Nazir rusiyalı jurnalistləri Azərbaycan turizmi barədə məlumatlandırıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Konqres Mərkəzində ölkədə səfərdə olan Rusiya kütləvi informasiya vasitələrinin nümayəndələrini qəbul edib. Nazirlikdən "OLAYLAR" -a verilən məlumata görə, Əbülfəs Qarayev Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıqla bağlı qonaqlara məlumat verib. Mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlıq görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdəki multikulturalizm atmosferin saxlanılması və inkişafı məqsədilə Azərbaycan BMT, UNESCO, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlıq edir, layihələrə qatılır. Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərar qəbul edilməsi də dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Əbülfəs Qarayev ölkəmizin turizm imkanları haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan öz turizm potensialını tanıtmaq məqsədilə mütəmadi olaraq beynəlxalq turizm sərgilərində iştirak edir. Ölkəmizdə turizmin inkişafı üçün hər bir şərait mövcuddur. Qeyd edək ki, ölkədə səfərə gələn Rusiya nümayəndə heyətinə "RİA Novosti", "My way", "National Geographic", "Cosmopolitan", "Otdoxni" jurnallarının, "RİA Novosti", "Vesti.Turizm", "Komsomolskaya pravda", "Exo Moskvi", "Moskovsakaya pravda- travel.ru", "Qazeta.ru", "TTG" və "100 doroq" qəzetlərinin əməkdaşları daxildir. Səfər çərçivəsində Bakı, Şəki, Naftalan şəhərləri, Şamaxı, Qəbələ, Göygöl rayonları ilə tanışlıq keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00