Bir tarixin salnaməsi

“Birləşməsək xalq bizi bağışlamaz!”

Cahangir Hüseynov: "Hər bir müharibənin sonu sülh ilə bitməlidir"

Əvvəli ötən sayımızda

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.

-Bəs sovet dövründə bu ərazi bölgüsü necə həyata keçirilirdi?

-Məlumat üçün qeyd edim ki, Sovet dövründə bu ərazi xırda-xırda inzibati ərazilərə bölünmüş, insanların mülkiyyəti torpaqları əllərindən alınmış, ona görə də bu inzibati quruluşda idarə olunmuşdu. Artıq 25 ildir ki, Azərbaycan müstəqil dövlətdir. Sovet inzibati ərazi bölgüsü heç də özünü doğrultmur. Respublika büdcəsindən maliyyələşərək, milyonlar ilə vəsait boş yerə sərf olunur. Hər bir rayonda müxtəlif eyni dövlət qurumları yaratmaqla eyni vəzifələri icra etməklə xeyli sayda məmurlar ordusu yaranmışdı. Respublikanın inzibati ərazi bölgüsü ilə bağlı bir daha qeyd edim ki, Dağlıq Qarabağın statusunun müəyyən olunmasına qədər öz köhnə inzibati ərazi bölgələrindən imtina edilməlidir. Sovet idarəçilik sisteminə uyğun olaraq, ərazi vahidlərini rayonlara bölməklə 87 min kvadrat km. lik, 10 milyon əhalisi olan bir ölkədə 80-a yaxın rayon və hər bir rayonda büdcədən maliyyələşən rayon icra hakimiyyəti, rayon polis, təhsil, səhiyyə, rayon sosial müdafiə şöbələri, rayon prokurorluğu, Xüsusi Xidmət orqanı və s. onlarla belə bir-birini təkrar edən, maliyyələşən qurumlar vardır. Hər inzibati rayonda 50-80 min əhali olmağına baxmayaraq yuxarıda vurğuladığım onlar dövlət qurumu yalnız büdcədən maliyyələşməklə deyil, həmçinin əhalinin bəzi təminatlarına da şərik olmaqla (korrupsiya, pay alma, rüşvətxorluq, mükafat) insanların maddi durumuna daha da böyük zərbələr vururlar. Bu ərazi vahidlərini 10-12 ərazi vahidinə bölməklə bu qədər yersiz dövlət qurumlarından xilas olmaq olar. Bələdiyyə, özünü idarə sistemini inkişaf etdirmək lazımdır. Xalqın seçdiyi etibar etdiyi bələdiyyələrə hakimiyyət verilməlıdir. Həmçinin Prezident tərəfindən təyin olunmuş icra hakimiyyəti məhdud çərçivədə yerlərdə bələdiyyə orqanlarının işlərinə rəhbərlik edə bilər. Bu model dunyanın əksər olkələrində tətbiq olunur. Buna keçməklə, ölkəmizin hər hansı bölgəsində olan çatışmamazlıqlar, əli əyriliklər aradan qaldırılar, vətəndaş cəmiyyəti inkişaf edər, büdcəmizin pulları boş yerə axmaz, iqtisadiyyatımız xeyli güclənər. Bir məsələni də oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu gün karbohidrogen ehtiyatları (neft,qaz) ilə zəngin olan dövlətlər dünya ölkələrinin 10 faizini təşkil etsə də, yer üzərində mövcud olan 200-dən artıq dövlətlərin ümumdaxili məhsulunun ən yüksək olanları heç də neft və qazla zəngin olan dövlətlər deyil. Neft gəlirlərindən düzgün istifadə etməklə Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirə, qeyri-neft sektorlarının inkişafına təməl verə, kənd təsərrüfatı, turizm və yüngül, ağır sənayeni inkişaf etdirməklə əhalimizin maddi durumunu xeyli yüksəltməyə nail ola bilərik.

