Turizmlə bağlı yeni qanun layihəsi ciddi mübahisələrə səbəb olub

"Turizm haqqında" yeni qanun layihəsini qəbul etmək istəyirik. Amma qanun layihəsinin həcmi çox böyükdür". Bu fikirləri parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli adıçəkilən komitənin aprelin 18-də keçirilən iclasında səsləndirib. "Onu nə qədər qısaltmağa, çözməyə, cilalamağa çalışsaq da, sahə mütəxəssisləri, müvafiq nazirliyin əməkdaşları buna etiraz etdilər"-deyən komitə sədrinin sözlərinə görə, qanun layihəsini bu ayın sonları, ən geci mayın birinci ongünlüyündə yenidən müzakirə etmək və onun təkrar rəyə göndərmək mümkündür. "Özü də onu vaxtilə mənfi rəy vermiş təşkilatlara təkrar rəyə göndərməliyik ki, bir daha öz fikirlərini bildirsinlər"-deyə, komitə sədri qeyd edib. Sözügedən komitənin üzvü Rauf Əliyev qanun layihəsinin qəbulunun vacibliyini qeyd etməklə yanaşı, öz iradlarını da bildirib. O, xüsusilə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun ünvanına iradını səsləndirib. "Mənim hörmətli nazirimiz Əbülfəs müəllimə böyük hörmətim var, amma onun müavininin demək olar ki, turizmdən xəbəri belə yoxdur"- deyə, millət vəkili sözlərinə əlavə edib. Nazir müavini ilə bağlı bağlı növbəti iradı isə millət vəkili Araz Əlizadə səsləndirib. "Biz keçən dəfə otellərlə bağlı öz fikirlərimizi, iradlarımızı səsləndirəndə, o, dedi ki, özləri necə istəyirlər ulduz yapışdırırlar. Axı, ay qardaş, otellərə ulduzları siz verirsiniz, siz kimdən şikayətlənirsiniz?"- deyə, o, daha sonra deyib. Millət vəkili eyni zamanda, qanun layihəsini kitaba bənzədib: "Qanun praktik fəaliyyət üçündür, ancaq turizmlə bağlı qanun layihəsi başdan-ayağa nəzəriyyədir, kitabdır, oradan-buradan toplayıblar və parlamentə göndəriblər ki, siz işləyin. Belə qanun olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00