Ailə modelimizdəki boşluqlar

Boşanmaların sayını ildən-ilə artırır

Azərbaycanın ailə modeli bir çox ölkələrə nümunə olsa da etiraf edilməlidir ki, ailələr ən müxtəlif səbələrdən dağılır. Respublikada ailə institunun möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi addımların atılmasına, dövlət səviyyəsində xüsusi proqramların həyata keçierləsinə baxmayaraq, boşanmaların sayı ilbə-il artmaqdadır. Maraqlıdır ən çox ailələr hansı səbələrdən dağılır? Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova bildirib ki, respublika üzrə qeydiyyat orqanlarında 2014-cü ildə 85 min 747 nikah, 12 min 290 boşanma, keçən il isə 68 min 985 nikah, 12 min 886 boşanma qeydə alınıb. Aparılan araşdırmaların nəticəsi boşananların sayının statistikası rəsmi nikaha girməyin vacibliyini bir daha aşkara çıxarır. Onun sözlərinə görə, aydındır ki, dini nikahla ailə quranlar ayrılarkən hüquqi müstəvidə ciddi porblemlərlə üzləşirlər. O, deyib ki, xüsusilə də, mülkiyyət münasibətlərinin aydınlaşdırılması zamanı ciddi anlaşılmazlıqlar. mübahisələr, məhkəmə çəkişmələri meydana çıxır: "Ailə münasibətlərinin rəsmi nikah əsasında qurulması həm də evlilikdən əvvəl gənclər arasında gələcək ailə münasibətlərinin planlaşdırılması, bütün həssas məaqamların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir. Bu baxımdan, rəsmi nikaha girməklə yanaşı, nikah müqaviləsinin imzalanmasının əhəmiyyətini də xüsusi qeyd etmək lazım gəlir". S.İsmayılova qeyd edib ki, bəzən belə fikirlər səsləndirilir ki, nikahın rəsmiləşdirilməsi, eləcə də nikah müqaviləsinin imzalanması guya ülvi, saf duyğuların maddiləşdirilməsi, gələcəyin ailəsində inamsızlıq və şübhə simptomlarının baş qaldırması deməkdir: "Əslində isə bu məsələyə hüquqi və sosial reallıqlar prizmasından yanaşmaq düzgündür. Ölkədə bəzi hallarda gəlinin mənzilə, evə qeydiyyata düşməməsi yaşayış və mülkiyyət hüququ əldə edə bilməməsi üçün bəzən onun öz həyat yoldaşı ilə rəsmi nikaha girməsinə belə problemlər yaradılır. Nikah müqaviləsi imzalamağı milli mentalitetə sığışdırmayanlar bəzən boşanma zamanı aylarla məhkəmələrdə çəkişirlər". Şöbə rəisi eyni zamanda, ailə quranlar arasından rəsmi nikahın olmamasının əsas səbəblərdən biriniz məhz erkən nikahlar olduğunu xatırladıb. Ailənin təməli xanımlar olduğunu qeyd edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə hesab edir ki, kişi-qadın münasibətləri, ailə məsələləri bəzən İslamda təhrif olunmuş formada çatdırılanda ailə institutunun təməlini sarsıdır: "Bizim xalq deyimlərimizdə də var ki, "bir yastığda qoşa qarıyasız", "qızım səni ərə veririk, həmin evdən yalnız meyitin çıxa bilər". Bunlar boş-boşuna deyilmiş sözlər deyil. Elimizdən, nəsillərdən gələn kəlamlardır. Əgər biz bu prinsipləri yaşada bilsək kişinin və qadının ailədə, cəmiyyətdə rolunu daha yaxşı anlamış olarıq. Bu gün övladı şəhid olan analrı görəndə onların necə oğul tərbiyə etdiklərini görə bilirik. Onlar həqiqətən də vətən üçün lazımlı övladlar böyütdülər. Sovet dövründə biz elə başa düşürdük ki, tərbiyə cəmiyyətdə yaranır, ancaq zaman keçdikcə gördük ki, tərbiyənin təməli ailədə qoyulur. Bu gün ailədə qızı sabahın gəlini, anası və qaynanası kimi tərbiyə etməyi bacarmalıyıq. Oğlanları isə eyni zamanda, gələcəyin atası, ailə başçısı və qayınatası kimi tərbiyələndirməliyik". Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan dövlətinin, Azərbaycan millətinin əsas sərvəti onun ailəsidir. Azərbaycan əsas qazancı onun ailəsidir, ailə institutunun möhkəmliyidir. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də ailə siyasətidir və bu istiqamətdə də xeyli işlər görülüb: "Ümumiyyətlə, dünyada yüzlərlə dövlət, minlərlə xalq, etnos olsa da, onlardan cəmi 6-7-sinin ailə modeli var. Həmin ailə modellərindən biri də Azərbaycan ailə modelidir. Çox sevindirici haldır ki, bu modellər arasında Türkiyə ailə modeli də var. Özü də bunu biz demirik, bu məsələ beynəlxalq və nüfuzlu jurnallardan birində əksini tapmış, yayılmşı hesabatda öz əksini tapıb". Ailələrin sonsuzluq səbəbindən dağılması iddiasına toxunan komitə sədri bildirib ki, belə həssas məsələlərə ehtiyatla yanaşılmalıdır: "Bəzən bizə müraciətlər olur ki, imkanım var, uşaq evlərindən bir neçə uşaq götürüb saxlamaq istəyirəm. Hesab edirəm ki, biz bu insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır. Çünki insanları çox zaman tanımaq belə mümkün deyil. Müraciət edəndə görürsən ki, normal şəxsdir. Araşdıran zaman məlum olur ki, elə insanlara nəinki özgə uşağının, heç öz uşağının tərbiyəsini etibar etmək olmaz. Buna görə də bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək". 

Psixoloqlar hesab edirlər ki, evlilik hər birlik kimi arabir axsayan tərəfləri olan bir qurumdur. Bu axsamalar aradan qaldırılmadıqda nəticə təəssüf ki, boşanma ilə nöqtələnir. Evlilik müddətində ailəyə yeni bir üzv gəlibsə, boşanma daha ağrılı olur. Evliliyin son qoyulmasına yol açan səbəblər çox müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəbləri aşağıdakı kimi sıralanır: İqtisadi problemlər; tərəflərin sosio-mədəni səviyyə fərqliliyi; cinsi problemlər; ünsiyyət problemi; tərəflərdən birinin xəyanəti; ailədaxili şiddət. Təbii ki, boşanmanın səbəb və nəticəlri uşaqların bundan nə qədər təsirlənəcəyini müəyyən edir. Məsələn, tərəflərin bir-birini başa düşməməsi (ünsiyyət problemi) səbəbiylə qurtaran evliliklə tərəflərdən birinin xəyanəti nəticəsində bitən evliliyi müqayisə edək. Birincisində, tərəflər uzlaşan və uşaqla bağlı problemlərin öhdəsindən gəlmək barədə daha düşüncəli davrana bilirlər. İkinci vəziyyətdə isə tərəflər bir-birilərinə qarşı daha qəzəbli və düşməncə davranışlar göstərirlər. Vəziyyət belə olduqda istəsələr də uzlaşan ola bilməzlər. İkinci tip boşanmalarda isə uşaqlara daha çox zərər dəyir. Odur ki, cütlüklər boşanan zaman həm də uşaqların gələcək taleyini düşünməlidirlər.


Alim 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00