Komitə sədri: “Üç yeni qanun layihəsi hazırlanır”
12 May 2016 13:33 SosialParlamentin Səhiyyə komitəsi əhalinin sağlamlığının qorunması istiqamətində zəruri qanunvericilik işləri həyata keçirməkdədir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov bildirib ki, parlamentdə belə bir komitənin yaradılması dövlətimizin əhalinin sağlamlığının qorunmasına verdiyi önəmin göstəricisidir.Onun sözlərinə görə, bu sahədə böyük işlər aparılır, səhiyyə sistemində islahatlar davam edir:"Təbii ki, səhiyyə ilə bağlı qanunlar da bu islahatlar kimi adekvat olmalı, müasir dövrün tələblərinə cavab verməlidir. Komitəmizin üzvləri yüksək səviyyəli mütəxəssislərdir, onlar bu sahənin inkişafı ilə bağlı vacib təşəbbüslərlə çıxış edirlər. Artıq yaz sessiyası dövründə bir sıra qanunları müzakirə etmişik. Hazırda da bəzi qanunlarla bağlı təkmilləşdirmə işləri aparılır. Belə ki, "Əhalinin sağlamlığının qorunması haqqında", "Reproduktiv sağlamlıq haqqında", "Psixoloji yardım haqqında" qanunlar üzərində ciddi işlər gedir. Bu işlər başa çatdıqdan sonra parlamentin müzakirəsinə təqdim olunacaq".