Sərnişindaşımada problemlər yoluna qoyulur

Təhlükəsiz sərnişindaşımaya keçid yüksək səviyyədə təmin olunur

Paytaxtın sərnişindaşıma sistemində zaman-zaman ciddi problemlər olub və günümüzdə də həmin problemlərin bəziləri qalmaqdadır. Əksər avtobus sürücülərinin kobudluğu, yol nəqliyyat qaydalarına əməl etməmələri bir çox hallarda sürücü ilə sərnişin arasında əlbəyaxa savaşa, hətta ağır cinayətlərin işlənməsinə belə gətirib çıxarırdı. Bir qayda olaraq sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərindən qaynaqlanan bu nproblemlərin yoluna qoyulması istiqamətində tədricən addımlar atılmaqdadır. Bu istiqamətdə müsbət tendensiya isə paytaxtın müəyyən bir hissəsində sərnişindaşıma prosesinin "BakuBus" şirkəti tərəfindən həyata keçirilməsindən sonra özünü göstərməyə başlayıb. Məlumat üçün qeyd edək ki, "BakuBus"ın əsas məqsədi beynəlxalq standartlara və müasir tələblərə cavab verən avtobuslarla vətəndaşlara avtomobil nəqliyyatı sahəsində təhlükəsiz və yüksək keyfiyyətli sərnişindaşıma xidmətini göstərməkdən ibarətdir. Şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyir ki, "BakuBus" komandası Bakı şəhərinin mərkəzində sərnişindaşıma xidmətini həyata keçirən zaman əsas və prioritet strategiyası sərnişin məmnunluğunu yüksək səviyyədə saxlamaqdan ibarətdir: "Sözsüz ki, sərnişindaşıma fəaliyyətinin daima yüksək səviyyədə həyata keçirilməsi, bu xidmətin beynəlxalq standartlara cavab verməsi və optimallaşdırılması məqsədilə "BakuBus" müntəzəm olaraq intensiv fəaliyyətində islahatlar keçirməkdə davam edir. Xüsusilə qeyd edək ki, "BakuBus" bu sahədə yaranan hər bir nöqsanı və çatışmazlığı aradan qaldırmaq üçün fəaliyyəti zamanı müəyyən tədbirlər həyata keçirir. Belə ki, "BakuBus" avtobuslarının arxa hissəsində "Təhlükəli sürərsə: 077-250-57-57" məzmunlu elan yerləşdirilməsi buna bariz nümunədir. "Qaynar xətt"imiz (*4242) avtobuslarımızın xidmət göstərdiyi vaxt ərzində vətəndaşların şikayət, təklif və suallarını( müraciətlərini) qəbul edir. Sürücü kabinəsinin arxa tərəfində isə cari anda avtonəqliyyat vasitəsini idarə edən sürücünün adı soyadı, ata adı əks olunmuş lövhə mövcuddur". Nuridə Allahyarova deyir ki, "BakuBus" nəzarətçiləri və digər əməkdaşları tərəfindən sürücülərin ayıq-sayıqlığının və avtobusu idarəetmə bacarıqlarının yerində yoxlanılması məqsədilə müntəzəm olaraq təftişlər həyata keçirilir. Onun sözlərinə görə, cəmiyyət tərəfindən sərnişindaşıma xidmətinin tam təhlükəsiz şəkildə həyata keçirilməsi, vətəndaşların mənzil başına rahat və heç bir problem olmadan daşınması üçün hər səhər sürücülər xəttə çıxmamışdan əvvəl həkim müayinəsindən keçərək, onların spirtli içki qəbul edib-etməməsi, arterial və qan təzyiqi yoxlanılır: "Aparılan tibbi müayinə zamanı səhhətində hər hansı problemi yaranan sürücülər həmin gün üçün xəttə buraxılmır. Yuxarıda qeyd olunan hallardan başqa vurğulamaq istərdik ki, sürücülər qurumun daxili nizam- intizam qaydalarını və vəzifə təlimatlarından irəli gələn öhdəlikləri pozduqları təqdirdə rəhbərlik tərəfindən onlar barəsində Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini tam icra edə bilmədikdə; sınaq müddəti ərzində özünü doğrultmadıqda və 72-ci maddəyə əsasən, (işçinin əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən hallar) və 186-cı maddəyə əsasən (əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) müvafiq tədbirlər görülür. Qəbul edilən müraciətlər ilkin olaraq qurumun səlahiyyətli əməkdaşları tərəfindən araşdırılır və aparılan araşdırma nəticəsində sürücülərin səhvi öz təsdiqini taparsa, onlar barəsində vəzifə