Azərbaycanda mediaya əlverişli şərait yaradılıb
Azərbaycan mediası, mətbuatı daha bir yaşını geridə qoymağa hazırlaşır. İyulun 22-də Azərbaycan mətbuatı 142 yaşını qeyd edəcək. 142 il geriyə dönüb baxanda mediamızın, mətbuatın uzun, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçdiyinin şahidinə çevrilirik. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı onun əsasını qoymuş dahi mütəfəkkir Həsən bəy Zərdabinin yolunu uğurla davam etdirir, öz fəaliyyəti ilə dahi mütəfəkkirin adını uca tutur, ona sayğı nümayiş etdirir.
18 İyul 2017 16:09 SosialAydın Mahmudov: "Ölkəmizdə səmərəli dövlət-media münasibətləri qurulub"
Azərbaycan mediası, mətbuatı daha bir yaşını geridə qoymağa hazırlaşır. İyulun 22-də Azərbaycan mətbuatı 142 yaşını qeyd edəcək. 142 il geriyə dönüb baxanda mediamızın, mətbuatın uzun, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçdiyinin şahidinə çevrilirik. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı onun əsasını qoymuş dahi mütəfəkkir Həsən bəy Zərdabinin yolunu uğurla davam etdirir, öz fəaliyyəti ilə dahi mütəfəkkirin adını uca tutur, ona sayğı nümayiş etdirir.
Qeyd etdiyimiz kimi Azərbaycan mətbuatı bugünkü durumuna gəlib çatana qədər heç də az çətinliklər, məhrumiyyətlərlə üzləşməyib. Xüsusilə, Sovetlərin zamanında Azərbaycan mediası böyük basqılarla üzləşib, çətinliklərlə qarşılaşıb. Həmin illərdə ölkədə nəinki fikir, söz, məlumat və ifadə azadlığı mövcud idi, hətta müstəqil mediaının fəaliyyəti üçün ən cüzi belə mühit, şərait yox idi. Ancaq müstəqillik illərindən etibarən Azərbaycanda müstəqil medianın formalaşması, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində məqsədyönlü addımlar atılmağa başlanıldı.
Müstəqillik illərində mətbuata diqqət, bu sahənin inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Tam əminliklə və qətiyyətlə deyə bilərik ki, mətbuata diqqət və qayğının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı. Bu sırada kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, ölkədə azad mətbuatın təmin edilməsi kimi mühüm addımlar da var idi. Düzdür, ilk illərdə bu prosesi həyata keçirmək bir qədər çətin idi. Çünki sovet təfəkkürünü, yanaşmasını birdəfəlik aradan qaldırmaq mümkün görünmürdü. Ancaq zaman keçdikcə hər bir sahə kimi KİV sahəsində də köklü addımların atılması zərurəti yaranırdı. Belə bir zamanda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sözügedən prosesə bir təkan verdi. Hakimiyyətinin ilk günlərindən media ilə yaxından təmasda olan ümummilli lider Heydər Əliyev bu sahədə mövcud olan problemləri dərindən öyrəndi, müstəqil dövlətin azad, müstəqil mətbuatının formalaşması istiqamətində təxirəsalınmaz tədbirlərə start verdi. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atmış olduğu ən mühüm addımlardan biri 1998-ci ildə sovet zamanından qalan senzuranın ləğv edilməsi oldu. Çox keçmədən ümummilli lider Heydər Əliyev medianın. kütləvi informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində daha bir mühüm addım atdı. Belə ki, ümummilli lider qəzetlərin uzun illərdən bəri Azərbaycan
Nəşriyyatına yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet çapı üçün nəzərdə tutulan kağızın ölkəyə gətirilməsinə tətbiq edilən vergilər azaldıldı. Tədricən ölkədəki kütləvi informasiya vasitələrinin durumu müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda dövlətin mediaya göstərdiyi diqqət və qayğıdan ruhlanan bir sıra media nümayəndələri müstəqil mətbu orqanlar təsis etməyə başladılar. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda müstəqil media qurumlarının yaranması prosesinə təkan verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və məlumat azadlığının təmin olunması məhz ümummilli lider Heydər Əliyevin zamanında atmış olduğu həmin addımların nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı ən mühüm addım keçmiş SSRİ zamanından qalmış senzuranı ləğv etməsi oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə ölkədə senzura ləğv edildi. Heydər Əliyevin məlum qərarından sonra artıq qəzetlər heç bir senzura olmadan çap edilməyə başladı. Bu qərar ümummilli liderin bu qərarı öz-özlüyündə ölkədə müstəqil, azad medianın fomalaşdırılması, azad sözün təmin edildiyinin ilk gösrəricisi idi. Təsadüfi deyil ki, həmin dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli media qurumları Azərbaycan tərəfinin atmış olduğu bu addımı yüksək dəyərləndirərək bunu azad sözün, demokratiyanın təmin olunmasında atılan mühüm addımlardan hesab edirdilər. Ümummilli lider Heydər Əliyevin sonrakı dövrlərdə atdığı addımlar, qəbul etdiyi fərman və sərəncamlar senzuranın ləğvindən başlanan müsbət tendensiyanın davam edəcəyi zəmanəti yaratdı. Elə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin Ümumi Yığıncağının üzvü, Təşkilat Komitəsinin rəhbəri Aydin Mahmudov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Aydın Mahmudov mətbuatın hazırkı durumu, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunması istiqamətində görülən işlərdən danışıb.