-Sizin bu dedikləriniz ilə Dağlıq Qarabağda yaşayan ermənilər razılaşarmı?

-Əlbəttə, bugünki vəziyyətdə və şəraitdə ermənilər bununla razılaşmaq istəməzlər. Bunun isə müxtəlif obyektiv və subyektiv səbəbləri var. Birinci növbədə, xalq diplomatiyasından istifadə olunmalıdır. Bu iki xalqın arasında olan düşmənçilik, ədavət artırılmalı deyil. "Olan, olub, ötən keçib", deyərlər. Yer üzü yaranandan qəbilələr, tayfalar, dövlətlər, millətlər bir-birləri ilə onilliklər, yüzilliklər boyu müharibələr aparıblar. Avropada ingilis-fransız, alman-fransız, alman-rus, rus-osmanlı türkləri, Şimal Amerika ilə Cənubi Amerika, yəhudilərə qarşı Faşıst Almaniyası, Amerika - Vyetnam müharibəsi və s. yüzlərlə belə müharibəni göstərmək olar. Hər bir müharibənin sonu sülh ilə bitməlidir. Birinci Dağlıq Qarabağ müharibəsindən 20 ildən artıq zaman keçir. Biz heç bir zaman Xocalı soyqırımını unuda bilmərik. Bütün Dağlıq Qarabağ müharibəsində şəhid olanların ruhlarına dua etməklə onların ailələrinə, ailə üzvlərini itirmiş insanlara, müharibə zamanı əlil olanlara böyük maddi təminatlar verilməlidir. Az da olsa, bu ağır faciəni maddi təzminat ilə dövlətimiz yüngülləşdirməyə çalışmalıdır. Hər bir ailə üzvünü, övladını itirmiş insanlar da artıq anlamalıdırlar ki, bu düşmənçiliyi hər hansı bir yolla da olsa, aradan qaldırmalıyıq. Gələcək nəsillərimiz müharibəyə "YOX!" deməlidirlər. Ermənistan dövləti ilə də kompromis danışıqlar aparılmalıdır. Bu danışıqlarda da nəinki Minsk qrupunun həmsədrlərindən, eləcə də Gürcüstan, Rusiya və Türkiyədən də istifadə etmək olar.. Yalnız bu 3 qafqaz ölkəsi bir araya gəlməklə xalq diplomatıyası ilə aradakı kini, ədavəti aradan qaldırmağa çalışmalıyıq. Əlbəttə, bunlar çətin olsa da, biz gələcək nəslimizi düşünüb, bunları etməliyik. Bir məsələni də burada yada salmaq istəyirəm. Tarixən yer üzündə iki millət - yəhudilər və ermənilər müxtəlif bəhanələr ilə yaşadıqları ərazilərdə müxtəlif siyasi oyunlar çıxartmaqla öz əməllərinin nəticəsi olaraq hər zaman fərqli təzyiqlərə məruz qalmışlar. Bu iki millətin nümayəndələri, demək olar ki, dünyanın hər bir yerinə səpələnib, dağılmış, həmin ərazilərdə olan diasporları vasitəsilə yaşadıqları ərazidə dövlət və ictimai qurumlarına təsir etmək imkanlarına malik olmuşlar. Biz hərbi gücümüzü artırmaqla, diaspor işlərimizi sürətləndirməklə yüz illərlə formalaşan erməni diaspor ilə mübarizə aparmalı deyilik. Biz öz böyük millət, dövlət məfhumumuzun olmasını qəbul etməliyik. Azərbaycan türklərinin 2000 min ildən artıq qədim tarixləri var. Onlar böyük türk millətinin bir qolu olmaqla 22 imperiyanın, 159 dövlətin yaradıcılarının bu gün varisləridir. ilə Biz heç bir zaman özümüzü erməni milləti ilə müqayisə etməli deyilik. Onlar həm sayca, həm də dövlətçilik ənənələri olmamaqla min illər ərzində türk dövlətlərinin tərkibində yaşamış və fəaliyyət göstərmişlər. Onların "Qriqoryan" dininin və kilsələlərinin qorunub saxlanılmasında da türk millətinin böyük dəstəyi olub. Bu xırda millət bizim əhatəmizdə yaşamaqla, dillərini, adət-ənənələrini saxlamağa görə də türk millətinə borcludurlar. Biz öz böyüklüyümüzü başa düşməklə, XXI əsrdə ermənilər ilə kompromisə gedib, heç bir kənar dövlətin iştirakı olmadan danışıqlar aparmalı, tezliklə onlarla sülh bağlamalıyıq. Cənubi Qafqazda gözəl bir turizm məkanı yaratmaqla bütün milli mədəni dəyərlərdən bəhrələnərək, regionda yaşayan bütün millətlərin və xalqların mədəniyyətlərini, dinlərini və s. qorumaqla dünyanın ən inkişaf etmiş məmləkətlərindən birinə çevrilə bilərik. Burada həm şimal qonşumuz Rusiya, həm cənubda İran, qərbdən isə Gürcüstan və Türkiyənin mövqelərindən də istifadə etməklə, millətlərimizin güzəranını artıra bilərik. Bununla hazırda dünyada gedən terrorizmə qarşı daha səmərəli mübarizə apara və özümüzü də bu hadisələrdən və müharibələrdən qoruya bilərik. Əhalimizin güzəranı qalxar. Müharibəyə də son qoyular. Əsrlər boyu erməni Azərbaycan milləti birgə yaşamışlar. Indi də dünya sülh dövründədir. Ermənilər də anlamalıdr ki, əsrlər boyu eyni ərazilərdə millətlər və xalqlar birgə yaşayıblar. Bu ərazilərdən nə onlar, nə də ki biz köçüb gedəsi deyilik. Təbii ki, onlara büdcədən yardımlar edilməlidir, sərhədlər açılmalıdır, millətlər qaynayıb, qarışmalıdır. Yox, əgər onlar Dağlıq Qarabağda yaşamaq istəməsələr, əlbəttə, onları zorla tutub, saxlamalı deyilik. Onsuz da ermənilər tarixən nəinki Dağlıq Qarabağ ərazisindən, hətta Ermənistan ərazisindən də köç edib müxtəlif ölkələrə gediblər.

