SOCAR yaz iməciliklərinə başlayıb
18 Aprel 2016 17:12 SosialSOCAR-ın bir sıra idarə və müəssisələrində növbəti iməcilik keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində - Birliyin İdarəetmə aparatında, Etilen-polietilen zavodunda, Təmir-tikinti İdarəsində ümumilikdə 300 nəfər əməkdaşın iştirak etdiyi iməciliyə "Azəriqaz" İstehsalat Birliyinin 50 nəfər əməkdaşı da qatılıb. Böyük ruh yüksəkliyi ilə keçən iməçilikdə Etilen-polietilen zavodunun keçmiş Suötürmə məntəqəsinin bioremediasiya üsulu ilə təmizlənmiş 2 hektarlıq ərazisində 500 ədəd müxtəlif növ ağac əkilib. Etilen-polietilen zavodunun bütün istehsalat sahələrinin ərazilərində, S.Vurğun küçəsində, həmçinin Təmir Tikinti İdarəsinin daxili ərazilərində və idarənin qarşısındakı yaşıllıq zolağında əvvəllər əkilmiş ağacların dibləri bellənib, onlara aqrotexniki qulluq göstərilib, sahələr alaq otlarından təmizlənib. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaşıllıq sahələrində keçirilən iməcilikdə 300 ədəd zeytun ağacı əkilib, 5000 ağaca aqrotexniki qaydada qulluq edilib. Ekologiya İdarəsinin 60 nəfər əməkdaşının iştirakı ilə Eko-parkda keçirilmiş iməcilik zamanı 250 ədəd zeytun ağacı əkilib.