Rumıniyada yükdaşımalarla bağlı müzakirələr aparılıb

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstansa limanından keçməklə yük daşımalarının inkişafı ilə bağlı keçirilən üçgünlük dəyirmi masa başa çatıb. "OLAYLAR"-ın "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, tədbirdə qurumun sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin Baş direktoru Mamuka Baxtadze, "Moldova Dəmir Yolu" DB-nin Baş direktoru Yuri Topale və Rumıniya "CFR Marfa Sa"nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər. İştirakçılar Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparıblar. Tədbirin sonunda tərəflər arasında memorandum imzalanıb. Azərbaycan nümayəndə heyəti ilə Rumıniyanın Nəqliyyat Nazirliyinin TRACECA milli katibliyinin Baş katibi Maria Grigore arasında ikitərəfli görüş keçirilib. Aparılan danışıqlar zamanı Azərbaycanın tranzit imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizləri və onların potensialı, bu sahədə görülən işlər, imzalanan müqavilələr haqda məlumat verilib, Ruminiya ilə bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00