Azərbaycanlı doktorant ABŞ-da beynəlxalq elmi konfransda Dağlıq Qarabağla bağlı məruzə ilə çıxış edib
18 Aprel 2016 17:12 SosialABŞ-ın Nevada ştatının Reno şəhərində Qərb Sosial Elmlər Assosiasiyasının (WSSA) 58-ci illik konfransı keçirilib. 900 nəfər elm adamının qatıldığı konfransda Azərbaycanı Yaponiyanın Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov təmsil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosiasiyasının 33-cü sessiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış" mövzusunda məruzə ilə çıxış edib. Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var. Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə
Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər de-yure Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona de-fakto Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir.