"Sahibkarlar Günü"nə həsr olunmuş Konfrans keçirilib
25 Aprel 2016 16:54 SosialMəlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd edilir. Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Sahibkarlar Günü"nə həsr olunmuş Konfrans keçirilib.Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulamışdır. "Sahibkarlar günü"nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarlarının adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq etmiş, dövlət başçısının sahibkarlara göstərdiyi dəstəyin ölkə iqtisadiyyatında özəl sektorun rolunu daha da artıracağını vurğulamışdır.
İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında "Sahibkarlar Günü"nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulamışdır. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışan nazir Şahin Mustafayev ulu öndərin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarların özəl bölmənin formalaşmasında mühüm əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan "Sahibkarlar Günü" də məhz aprelin 25-də təsis olunmuşdur. Diqqətə çatdırılmışdır ki, ümummilli liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötmüş, ölkə iqtisadiyyatı şaxələnmiş, özünütəminat səviyyəsi yüksəlmişdir.