Ulyanovskda Azərbaycanın turizm potensialının təqdimatı keçirilib
15 Aprel 2016 12:31 SosialMədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti tərəfindən Rusiya Federasiyasının Ulyanovsk vilayətində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, təqdimat Rusiyanın Volqaboyu ərazilərində "Road Show" çərçivəsində təşkil olunub. Bu layihənin keçirilməsində əsas məqsəd rus turistlər üçün yeni səhayət istiqamətlərinin yaradılmasından ibarətdir. Tədbirdə Rusiyada Azərbaycanın turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti Ulyanovskdan Bakıya çarter reysin daxil olduğu yeni turizm məhsulunu təqdim etmişdir. Turizm məhsuluna həmçinin yerləşmə, qidalanma, tibbi sığorta və transfer daxil olduğu bildirilib. Təqdimatda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, "Tour A Vent" şirkətinin nümayəndələri, Ulyanovsk vilayətinin turizm şirkətləri, rəhbər şəxsləri, Azərbaycanın Jumeirah Bilgah Beach Hotel, Qafqaz otellər qrupu, Shamakhi Palace, Naftalan Hotel by Rixos, Intourist, Bulvar, Qarabağ otellərinin və Şahdağ Turizm Mərkəzinin nümayəndələri və jurnalistlər iştirak ediblər.