Milli qəhrəmanlarımız təbliğ olunur

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Milli Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" mövzusunda gənclərlə maarifləndirmə tədbiri keçirilib. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tədbirin keçirilməsinin əsas məqsədindən danışıb. Bildirib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhrəmanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında tam ətraflı məlumat verilməsi vacibdir: "Hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri sağdır. Bildiyiniz kimi Biləsuvar rayonundan da adını öz qanı və canı ilə qəhrəmanlar sırasına yazmış qəhrəmanımız var. Mübariz İbrahimovla biz hamımız fəxr edirik. Biz qəhrəmanlarımızı tanımalı, onlar haqqında məlumatları gələcək nəsillərə ötürməliyik Əminik ki, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında gənclərimiz sona qədər mübarizə aparacaqlar. Onlar hər an Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrini gözləyirlər". Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətindən danışıb. Bildirib ki, Biləsuvar gənclərində vətənpərvərlik hissi həmişə yüksək olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00