Milli Məclis aprel döyüşlərini müzakirə etdi

Spiker: “Dövlətin apardığı siyasətə kölgə salanların özləri kölgə altındadır”

Milli Məclisin plenar iclası cari məsələlərin müzakirəsi ilə öz işinə başlayıb. İlk olaraq parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, son günlər Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsində ölkəmizə dəstək gəlir: "Mən İslam Əməkdaşlıq Konfransının toplantısını və orada Azərbaycana verilən dəstəyi qeyd edərdim. Amma təəssüflər olsun ki, bəzi media orqanlarında, saytlarda dövlətin apardığı siyasət, Milli Məclis haqqında həqiqətəuyğun olmayan yazılar gedir. Bu da, aydındır ki, onlar kimlərinsə təsiri altındadır. Məsələn, ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı hesabat verib. Lakin hesabatda ən neqativ fikirləri ortaya çıxarırlar. Baxmayaraq ki, hesabatda ölkəmizlə bağlı çox müsbət məqamlar da mövcuddur. Bunların hamısı qərəzlidir. Azərbaycan xalqı göstərdi ki, bu ölkədə hər kəs birdir. Müvafiq qurumları bu media strukturları haqqında ölçü götürməlidirlər". Spiker Oqtay Əsədov isə deyib ki, dövlətin apardığı siyasətə kölgə salanların özləri kölgə altındadır. ABŞ-da məlum hesabatla bağlı bəzi məqalələr yazıldı. Amma Dağlıq Qarabağla bağlı ABŞ-ın göstərdiyi obyektiv mövqe haqda onlar heç nə yazmadı". Milli Məclis sədri bildirib ki, biz Ermənistanla müharibə aparmamışıq. "3 gün Ermənistan tərəfindən törədilən təxribatlara cavab verilib. Müharibə olsaydı Azərbaycan hara gedib çıxardı yaxşı bilirsiniz. Azərbaycan əsgərləri və ordusu göstərdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Sülh danışıqları gedir, güman edirəm ki, məsələ öz həllini tapacaq". Millət vəkili Fazil Mustafa qeyd edib ki, əksər deputatlar şəhidlərin yas mərasiminə qatılıblar: "Bəzi saytlar qeyd edirlər ki, deputatlar şəhidlərin yas mərasiminə qatılmır. Bu tanmamilə yanlışdır. Mən özüm şahidəm ki, əksər deputatlar şəhidlərin yas mərasiminə qatılıblar. Hesab edirəm ki, cəmiyyəti kateqoriyalara bölmək qorxulu tendensiyadır. Bunu yazan saytlara, jurnalistlərə də tənqidi yanaşılmalıdır. Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? Bu cəmiyyəti bölgələrə, təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq Azərbaycan cəmiyyətində Vətən məsələsinə münasibət dəyişməlidir". Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, dünyada və Azərbaycanda elə mövzular var ki, onun üzərindən siyasət qurmaq, yaxud mübarizə aparmaq yolverilməzdir: "Bu mövzulardan biri də vətən uğrunda olan şəhidlərimizdir. Onların üzərində siyasət qurmaq olmaz. Yazırlar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları şəhidlərin mərasimlərinə qatılmır və s. Biz şəhidin yas mərasiminə qatıldıq. Şəhidin əmisi dedi ki, həmin gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası da vəfat etmişdi. Ancaq Talıbov əvvəl şəhidin yas mərasiminə qatılıb, sonra isə anasının vəfatı ilə bağlı işlərlə məşğul olub. Bu insanlarda çox yüksək qarşılanır. Şəhidlərin dəfni mərasimində minlərlə insan iştirak edir. Onlar da görürlər ki, mərasimlərə kimlər qatılır. Hesab edirəm ki, belə mövzular siyasət aləti olmamalıdır. Bu kimi hallar cəmiyyət tərəfindən qınanmalı və lənətlənməlidir". Millət vəkili AXCP sədri Əli Kərimlini də tənqid edib: "30-40 quldur qabağından qaçanlar indi müharibə haqda danışırlar: "Amerikada Qarabağla bağlı aparılan danışıqlar zamanı Əli Kərimli mitinqi təxirə saldı. Belə riyakar insanlara qarşı cəmiyyət öz narazılığını bildirməlidir". Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim edib. Hesabatda qeyd olunur ki, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb. Belə ki, 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normativ hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə "Azərenerji" ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) maliyyə pozuntuları, dövlət vəsaitini mənimsəmə və digər qanuna zidd əməllər aşkarlanıb. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə BŞİH-ə ayrılmış vəsaitin 12,7%-nin təyinatı dəyişdirilərək Bakı şəhər yollarının asfalt örtüyünün əsaslı təmirinə və yenidən qurulmasına, həmçinin klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılmasına yönləndirilib. Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin tələblərinə əməl edilməyərək bəzi hallarda satın alınan malların ehtimal olunan qiymətləri mövcud qaydalara uyğun müəyyənləşdirilməyib. Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Komitə sədri Ziya Səmədzadə qeyd edib ki, onlar Hesablama Palatası ilə birgə çalışırlar və irəli sürdüyü təklifləri nəzərə alınır: "Hesabatın strukturu ənənəvi strukturlardan fərqlənir. İlk dəfə olaraq hesabatda büdcənin sistemli təhlilinə yol verilib. Palata həmçinin vergi, gömrük, əmək məcəllələri ilə bağlı təkliflər irəli sürüb". Deputat Əli Məsimli söyləyib ki, Hesablama Palatasının fəaliyyətində büdcə vəsaitinin xərclənməsində effektivliyin artırılması məsələsi haqda danışılıb: " Azərbaycan borcları devalvasiyadan əvvəl 10 faiz, devalvasiyadan sonra 20 faizə qalxıb. Bu təhlükəli hədd olmasa da, ölkəmiz üçün uyğun deyil. Bizdə heç vaxt xarici borc 10 faizdən çox olmayıb". Deputat deyib ki, 17 minə yaxın insan təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsildən kənarda qalıb. Biz bunu pisləyir və təklif edirik ki, "Təhsil krediti haqqında" qanun qəbul edilsin. Millət vəkili Vahid Əhmədov diqqətə çatdırıb ki, Azərbaycanın bank sektorunda çox ciddi problem yaranıb. Bu problemlərin həll edilməsi üçün ölkədəki bank rəhbərləri Milli Məclisə çağırılmalıdır: "Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Mən əvvəllər də təklif etmişdim. İndi də təklif edirəm ki, bu məsələ ilə əlaqədar bankların rəhbərlərini Milli Məclisə dəvət edək. Problemləri müzakirə edək. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımmlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq. Azərbaycan prezidenti, iqtisadiyyatın müxtəlif sahələri- tütünçülük, pambıqçılıq və sair sahələrin inkişafı ilə bağlı göstərişlər verib. Bu göstərişlərin yerinə yetirilməsi üçün bank sistemi çevik işləməlidir. Bir daha müraciət edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun və problemlər birgə müzakirə olunsun". Müzakirələrdən sonar Hesablama Palatasının illik hesabatı qəbul edilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00