Vətəndaş məsuliyyəti hiss etdik
14 Aprel 2016 12:44 SosialHazırkı mərhələdə bütün dünyada olduğu kimi, Azərbaycanda da internet resursları üzərindən vətəndaş jurnalistikası kimi təqdim olunan "facebook", "twitter" və digər internet səhifələrində olan yazıların məsuliyyəti ilə bağlı hüquqi mexanizmlər formalaşmayıb. Yəni bu barədə konkret hüquqi məsuliyyət yaradan sistem yoxdur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə millət vəkili Hikmət Babaoğlu təmas xəttində baş verən son hadisələrə KİV və sosial şəbəkə istifadəçilərinin yanaşmasına münasibət bildirərkən səsləndirib. Bildirib ki, belə olan halda, məsuliyyətsiz bir informasiya məkanında ayrı-ayrı fərdlərin davranışlarında da məsuliyyətsizlik müşahidə edilir: "Amma bütün bunlara baxmayaraq, biz burada da vətəndaş məsuliyyəti hiss etdik. Baş verən hadisələrdə vətəndaş jurnalistikasının nümayəndələri kimi səciyyələndirdiyimiz sosial aktiv fərdlərimizin davranışlarında xeyli dərəcədə məsuliyyət hiss olundu. Təbii ki, burada milli gücün keyfiyyət komponenti olan milli diplomatiyanın xidməti olduqca müstəsna yer tutdu. Milli diplomatiyamızın hadisələrlə bağlı yönləndirici və səfərbəredici fəaliyyəti çox səmərəli oldu. Bunun da nəticəsi kimi, qlobal informasiya məkanında ənənəvi olaraq Azərbaycanın əleyhinə yayılan informasiyalar öz yerini həm neytral, həm də obyektiv informasiyalara verdi".