Cunayevin çiyni, biləyi və kürəyi
Bu günlərdə azərbaycanlıların gözü uzaq Rioda yarışan idmanşılarımıza dikilib. Hər kəs onlardan yüksək nəticə gözləyir. Amma olmur, gözləntilər xoş nəticə vermir. Ötən ilin isti yay günlərində Bakıda keçiriliən I Avropa Oyunlarının qaynar coşqusu bu il Rio-de Janeyroda susqunluqla, Azərbaycanda isə bir az hirs-hikkə ilə əvəz olunub. Hər dəfə orda bir idmançımız uduzanda, burda bir yox, minlərlə tamaşaçı təəssüflənir, kədərlənir. Hətta eləsi tapılır ki, həmyerlisini təhqir edir, idmançının ünvanına olmazın sözlər, kobud ifadələr işlədir.
18 Avqust 2016 11:43 SosialBu günlərdə azərbaycanlıların gözü uzaq Rioda yarışan idmanşılarımıza dikilib. Hər kəs onlardan yüksək nəticə gözləyir. Amma olmur, gözləntilər xoş nəticə vermir. Ötən ilin isti yay günlərində Bakıda keçiriliən I Avropa Oyunlarının qaynar coşqusu bu il Rio-de Janeyroda susqunluqla, Azərbaycanda isə bir az hirs-hikkə ilə əvəz olunub. Hər dəfə orda bir idmançımız uduzanda, burda bir yox, minlərlə tamaşaçı təəssüflənir, kədərlənir. Hətta eləsi tapılır ki, həmyerlisini təhqir edir, idmançının ünvanına olmazın sözlər, kobud ifadələr işlədir.
Rioda yarışan idmançılarımız niyə Bakıdakı nəticələri göstərə bilmirlər? Ötən ilin uğurlarından dolayı yaranan arxayınçılıq, özündənrazılıq, zəif hazırlıq, şanssızlıq, yoxsa digər səbəblər var? Bu barədə yəqin ki, idman mütəxəssisləri daha doğru fikir söyləyə bilərlər.
Amma bəlli bir situasiya, ya da ki, gerçəklik var. İdmanda həmişə sürprizlər qaçılmaz olur. Udmaq da var, uduzmaq da. Bəzən dünən qalib olan bu gün məğlubiyyət acısını dadır. Olimpiada idman yarışlarının baş tacıdır. Hansı ölkənin idmançısı bu tacı başına qoya bilirsə, o dövlətin adı idman tarixinə qızıl hərflə yazılır. Olimp meydanında mübarizə aparanların arasında dost da olur, düşmən də. Hər iki halda qalib gəlmək idmançının psixoloji hazırlığına bağlıdır. Dostla yarışa çıxanda idmançı xoş hisslər keçirir, düşmənlə üz-üzə gələndə isə tam başqa duyğuları yaşayır.
Həmin duyğular idman azarkeşlərinə də eyni təsiri göstərir: idmançı qalib gələndə xoş sözə, məğlub olanda naxoş fikirlərə tuş gəlir. Zaman-zaman bunu bir çox idmançı yaşayıb, azarkeşlərinin qəzəb "atəşinə" tuş gəlib. Bu dəfə eyni "atəşlə" Rəsul Cunayev vuruldu. O Cunayev ki, 2015-ci ildə Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən Dünya Çempionatının qızıl medalçısı, Avropa Çempionatının 1 qat qızıl və 1 qat gümüş medalçısı, həmçinin 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl medalçısıdır. Cəmi bir il əvvəl Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 25 yaşlı bu oğlan dünyanın idman arenalarında həmişə əzmkarlığı, mübarizliyi, gücü ilə seçilib, Azərbaycan adını uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb.
İş elə gətirib ki, Rəsul Cunayev bu dəfə düşmənlə güləşməli olub. Gözlənilirdi ki, Cunayev erməninin kürəyini yerə vuracaq. Amma olmadı, erməni ona qalib gəldi. Və bundan sonra Cunayevin "müsibəti" başladı. Sosial şəbəkələrdə idmançının məğlubiyyətini hikkə ilə qarşılayanlar ünvanına olmazın sözlər, təhqir dolu ifadələr yazdılar. Sanki Dağlıq Qarabağ probleminin taleyi Cunayevdən asılı imiş. Miqran Arutunyanın 4:1 hesabı onların dörd qatından keçdi, gənc Rəsulun ötən illərdə əldə etdiyi medallar dəyərdən düşdü, ümidlər qırıldı.
