Azərbaycanlı alim Vatikanda keçirilən beynəlxalq konfransda çıxış edib
15 Aprel 2016 16:36 SosialXəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Muxtar Hacızadə Vatikanda "Ortaq Evimiz üçün qayğı: ABŞ və Vatikanın qlobal məsələlərdə iştirakı" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda Vatikanda akkreditə olunmuş səfirlər, diplomatik korpus nümayəndələri, müxtəlif dini qrupların liderləri və beynəlxalq xəbər agentliklərinin təmsilçiləri iştirak ediblər. Konfrans 2015-ci il mayın 24-də Papa Fransis tərəfindən dünyadakı Roma Katolik Kilsəsinin bütün yepiskoplarına göndərilmiş "Ortaq Evimiz üçün qayğı" haqqında ensiklika məktubundakı bəzi məsələlərdən irəli gələn çağırışları müzakirə etmək məqsədilə keçirilib. Papanın Ədalət və Sülh Şurasının prezidenti Kardinal Peter Turksonun sədrliyi ilə Vatikandakı Apostol Sarayında keçirilən konfransda "Azərbaycandakı dinlərarası tolerantlıq və multikulturalizm" adlı təqdimatla çıxış edən M. Hacızadə ölkəmizdə təşəkkül tapmış dini tolerantlığın əsasları və mövcud olan multikulturalizmin önəmini regionda və dünyada baş verən gərginliklər fonunda dəyərləndirib. M. Hacızadə öz çıxışında Azərbaycandakı müxtəlif dini qruplar və milli azlıqlar haqqında danışmış, onların ölkəmizin tolerantlıq mühitinə verdikləri danılmaz töhfələr haqqında konfrans iştirakçılarına məlumat verib. Müzakirə zamanı, M. Hacızadə aprel ayının ilk günlərində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulması və təxribatlar törədilməsi, hələlik nəticə verməyən sülh danışıqları, Ermənistandakı tarixi vətənlərindən zorla çıxarılaraq Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlərin vəziyyəti və güc tətbiqi dilemması barəsində də öz fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.