- Aydın bəy, günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin durumunu necə qiymətləndirərdiniz?
-İlk öncə qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibətilə ölkə ictimaiyyətini, xalqımızın maarıfləndirilməsi üçün lokomotiv olan jurnalistlərimizi təbrik edirəm. Onlara yaradıcılıqlarında uğurlar diləyirəm. Mənim fikrimcə media sahəsində problemlər hər ölkədə olduğu kimi bizim ölkəmizdə də var. Lakin, hökümət bu problemlərin həlli üçün kütləvi informasiya vasitələri təmsilçiləri ilə əməkdaşlıq quraraq həmin problemləri həll etməkdə onlara köməklik göstərir. İnanıram ki, bu yeni nailiyyətlərə gətirib çıxaracaq. Şəxsən mənim fikrimcə burada jurnalistlərə olan diqqət və qayğıda öz sözünü deyir.
- Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması hansı səviyyədədir?
-Möhtərəm Prezidentimiz dəfələrlə qeyd edib ki, tənqidi fikrin olmasını istəyir. Bu həm də bəzi yarıtmaz məmuların Prezidentdən məlumat gizlətməyinin qarşısını alır.Cənab Prezidentimizin özü proseslərdə həmişə prinsipial mövqe tutub və məmurlar tərəfindən əzilməyə çalışılan jurnalistlərin arxasında olub. Mən bunu görmüşəm.
- Azərbaycan dövləti, onun prezidenti ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı addımlar atır?
-Bu addımları hamı kimi mən də görür və diqqətlə izləyirəm. Məsələn, prezidentin media quruluşlarının rəhbərləri ilə görüşünü xatırlayıram. Çox önəmli görüş idi. Hətta prezidentə qarşı ən sərt, bəzən isə üslubsuz mövqe tutan qəzet rəhbərini belə dövlət başçısı həmin görüşə çağırıb mükafat verdi. Bu Cənab prezidentin ifadə azadlığına nə qədər önəm verdiyinin göstəricisidir. Həmçinin dövlət başçısının bu məsələdə prinsipial mövqedə olmasının ifadəsidir. Eyni zamanda jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlar üçün yaşayış binasının tikilməsi və pulsuz olaraq mətbuat nümayəndələrinə verilməsi də prezidentin mediaya dəstəyinin bariz nümunəsidir. Ümumiyyətlə, jurnalistlərin üzləşdikləri çətinliklərin həll edilməsi üçün cənab prezident həmişə çalışıb və çalışır. Bu məni sevindirir ki, ölkəmizdə səmərəli dövlət-media münasibətləri qurulub.
- Bəs ümummilli lider Heydər Əliyevin söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində hansı xidmətləri olub?
-Ümummilli lider Heydər Əliyevin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğv edilməsi oldu. Ümumilli lider Heydər Əliyev jurnalistlərin ən yaxın dostu idi. Səfərlərdə, görüşlərdə prezident jurnalistlərin ən məsuliyyətsiz, şıltaq suallarını belə səbrlə, anlaylşla cavablayıb, onlara münasibətini bildirib. Ümumiyyətlə, Heydər Əliyev nəhəng şəxsiyyət idi. Çünki, o ifadə azadlığının nə qədər əhəmiyyətli olduğunu, tənqidi medianın nə qədər gərəkli olduğunu dərindən bilir, hətta bu məsələdə hər kəsə dərs belə keçirdi.
- Bəs, mediamız söz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlanır və bundan bəhrələnirlər?
-Bu sahədə problem var. Çünki, jurnalistlərimizin peşakarlığının bəzən aşağı səviyyədə olduğunu görürük. Operativ informasiya ötürməkdə problemlər var. Analitik yazıların yazılmasında, doğru təhlillərin aparılmasında ciddi nöqsanlar var. Mediada xüsusilə, bir çox saytlarda zorakılıq xəbərlərinin tirajlanması məni üzür. İnanmaq istəyirəm ki, jurnalistlər yaradılan şəraitdən istifadə edib daha yaxşı çalışma mühiti formalaşdıracaqlar.
- Sizcə, bəzi hallarda KİV-lər ölkədə söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etmirlərmi?
-Elə mənim demək istədiyim də budur. Edirlər. Amma bunuda edənlər jurnalistikaya peşə kimi yox, məhz maraq, gəlir mənbəyi kimi yaxınlaşanlardır. Jurnalistika şərəfli peşədir. Cəmiyyətin güzgüsüdür.
-Ümumiyyətlə, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olarmı?
-Bu gün Azərbaycanda mediaya əlverişli şərait yaradılıb və bu göz qabağındadır. Onun qanunvericilik və maddi-texniki bazası gücləndirilib. Amma media həm də özü özünü yeniləməlidir. Media qurumlarının başına peşakar kadrlar gətirilməlidir. O zaman biz daha da inkişaf edəcək və sağlam informasiya mühiti yarada biləcəyik. Bu sahədə də bölgədə liderliyi qoruyub saxlayacayıq. Bu gün bizim media dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıya qarşılıq verə bilmir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir