Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirilib
Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.
22 Avqust 2016 12:21 SosialÖzbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib. Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər. Giriş sözü ilə çıxış edən tədbirin təşkilatçısı Özbəkistanın Respublika Təşkilatının rəhbəri Ədalət Nəsirova əsas məqsədlərinin millətlərin yüz illərlə yaratdığı geyim mədəniyyətini nümayiş etdirmək, milli adət və ənənələrin təbliği olduğunu qeyd edib. Daha sonra isə tədbirin bədii hissəsində Özbəkistanın xalq artistləri Axmadcan Şükürov, Maxmutcan Azimov və "Sabo" Milli Rəqs Teatrı maraqlı nömrələrlə çıxış ediblər.
Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan "Qarabağ geyimləri" sərgidə böyük coşqu və maraqla qarşılanıb.