-Son günlərdə erməni qüvvələrinin cəbhədəki təxbiratı barədə nə deyə bilərsiniz?

-2014-ci ilin yaz aylarında Azərbaycan dövləti Birinci Yay Olimpiya Oyunlarına hazırlaşarkən və dövlətimizin başçısı ölkədə olmadığı zamanda ermənilər cəbhədə təxribat törətdilər. Atəşkəs rejimini pozaraq, Azərbaycanın sərhədyanı zonalardakı ərazilərinə hücum etdilər. Həmin dövrdə də Azərbaycan ordusu onların layiqli cavablarını verdi. Indi də Möhtərəm cənab Prezidentin "Nüvə Təhlükəsizliyi 2016" sammitində iştirak etməsi erməniləri yenidən qısqandırdı, dinc əhalimizə həm maddi, həm də mənəvi zərərlər yetirdilər. Azərbaycan ordusu bu dəfə də onların layiqli cavablarını verdi. Azərbaycan ordusu özünün gücünü ermənilərə göstərdi. Bir sıra yüksəkliklər ələ keçirildi. Ermənilər böyük təlaş içərisində Azərbaycan ordusunun gücünü gördülər. Bu hadisələrdə həlak olan Azərbaycan ordusunun şəhidlərinə və mülki əhali arasında da həlak olan insanların ailələrinə fürsətdən istifadə edib, dərin hüznlə baş sağlığı verirəm. Allah onlara rəhmət etsin!.

Süleyman İsmayılbəyli

Ardı növbəti sayımızda

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00