Heydər Əsədov FAO-nun nümayəndəsi ilə görüşüb
25 Aprel 2016 16:52 SosialKənd Təsərrüfatı naziri Heydər Əsədov Expo 2016 Antalya Beynəlxalq Bağçaçılıq Sərgisinin açılışında iştirakı zamanı FAO-nun (BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı) Baş Direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Vladimir Raxmanin ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə FAO rəsmisi Azərbaycan Hökumətinə, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinə qurumun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılışında göstərdiyi köməyə görə təşəkkür edib. Cənab Raxmanin bu ofisin FAO-Azərbaycan Tərəfdaşlıq Proqramını qısa bir vaxtda fəaliyyətə gətirməyə imkan verəcəyini qeyd edib. FAO regional ofisinin rəhbəri 2016-2020-ci illəri Əhatə edəcək Ölkə Proqramı Çərçivəsinin Azərbaycan Hökumətinə təqdim edildiyini xatırladıb və vurğulayıb ki, bu proqram kənd təsərrüfatı və kənd ərazilərinin inkişafı üçün əməkdaşlıqda çox vacib vasitədir. Nazir Heydər Əsədov davamlı dəstək üçün FAO rəsmisinə minnətdarlığını bildirib və əməkdaşlığın daha da inkişafı, qarşıya qoyulmuş məqsədlərə daha yüksək nəticə ilə nail olunması üçün Kənd Təsərrüfatı Nazirliyinin bundan sonra da səylə çalışacağını əlavə edib. Qısa görüşdə FAO-nun mayın 4-6-da Antalyada keçiriləcək Avropa üzrə 30-cu Regional Konfransında müzakirə ediləcək məsələlərə də toxunulub.