QHT-lərin gənclərin vətənpərvərlik tərbiyəsində rolu danılmazdır

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara bu hisslərin aşılanması hər zaman gündəmdə olan məsələlər sırasındadır.

Aprel döyüşləri ərəfəsində Azərbaycan cəmiyyəti bunun əyani şahidi oldu

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara bu hisslərin aşılanması hər zaman gündəmdə olan məsələlər sırasındadır.  Elə bunun göstəricisidir ki,  təkcə dövlət qurumları deyil, eyni zamanda qeyri-hökumət təşkilatları, ictimai birliklər də öz fəaliyyətlərində gənclərin vətənpərvər ruhda təbiyəsinə ciddi diqqət ayırır, bu sahədə çoxsaylı layihələr reallaşdırır, tədbirlər təşkil edirlər.  Bu gün ölkədə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatları öz fəaliyyətlərində gənclərin vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqət yetirirlər.  Cari ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qətiyyətli mövqe və işğal altında olan bir neçə yüksəkliyin düşməndən geri alınmasından sonra cəmiyyətdə, xüsusilə onun gənc nəsli arasında vətənpərvərlik hisslərinin daha da artırılmasında qeyri-hökumət təşkilatları əvəzsiz rol oynadı desək yanılmarıq. Döyüşlər gedən günlərdə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının təşkil etdikləri toplantılar, Azərbaycan Ordusuna nümayiş etdirilən dəstək hər bir Azərbaycan gəncində qürur hissi yaratdı.  Eyni zamanda istər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, istər Milli Qeyri-Hökumət Təşkilatları Forumu, istərsə də digər QHT-lərin ortaya qoyduğu mövqe, korrdinasiyalı şəkildə fəaliyyət həm beynəlxalq aləmə, dünya birliyinə Azərbaycan cəmiyyətinin yekdil olduğu, torpaqlarının müdafiəsinə hər an hazır olduğunu nümayiş etdirdi, həm də ümumilikdə cəmiyyəti Vətən, torpaq, millət, işğal altında olan ərazilərimizin geri qaytarılması istiqamətində bir daha əzmlə birləşdirdi. 

Aprel döyüşlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi uğurlu döyüş əməliyyatını həzm edə bilməyən, ölkəmizə qarşı təzyiqlərə başlayan bəzi beynəlxalq qurumlar, ölkələr, onların qanunverici orqanlarına da Azərbaycanın qeyri-hökumət təşkilatları öz etiraz səsini ucaltdı. Azərbaycan QHT-ləri həmin dairələrə sübut etdilər ki, Vətən, millət, ərazi bütövlüyümüzün təminatı hər bir Azərbaycan vətəndaşı üçün ən ümdə vəzifədir və bu vəzifəni icra etmək, onu reallaşdırmaq üçün uşaqdan böyüyə hər kəs tam mənada vətənpərvərdir. Buna heç kimin zərrə qədər şübhəsi olmasın.

Aprel döyüşlərindən sonra da ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yola eyni prinsiplə davam etdi.  Çünki uğurlu döyüşlərdə şücaət nümayiş etdirmiş Azərbaycan əsgər və zabitinin indi daha çox dəstəyə, dayağa, ruh yüksəkliyinə ehtiyacı vardı. Düzdür, dövlət, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən bu dəstək, diqqət və qayğı göstərilirdi. Elə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və xanımı Mehriban xanım Əliyevanın döyüşlərdən keçən qısa bir müddət ərzində düşmənlə üz-üzə olan mövqelərimizə baş çəkməsi, erməni səngəri ilə 200 metrlik məsafəyə qədər gedərək orada xidmət keçən əsgər və zabitlərlə görüşməsi bunun bariz nümunəsi idi. Eyni zamanda Ali Baş Komandan və onun xanımının belə bir nümunəvi, örnək ola biləcək addımı cəmiyyətin digər təbəqələri, xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri üçün də bir mayak rolunu oynadı. Məhz cənab prezidentin cəbhə xəttinə səfərindən sonra vətəndaş cəmiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycan-Ermənistan təmas xəttində xidmət keçən, torpaqlarımızı yağı düşməndən ləyaqətlə qoruyan əsgər və zabitlərimizə baş çəkərək onlara dəstək nümayiş etdirdi. Qeyri-hökumət təşkilatlarının ortaya qoymuş olduğu bu mövqe, vətənpərvərlik davranışı bir tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyətində, digər tərəfdən isə yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin artırılmasına stimul vermiş oldu.  Azərbaycan Silahlı Qüvvələri, onun əsgər və zabit heyəti qətiyyətlə əmin oldu ki, Ali Baş Komandandan tutmuş vətəndaş cəmiyyətinin nümayəndələrinə qədər hər bir ölkə vətəndaşı Silahlı Qüvvələrin arxasındadır, ona dayaqdır. 

Bu gün də qeyri-hökumət təşkilatları aprel döyüşlərinin iştirakçıları, qəhrəmancasına şəhid olmuş oğullarımızı dərin ehtiram və hörmət hissi ilə anır, yad edir.  2-4 aprel döyüşləri zamanı şəhid olmuş həmvətənlərimizin ailə üzvlərinə ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən göstərilən diqqət və qayğının fonunda bunu görmək mümkündür. Həmçinin aprel döyüşlərində yüksək şücaət göstərmiş şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində vətəndaş cəmiyyəti nümayəndələrinin atmış olduğu addımlar,  onların büstünün ucaldılması, oxuduqlara məktəbə adlarının verilməsi ilə bağlı irəlı sürülən təşəbbüslər öz-özlüyündə gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən amillərdəndir.  Valideyni, atası, yaxını şəhid olmuş gənc bu gün dövlətin, eyni zamanda qeyri-hökumət təşkilatlarının şəhidə olan ali, uca münasibətinin şahidi olduqda istər-istəməz onun da vətənpərvərlik hissləri daha da artır.  Bu mənada qeyri-hökumət təşkilatlarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, onlara vətənpərvərlik hisslərinin aşılanmasında rolu böyük və danılmazdır.

Süleyman

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31