Kənd və qəsəbələrarası yollar yenidən qurulur
15 Aprel 2016 13:33 SosialKəndlərarası və qəsəbələrarası avtomobil yollarını yenidən quraraq vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bağlı prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu cür kompleks tədbirlərdən biri Xaçmaz rayonunun Ağyazı Buduq kəndinə gedən avtomobil yolunda həyata keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Ağyazı Buduq kəndində avtomobil yolunun tikintisindən sonra açılış mərasimi keçirilib. Açılış tədbirində "Azəravtoyol" ASC-nin rəhbərliyi, cəmiyyətin tabe qurumlarının və rayon İcra hakimiyyətinin nümayəndələri, həmçinin yerli sakinlər iştirak ediblər. Aparılan əsaslı yenidənqurma işləri çərçivəsində yeni yol yatağı və yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra avtomobil yoluna 7 metr enində 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib, çiyinlər bərkidilib. Ümumilikdə 18 min m2 ərazinin asfaltlanması işləri həyata keçirilib. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü borular qoyulub. Ağyazı Buduq kəndinə yeni avtomobil yolunun tikintisi ilə iki yaşayış məntəqəsinin 2 minə yaxın əhalisinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.