Azərbaycan idmanı inkişaf edir

Nəhayət ki, daha bir Olimpiya Oyunları başa çatdı. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar ciddi mübarizə apararaq ölkəmizi layiqincə təmsil etdilər.   

Aydın Mirzəzadə: "Dörd ildə Azərbaycan idmanının inkişafı, olimpiya hərəkatının genişlənməsi üçün çox iş görüldü"

Azər Badamov: "İdmanımızdakı son uğurlar cənab prezdentin idmana göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir"

Nəhayət ki, daha bir Olimpiya Oyunları başa çatdı. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar ciddi mübarizə apararaq ölkəmizi layiqincə təmsil etdilər.   Bəs görəsən XXXI Yay Olimpiya Oyunları nə ilə yadda qaldı və ölkəmiz üçün hansı uğurlarla yadda qaldı?
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, dünya 19 gün ərzində maraqlı bir idman festivalı yaşadı, güclüləri müəyyən etdi, mədəniyyətləri bir-birinə tanıtdı. Onun sözlərinə görə, bu maraqlı güc, estetika, insan bədəninin gözəlliyi bayramı həmişə yadda qalacaq: "Həmişəki kimi Azərbaycan bu möhtəşəm tədbirdə fəal iştirak etdi. Hər olimpiadadan olimpiadaya həm kəmiyyət, həm keyfiyyət göstəricilərimiz yüksəlməkdədir. İlk dəfə olaraq daha çox idman növündə - 17, daha çox idmançı - 56 ilə iştirak edərək daha çox idman növündə - 5, daha çox medal - 18 topladıq. Ötən London - 2012 Olimpiadasında medallarımızın sayını 7-dən 10 qaldırmağımıza çox sevinirdik. Dörd ildən sonra isə medal göstəricilərimizi iki dəfə yüksəltdik. Bəli, biz nəyinsə daha yaxşı olmağını gözləyirdik. Ancaq 18 medalın özü yüksək göstəricidir. Dörd ildə Azərbaycan idmanının inkişafı, olimpiya hərəkatının genişlənməsi üçün çox iş görüldü, dünya Azərbaycan təcrübəsindən danışmağa başladı".

***

Millət vəkili onu da qeyd edib ki, eyni zamanda digər ölkələr də çalışırdılar: "Onlar da uğur qazanmaq   üçün öz milli proqramlarını həyata keçirirdilər.   Fici tarixində ilk dəfə, o da qızıl medal qazandı. Həmçinin Vyetnam tarixində ilk dəfə qızıl medal qazandı. Ancaq Türkiyə, Avstriya, İsrail, Finlandiya, Portuqaliya, Bolqarıstan kmi idman nəhənglərinin göstəriciləri isə çox zəif oldu". Aydın Mirzəzadə bildirib ki, Azərbaycanın isə göndərdiyi hər üç idmançısından biri medala sahib oldu: "Azərbaycan dünya üzrə medal əyarına görə 39-cu, medal sayına görə 15-ci yerdədir. Avropa ölkələri içərisində isə medal əyarına görə 20-ci, medal sayına görə isə 6-cıyıq. Nəticələrimiz gözlədiyimizdən də yaxşıdır, idmançılarımız var gücü ilə yarışdılar. 19 medal kəmiyyətinin medal keyfiyyətinə keçməsi isə elə təbiət qanunlarına görə mütləq baş verəcəkdir. Müstəqilliyimizi bərpa edəndən sonra iştirak etdiyimiz ilk dəfə Barselona-1992 olimpiadasına 2, sonrakı Atlanta-1996 olimpiadasında isə 1 medal qazanmışdıq". 

***

Millət vəkili Azər Badamov isə qeyd edib ki, Rio-de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandığı nəticələri uğurlu hesab edir: "Çünki, Olimpiya oyunlarında iştirak edən dünya ölkələri arasında medal sayına görə 15 - ci yerə nail olmağı yaxşı göstərici saymaq olar. Ümumiyyətlə Rio Olimpiya oyunlarında 17 idman növü üzrə 56 idmançımız iştirak edib və 18 medal qazanmışıq. Bu da idman yarışmasında iştirak edən hər üç idmançıdan birinin medal qazanması deməkdir. Bu onu göstərir ki, Azərbaycan idmançıları yarışmaya hazırlıqlı getmişlər. 2012-ci ildə London Olimpiadasında 10 medal qazanmışdıqsa və Rioda nəticəni 18-ə qaldıra bilmişiksə bu öz-özlüyündə nailiyyətdir". Azər Badamov bildirib ki, idmanımızdakı son uğurlar cənab prezdentin idmana göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir: "Azərbaycan idman ölkəsinə çevrilmişdir. Demək olar ki, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilmişdir. Azərbaycanda balacasında böyüyə qədər hamı çalışır ki, hər hansı bir idmanla məşğul olsun . Gənc nəsilimizdə idmana maraq daha da artmışdır. Hər hansı bir idmanla məşğul olan balaca uşaqdan fikrini soruşanda dünya çempionu olmaq arzusunda olduğunu görürük. Bu onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir və gələcək beynəlxalq idman yarışmalarında nəticələrimiz daha da uğurlu olacaqdır. Sonda qeyd etmək istəyirəm ki, medallarımızın əyyarına görə niyə qızılımız az, bürüncümüz çox oldu deyərək idmançılarımızı qınamaq olmaz . Bu, dünyanın ən güclülərinin yarışmasıdır. Ora gedən hər bir idmançı 1- ci yer qazanaraq çempion olmaq arzusu ilə gedir və ona görə də əldə edilən hər bir uğura sevinməliyik. Uğurlarımıza görə idmançılarımızı təbrik edirəm və gələcək idman yarışmalarında onlara daha böyük nailiyyətlər diləyirəm".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31