Xaricdə təhsil proqramının dayandırılmasının SƏBƏBLƏRİ
18 Aprel 2016 16:32 SosialXaricdə təhsil proqramının dayandırılmasının səbəbləri bəlli oldu. Xaricdə təhsillə bağlı yeni layihə hazırlanıb. Yəni bundan sonra bakalavr pilləsində təhsil alan tələbələr deyil, yalnız magistr və doktorantlar bu proqram üzrə xaricdə təhsil almaq hüququna malik olacaqlar.
Təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, burada diqqət yerli ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə yönəldiləcək.
"Bunun üçün tələbələri xaricə göndərməyəcəyik, əvəzinə isə universitetlərimizdə dərs demək üçün qabaqcıl əcnəbi mütəxəssisləri ölkəmizə dəvət etməyi planlaşdırırıq."-deyə nazirlikdən bildirilir.
ABŞ-ın Şimali Dakota Universitetini bitirən müəllim Fariz Hüseynli hesab edir ki, təhsil müəssisələrinə xaricdən müəllim və idarəçi gətirmək lazımdır. Amma bakalavrı tam ləğv etmək olmaz.
"Əlbəttə ölkə daxilində təhsilin keyfiyyətini artırmaq prioritet olmalıdır, amma xaricdə təhsilin yerini tam doldura bilməyəcəyik, yəni yenə də müxtəlif sahələrdə yüksək ixtisaslı tələbələrə ehtiyac olacaq, amma gərək elə olsun ki, daxildə bu təhsili təmin etmə imkanı olsun. Məsələn, magistr və doktoranturaya köklənməni bu baxımdan düzgün hesab edirəm. Amma ehtiyacı olan bəzi yerlərdə bakalavr da davam etməlidir", - deyə müəllim bildirdi. (anspress)
Təhsil üzrə ekspert Şahlar Əsgərovun sözlərinə görə, Nazirlik tərəfindən verilən bu qərar düzgündür. Çünki orta məktəbi Gəncədə, Şəkidə, Lənkəranda və ya digər şəhərlərimizdə qurtaran gənclər Bakıda ali təhsil almaqla bərabər, həm də dərindən Azərbaycan mədəniyyətini mənimsəyib, milliləşirlər.
" Xaricə bakalavr səviyyəsində təhsil almağa gedənlər müxtəlif xarici mədəniyyətləri mənimsəyərək bir qismi fransızlaşır, bir qismi almanlaşır və s. Sonra vətənə dönəndə onların burda yaşaması çətinləşir. Ona görə də çoxu geri dönmür. Pul hədər xərclənir. Amma bakalavriatlardan fərqli olaraq həm magistrlər, həm də doktorlar vətənə dönəcəklər", - deyə ekspert əlavə etdi.
Xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu Aqil Əzizov hesab edir ki, yeni format da təqdirəlayiqdir. "Doktorantura üzrə qoyulmuş investisiya gələcəkdə bizim təhsil səviyyəsinin Avropa və dünya standartlarına gətirmək imkanı yarada bilər. Artıq doktor təhsilini başa vurmuş şəxslər oradakı təcrübəni daha yüksək səviyyədə ölkədə tətbiq edə bilər. Yaxşı olardı ki, dövlət proqramının digər təhsil pillələrinə də tətbiqi davam etdirilərdi", - deyə Aqil Əzizov qeyd etdi.
Ümumiyyətlə, Dövlət Proqramı çərçivəsində bu günə qədər (2007-2015-ci illər) xaricdə təhsil alan 3 395 nəfər tələbənin 1000 nəfərdən çoxu artıq məzun olub. Məzunların ixtisas sahələri sırasında iqtisadiyyat, tibb, yüksək texnologiyalar, mühəndislik ixtisasları üstünlük təşkil edir.
Mənbə: Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Sərf olunan maliyyə vəsaitinə gəlincə, 8 il ərzində bu proqrama 135,4 milyon manat xərclənib. Dövlət Neft Fondunun məlumatına görə, təkcə, 2014-cü ildə gənclərin xaricdə təhsilinə 33,5 milyon manat ayrılıb. Bunlardan
16,5 milyon manatı yaşayış,
15,2 milyon manatı təhsil,
1 milyon manatı yol,
0,5 milyon manatı tibbi sığorta,
0,3 milyon manatı isə viza, qeydiyyata xərclənib.
Gənclərin 2014-2015-ci tədris ilində xaricdə təhsil alması üçün seçilən ən məşhur ali təhsil müəssisələri aşağıdakı ölkələrdə yerləşir:
ABŞ-da 81 universitet;
Almaniyada 34 universitet;
Avstraliyada 22 universitet;
Rusiyada 47 universitet;
İtaliyada 24 universitet.
Beləliklə, yeni proqrama uyğun olaraq xaricə, doktor və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Format dəyişikliyi dünyanın aparıcı ali təhsil ocaqlarından professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsinə də yol açacaq. Nazirlik tərəfindən verilən qərarın müsbət cəhəti ondan ibarətdir ki, yuxarıda da deyildiyi kimi, dövlət büdcəsindən pullar xaricə boşu-boşuna xərclənməz, çünki orada təhsil alan ali təhsil müəssisəsinin tələbələrinin çoxu geri qayıtmır və əldə etdikləri bilik və bacarıqları yaşadıqları ölkəyə sərf edirlər. Amma bunun qarşısını almaq üçün onları xaricə getməkdən məhrum etməkdənsə, geri dönmələrinə şərait yaradılmalıdır.