Bir tarixin salnaməsi

“Birləşməsək xalq bizi bağışlamaz!”

Cahangir Hüseynov: "ATƏT-in Minsk Qrupunun həmsədrləri heç olmasa 7 rayonun bir kəndini bu illər ərzində geri qaytara bilibmi?"

Əvvəli ötən sayımızda

Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, eləcə də bu münaqişə nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün öz yurd-yuvalarından didərgin düşərək çətin şərtlər altında yaşaması, bunun çıxış yolları zaman-zaman Milli Məclisdə müzakirə mövzusu olub. Demək olar ki, parlamentin hər bir iclasında diqqət yetirilən bu məsələlərlə bağlı hətta ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə qanunverici orqanda siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iclas da keçirilib. İstər Dağlıq Qarabağ problemi, istərsə də qaçqın və məcburi köçkünlərin ağır həyat şəraiti barədə müntəzəm olaraq parlamentdə məsələ qaldıran, bu istiqamətdə təkliflər verən millət vəkillərindən biri də Cahangir Hüseynov olub. Deputat kimi fəaliyyət göstərdiyi illərdə qanunverici orqanda qeyd edilən məsələlər ətrafında parlamentdə aparılan müzakirələr, qaldırılan təkliflər barədə sabiq millət vəkili, beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas alimi, Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynovla söhbətləşdik. Cahangir Hüseynov "OLAYLAR"-a verdiyi müsahibədə beynəlxalq təşkilatların Qarabağ probleminə olan biganəliyindən də danışıb.

- Cahangir müəllim, siz Milli Məclisdə beynəlxalq təşkilat və qurumların Dağlıq Qarabağ problemi ilə bağlı mövqelərini ən sərt şəkildə tənqid edən deputat kimi də yadda qalmısınız.

-Təbii ki, elədir. Tək mən deyil, digər həmkarlarım da Dağlıq Qarabağ problemi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə haqlı olaraq beynəlxalq təşkilatların bu məsələyə olan biganə mövqeyini ciddi şəkildə tənqid edirdik. Çünki istər problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu, istərsə də digər beynəlxalq təşkilat və qurumların məsələyə ikili standartlardan yanaşdığı, işğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymadığı göz önündə idi. Təssüflər olsun ki, bu gün də həmin mövqe sərgilənir. Ona görə də hər zaman Milli Məclisin iclaslarında bu məsələyə diqqət ayırırdım. Ümumiyyətlə, mənim siyasi həyata qatılmağımın əsas məqsədi Azərbaycanın dilbər guşəsi olan Dağlıq Qarabağa ermənilərin təcavüzü olub. Hadisələrin ilk günündən mən də bu ağrılı prosesləri izləmişəm. 1991-1995-ci illərdə Ali Sovetdə bir deputat kimi fəaliyyətimi də Qarabağ hadisələrinə yönəltmişəm. Həmin vaxt Ali Sovetin qaçqınlar və məcburi köçkünlər üzrə komissiyasının üzvü olmaqla əlimdən gələni etməyə hazır olmuşam. Çox təssüflər olsun ki, o dövrdə respublika rəhbərliyinin səriştəsizliyi, hakimiyyət

hərisliyi, yanlış siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon-Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı erməni daşnaklarının əsarəti altında qaldı. BMT-nin 4 qətnaməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, Avropa Şurası, İslam Konfransı Təşkilatının bu istiqamətdə apardığı danışıqlar, keçirdiyi görüşlər, ayrı-ayrı dövlət başçılarının sülh təşəbbüsləri heç bir nəticə verməyib. Minlərlə insan ata-ana yurdunun həsrəti ilə dünyasını dəyişib. Düzdür, dünyada bir çox münaqişələr var, ancaq Qarabağa bənzəri yoxdur. Düşündükcə od tutub yanırsan. Yüz minlərlə insanın haqlarının tapdalanmasına göz yuman, ədalətdən, demokratiyadan, sülhdən danışan dünya dövlətlərinin bu münaqişəyə olan münasibətlərindən heyrətlənirsən. Bizi kompromisə getməyə çağıran super güclərə üz tutub soruşmaq istəyirsən. Yüz minlərlə qaçqın-məcburi köçkünün günahı nədir? İşğal olunmuş 7 rayonun Dağlıq Qarabağla nə əlaqəsi? ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa heç olmasa 7 rayonun bir kəndini bu illər ərzində geri qaytara bilibmi? Təssüflər olsun ki, yox.

-Ümummilli lider Heydər Əliyevin iştirakı ilə Milli Məclisin Dağlıq Qarabağ probleminə həsr olunmuş iclasını necə xatırlayırsınız?

