atılması ilə müşahidə edilir. Cari ildə də ölkənin ümumi inkişafında sosial müdafiə amili ön planda dayanmaqla, bu sahədə bütün proqramların icrası, sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial təminat sistemi ilə əhatə olunması, bu sistemin səmərəliliyinin artırılmasına və uzunmüddətli dayanıqlığına yönələn məqsədyönlü islahatların reallaşdırılması təmin olunub".
İclasda 2017-ci ilin birinci yarımilində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, sosial proqramların icrası sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. Bu sahədə müsbət nəticələr vurğulanmaqla, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub. Öz fəaliyyətini və əhaliyə xidmətin təşkilini düzgün qura bilməyən və işində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib. S.Müslümov pensiya qanunvericiliyində dəyişikliklərdən irəli gələn məsələlər, sığortaedənlərlə işin, habelə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin səmərəli təşkili və s. ilə əlaqədar tapşırıqlarını verib.