AzTU-nun beynəlxalq layihəyə koordinatorluq edir

Fransanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Fransız İnstitutunda Azərbaycan Texniki Universitetin regional koordinatorluq etdiyi ERASMUS+LPEB layihəsinin növbəti toplantısı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycan Texniki Universitetinin, Memarlıq və İnşaat Universitetinin və ölkədə fəaliyyət göstərən bəzi tikinti şirkətlərinin nümayəndələri iştirak edib. Fransadan dəvət olunan arxitektorların da iştirak etdiyi toplantıda binaların termal izolyasiyası və enerjiyə qənaət üzrə tədrisin başlanması məsələsi müzakirə olunub. AzTU-nun nümayəndələri termal izolyasiya ilə bağlı ölkədəki vəziyyət haqqında məlumat veriblər. Bildirilib ki, Universitetin İstilik və soyuqluq texnikası, Enerji təchizatı və istilik izolyasiyası kafedralarında araşdırmalar aparılır və mövcud problemdən çıxış yolları axtarılır. Alimlər Fransalı qonaqlara problemin başlıca səbəbi kimi binaların tikintisi zamanı əsasən memarlıq və dizayn işinə əhəmiyyət verilməsini göstəriblər. Fransalı arxitektorlar çıxışlarında bildiriblər ki, tikinti zamanı memarlıqla yanaşı texniki göstəricilər və mühəndis texnologiyası da əsas götürülməlidir. Daha sonra istilik izolyasiyası məsələsi ilə bağlı tədris prosesi müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00