təlimatından irəli gələn öhdəlikləri tam yerinə yetirmədiklərinə görə "Töhmət", Şiddətli töhmət" və "Sonuncu xəbərdarlıqla şiddətli töhmət" (Azərbaycan Respublikası Əmək Məcəlləsi 186-cı maddənin 2-ci hissəsi) intizam tənbeh tədbiri müəyyən edilir. Cəmiyyətin rəhbərliyi tərəfindən verilən yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərindən sonra sürücülərin nəticə çıxarmaması və yenidən sərnişindaşıma xidmətini həyata keçirən zaman nöqsanlara yol verməsi təqdirdə Əmək Məcəlləsinin müvafiq maddələri ilə (70-ci maddəsinin ç, d və 72-ci) tutduğu vəzifədən azad edilirlər. Rəhəbrlik tərəfindən sürücülər barəsində verilən intizam tənbeh tədbirləri ilə bağlı qısa bir statistikanı nəzərinizə çatdırmaq istərdim. Belə ki, 2016-cı ilin 1-ci rübü ərzində 30-dan çox sürücüyə "Töhmət" və "Şiddətli Töhmət" intizam tənbehi tədbiri verilib. Bundan əlavə, 2015-ci ilin 4-cü rübü ( oktyabr, noyabr, dekabr) və 2016-cı ilin bu gününədək "BakuBus" MMC-də 75 sürücü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan müvafiq maddələrinə əsasən tutduqları vəzifədən azad ediliblər. 2015-ci ilin son aylarında sürücülərə qarşı tətbiq edilən intizam tənbeh tədbirləri ilə 2016-cı ilin ilk rübündəki rəqəmləri müqayisə etsək, biz sürücülərin intizam məsuliyyətinə cəlb olunması hallarında artımın şahidi olarıq". Nuridə Allahyarova qeyd edir ki, bunun da bir neçə haqlı səbəbləri mövcuddur: " Belə ki, "BakuBus" fəaliyyətə başladığı andan qarşısına qoyduğu əsas hədəfi şəxsi keyfiyyətləri ilə qurumun işgüzar nüfuzuna uyğun gələn sürücüləri bu komandaya cəlb etmək olub. Sürücülərin daimi təlimlərə cəlb edilməsi, həmin təlimlərdə əldə etdikləri bilik və bacarıqların avtobusu idarəetmə xüsusiyyətlərinə tam şəkildə uyğunlaşdırılması üçün "BakuBus" həmin sürücülərin hər birinə qarşı humanist mövqə nümayiş etdirmiş və hazırda da bu mövqeyini davam etdirməkdədir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, sərnişin məmnunluğunu, vətəndaşlarımızın təhlükəsiz şəkildə mənzil başına çatmasını və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan digər daşıyıcılara nümunə olmaq məqsədilə qurumumuza daxil olan müraciətlərə ( hər xırda nöqsandan tutmuş ən böyük nöqsan və problemlərə qədər) səlahiyyətli və təcrübəli əməkdaşlar tərəfindən dərhal reaksiya verilr və tam şəkildə araşdırılır. Bütün bu hallar isə nəticədə sərnişindaşıma fəaliyyəti zamanı daha keyfiyyətli olmaq və bizə verilən etimadı doğrultmaq məqsədilə daha çox sürücünün intizam məsuliyyətinə cəlb olunmasına zəmin yaratmış olur. Fikrimizcə, yol verilən nöqsanlara görə sürücülərin intizam məsuliyyətinə cəlb olunması digər sürücülər qarşısında da məsuliyyəti birbaşa artırır və onlar bir daha necə həssas və intensiv fəaliyyət növü ilə məşğu olduqlarının fərqinə varırlar. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, bundan sonra da "BakuBus-un əsas fəaliyyət istiqamətini sərnişindaşıma xidmətinin (fəaliyyətinin) həyata keçirilməsi sahəsində beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və innovativ tələblərin yaradılması təşkil etdiyinə görə, kimliyindən aslı olmayaraq, bu xidməti həyata keçirən zaman vəzifə təlimatından irəli gələn öhdəliklərə cavab verməyən və avtobusların idarəedilməsi, sərnişinlərlə davranışı zamanı kobud nöqsanlara yol verən hər bir sürücü qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunur və bundan sonra da cəlb olunacaq. Yola çıxacağımız ilk gündən prioritetimiz təhlükəsiz sərnişindaşıma və sərnişin məmnunluğudur. Bu yolda heç bir güzəşt edilməyəcək".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00