Elçin Hüseynbəyli yazır... Yüz dollar...Gizli yollar...

Mənim baməzə dostumu yadınızdan çıxarmamısınız ki? Niyə də çıxarasınız: dürlü-dürlü söhbətlər edəni, məzəli və ibrətamiz hekayətlər, əhvalatlar danışanı yaddan çıxarmaqmı olar? Bu yaxınlarda o maraqlı bir əhvalatı da yadıma saldı. Bir xeyli gülüb şaqqanaq çəkəndən sonra istədim ki, həmin olayı sizə də nəql edəm və siz də feyziyyab olasınız.

Elçin Hüseynbəyli

Yüz dollar...Gizli yollar...

Məzəniz olsun, dostlar!

Mənim baməzə dostumu yadınızdan çıxarmamısınız ki? Niyə də çıxarasınız: dürlü-dürlü söhbətlər edəni, məzəli və ibrətamiz hekayətlər, əhvalatlar danışanı yaddan çıxarmaqmı olar? Bu yaxınlarda o maraqlı bir əhvalatı da yadıma saldı. Bir xeyli gülüb şaqqanaq çəkəndən sonra istədim ki, həmin olayı sizə də nəql edəm və siz də feyziyyab olasınız.

Deməli belə. 90-cı ilin əvvəllərində (ötən əsrin ha!) Yol İdarəsinin iki işçisi yolqırağı maneələri (bardürləri) rəngləyirlər. Hərdən söhbətləşir, hərdən də zümzümə edirlər. Özləri də qonşudular, həm də süd qardaşıdırlar. Birinin adı İsfəndiyar, birinin ki, Yadigardı. Birdən İsfəndiyarın gözü yerdəki yaşıl əskinasa sataşır. Ehmalca əyilib onu götürür. Savadı olmasa da, baxır ki, pula oxşayır, yoldaşı görməsin deyə onu cibinə qoyur. Amma nə illah edirsə, bu yaşıl kağız parçası başından çıxmır, onun nə olduğunu tezliklə bilmək istəyir. İş vaxtı, ev də xeyli uzaq, bəs neyləsin? Ona görə də məcbur olub Yadigara deyir ki, bəs pula oxşar nəsə tapıb, amma onun nə olduğunu bilmir. Yadigar da yaşıl kağız parçasını o üz-bu üzə çevirəndən sonra bir az fikirləşir, handan-hana deyir ki, bəs bu kağızdan öz gədəsində görüb. Gədəsi bazarda alış-veriş edir və pul sayanda gözünə sataşıb. Nə olduğunu dəqiq bilməsə də, yaxşı bir şey olduğuna şübhə eləmir. Yaxşı bir şey olmasaydı, pulların arasında nə gəzirdi?

İki yoldaş, yəni İsfəndiyar və Yadigar bir xeyli götür-qoy edəndən sonra belə qərara gəlirlər ki, bu işi müdirə gənəşsinlər. Müdir oxumuş adamdı, genə də bilsə, o bilər. Gedirlər müdirin yanına, bir xeyli tərəddüddən sonra tapdıqlarını müdirə göstərirlər. Müdir çoxbilmişin biridir. Yüz dollarlığı dərhal tanıyır və onların üstünə qışqırıb belə deyir:

-Başı xarablar! Heç bilirsiniz bu nədir!?

Yoldaşlar əvvəlcə yazıq-yazıq bir-birilərinin, sonra isə müdirin üzünə baxıb başlarını yelləyirlər.

-Bu, yoldaşlar, bu düşmən təxribatıdır! Bu Amerikan puludur. Bəs bilmirsiniz ki, bunu saxlayanları Sibir "katorqası" gözləyir!

İsfəndiyarla Yadigar Sibir haqqında çox eşitdiklərindən (hər ikisinin babasını vaxtı ilə Sibirə sürgün eləyiblər) və müdiri də təhsilli, ağıllı

saydıqlarından bərk qorxuya düşürlər və yalvar-yaxar edirlər ki, bunu heç kimə deməsin və onları balalarının başına çevirib, bu işə bir əncam çəksin. Bu binəvalar sovetlərin çoxdan dağıldığından, dolların həmin vaxt dəbdə olduğundan xəbərsizdilər.

Müdir bir qədər yalançı hay-küydən sonra deyir ki, nəbadə bir adam bunu bilər, yoxsa ki, cinayəti gizlətdiyinə görə onun da dərisinə saman təpərlər.

-İndi haydı işə! Və heç kimə də bir kəlmə!

Yoldaşlar əsgərsayağı təzim edəndən sonra başlayırlar işələrinə davam etməyə.

İndi sizə kimdən deyim, müdirdən. İdarə müdiri pulu görən kimi göslərinə işıq gəlir və fikirlərşir ki, bu pula xeyli iş görmək olar: Yuxarıların payını da vermək olar, dostlara qonaqlıq da. Ona görə də bir bəhanə uydurub aradan çıxır...

İş qurtarandan sonra İsfəndiyarla Yadigar evə gəlir. Qonşu olduqlarından ortalıqdakı tut ağacının dibində oturub dərdləşməyə başlayırlar. Adətləri üzrə heç çay-çörək də istəmirlər. Onların əhvallarının qəfil dəyişməsini və xosunlaşmasını görən arvadlar nə qədər çalışsalar da, ərlərindən bir söz qopara bilmirlər. Köpəyoğlu Sibirin qorxusu! Söhbət İsfəndiyarın bazarda işləyən oğluna çatır. Məlum olur ki, qonşular, həm də iş yoldaşları bir yaşıl pul tapıblar, sən demə, amerikan puluymuş, genə də müdir sağ olsun ki, onları bəladan qurtarıb.

İsfəndiyarın oğlu kişilərin avamlığına bir xeyli güləndən sonra deyir kii, indi zəmanə dəyişib, indi tamam başqa əyyamdır və dolları olanın hörməti o qədər artıb ki, hətta böyüklər də ona baş əyir.

İsfəndiyar bu işə təəssüflənir, yaman pəjmürdə olur:

-Boynum qırılsın, nə biləydim, bilsəydim onu gizli yollarla evə gətirərdim, -deyir.

Bax bu "gizli yol" məsələsinə baməzə dostumla xeyli gülmüşdüm, amma sən demə, gülməlisi daldaymış.

Müdir rayon mərkəzinə çatan kimi, banka girib dolları dəyişdirmək istəyir. Bank işçisi pula baxıb yoxlayandan sonra deyir ki, bəs pul saxtadır.

Vay, dədə! Bax burda müdirin halını təsəvvür etməyiniz düşür sizin boynunuza.

Siz gülməsəniz də olar. Eləcə maraqlı bir əhvalat kimi yadda saxlamağınız yetərlidir və nəyə deyirsiniz and içim ki, dediklərim həqiqətdir!

Avqust 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31