Deyirik ki, idman mədəniyyətdi, idman gözəllikdi. Bu, doğrudan da belədi. Amma gərək azarkeşlik edəndə də mədəni olasan, gözəl görünəsən. Yoxsa idmanın bir qəpiklik dəyəri olmaz. Bizdə çoxları bu yüksək dəyəri öz dəyərsiz yanaşmaları ilə sıfıra endirirlər. İdman həm də məsuliyyətdi, sanbaldı. İdmançı bu sanbalı çiynində daşıyır, məsuliyyəti kürəyinə alır. Rəsul Cunayev illərdi çiyni, kürəyi, biləyi ilə həmin sanbalı və məsuliyyəti Azərbaycanın şərəfi üçün daşıyır, kimlərinsə hikkəsi, dözümsüzlüyü üçün yox.
Atalar deyib ki, uzaqdan baxana döyüş asan gəlir. Amma elə ki, döyüşün içinə girir, bax o zaman gördüyü asan döyüşün çətindən də çətin olduğunu hiss edir. Evinin içində rahat divanda oturub qabağında çay gözünü ekrana zilləyərək idman döyüşünü izləyən birinin, ya da birilərinin buradan Amerikaya "ay sənin... əfəl" deyə bağırmasının adı nədi bilmirəm. Amma idmançımız qalib gələndə eyni adamların "afərin" deyə ucadan səslənməsinin adı sevincdi, həmrəylikdi, dəstəkdi. Olmazmı ki, hər an onlara dəstək olaq, hər dəqiqələrini, saniyələrini həyəcanla izlədiyimiz hiss etdirək? Olar, əlbəttə. Amma nə yazıq ki, bəzən emosiyalar cilovlana bilmir, pis hisslər gizlədilmir, sosial şəbəkədə özünü büruzə verir.
Rəsul Cunayev fəxrimizdi. Bir idmançı olaraq Azərbaycan adını, vətən qeyrətini, torpaq təəssübünü təkcə biləyində deyil, ürəyində də gəzdirən oğlandı. Onu da bizim kimi bir ana doğub, bir ata tərbiyə edib. Onun da hissləri, duyğuları var. O da hər zaman qalib olmaq arzusu ilə yaşayır, məğlubiyyət barədə düşünmür. Taleyinə yazılmış yunan-roma güləşi ilə dünyaya meydan oxumaq istəyir. Və döyüşdüyü arenalarda subut edir ki, güclüdü, qüvvətlidi. Amma neynəmək olar? Bəzən insanın gücü azalır, bəzən də yorulur. İnsan daşdan, dəmirdən deyil ki?!
Bəyəm Cunayev bilərəkdən erməniyə məğlub oldu? Bu nə yanaşmadı? Nədən idmançımız təhqir olunmalıdı, ruhdan düşməlidi? Amma nə xoş ki, Rəcul düşmənlə döyüşün acısını sonrakı yarışda bürünc medalla ovuda bildi. Miqranın isə ani qələbə sevinci puç oldu, heç bir mükafata layiq görülmədi.
"Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Tənqid edənləri də başa düşürəm. Fikiir azadlığıdır, kim nə istəsə düşünə bilər. Amma bu, idmandır udmağı bacaran, uduzmağı da bacarmalıdır. Hər dəfə qələbə olmur. Mənim çəkdiyim əziyyətin bir faizini heç kim çəkməyib. Mən nələrdən keçmişəm, nə yaşamışam və hansı vəziyyətlə gəlib bu yarışa çıxmışam heç kim bilmir. Bilsəydi heç kim onu fikirləşməzdi. Məni dəstəkləməkdə davam etsinlər, mən də onların o dəstəyini inşallah gələcək yarışlarda doğruldacam" deyən Rəsul Cunayev ünvanına tənqid yazanlara çox mədəni şəkildə cavab verdi.
Bax belə. Möhkəm ol, Cunayev!
Züleyxa Nadir