-23-24 fevral 2001-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin iştirakı ilə Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə bağlı böyük bir toplantı keçirildi. Toplantıya millət vəkilləri, ictimai-siyasi xadimlər, partiya rəhbərləri və hətta müxalifətdən olan nümayəndələr da dəvət olunmuşdu. Həmin toplantıda Dağlıq Qarabağla bağlı bir sıra məsələlər müzakirə olundu. Həmişə olduğu kimi yenə də bir sıra populist çıxışlar oldu və bu problemin həlli üçün atılmalı olan addımlar çox təəssüflər olsun ki, özünə yer ala bilmədi. Ulu Öndər bizlərə belə bir şansı verməklə bir daha öz böyüklüyünü göstərib, şərait yaratdı ki, hər bir ictimai - siyasi xadim Dağlıq Qarabağ ilə bağlı öz fikirlərini şifahi və ya yazılı da olsa, parlamentə çatdırsın. Parlament də öz növbəsində, bu problemin həlli yollarını araşdırsın. Həmin dövrdə də Ulu Öndər fasiləsiz olaraq dünya ölkələrinə səfərlər etməklə bu məsələnin çözülməsi istiqamətində xeyli işlər aparırdı. Hətta 1996-cı ilin dekabr ayında Lissabon sammitində qəbul olunmuş Avropa Parlament Assembleyasının Azərbaycan torpaqlarının sərhədlərinin toxunulmazlıq prinsipi Ulu Öndərimizin apardığı siyasətin bir nümunəsi idi. Artıq həmin zamanlar Ermənistanın o vaxtki rəhbərliyi Levon Ter-Petrosyan Azərbaycanla kompromis danışıqlara gəlmək ərəfəsində idi. Lakin belə bir vaxtda Ermənistan parlamentində məlum qanlı olaydan sonra bu danışıqlar da təxirə salınmaq məcburiyyətində qaldı. Daha sonra Ulu Öndərimizin apardığı bir sıra tədbirlərə baxmayaraq erməni hakimiyyəti həyasızlaşaraq bu danışıqlardan imtina etdi. 2001-ci il parlament müzakirələrində Ulu Öndərimiz Heydər Əliyev toplantı iştirakçılarına dəfələrlə müraciət edib, bu problemin həll olunması yolunda hər bir təklifin verilməsini təkidlə iştirakçılara çatdırırdı. Mən də bir beynəlxalq hüquq sahəsinin mütəxəssisi kimi (artıq həmin ərəfədə beynəlxalq hüquq sahəsində Moskva şəhərində Patris Lulumba adına Xalqlar Dostluğu universitetində və Bakı Dövlət Universitetində "Azərbaycan Beynəlxalq Hüququn subyektidir" mövzusunda elmi işimi müdafiə edib elmlər dərəcəsi aldım və Moskvada Beynəlxalq Hüquqşünaslar Assosasiyanın üzvü seçildim) öz fikirlərimi beynəlxalq hüquqa, "Sərhədlərin toxunulmazlıq", "Millətlərin öz müqəddaratını təyin etmə" prinsipinə uyğun olaraq, aparılmasını tələb etdim. Vurğuladım ki, bu problem yalnız beynəlxalq hüquq müstəvisində həll olunmalıdır. Düşüncələrimi yazılı formada Milli Məclisin katibliyinə təqdim etdim. Ümumiyyətlə, müasir dövrdə hər bir münaqişəli münasibətlər beynəlxalq hüquq müstəvisində həll edilməlidir. Bu sahənin mütəxəssisləri, alimləri öz fikirlərini deməlidirlər. Qarabağ barəsində olan bütün fikirlər geniş ictimaiyyət nümayəndələri ilə müzakirə olunmalıdır və bu müzakirələr parlament müstəvisində aparılmalı, yeri gələrsə, həmin məsələlər ümumxalq referendumuna çıxarılmalıdır. Artıq belə məsələlər inkişaf etmiş ölkələrdə, Kiprdə, Şotlandiyada, Kataloniyada və başqa ölkələrdə də tətbiq olunur. Həmin vaxtlarda ATƏT-in Minsk qrupu paket, mərhələli və ümumi dövlət həlli formasında 3 təkliflə Azərbaycan və Ermənistan dövlətlərinə müraciət etmişdi. Çox təəssüflər olsun ki, paket və mərhələli həll Azərbaycan tərəfindən məqbul sayılsa da, ermənilər bu iki təklifi qəbul etməmişdi. Ümumdövlət təklifini isə ermənilər məqbul hesab etdikləri zamanı İrəvan parlamentində törədilən məlum qanlı hadisədən sonra bu məsələlər də bu günə qədər açıq qalmışdı.

-Bəs, siz bu məsələnin həllini hansı formada görürsünüz?

-Mən Dağlıq Qarabağ probleminin həllini hüquq müstəvisində 2001-2004-cü illərdə parlamentdə olarkən qaldırmışam. Bu gün də elə hesab edirəm ki, həmin təkliflərə bir də qayıtmaq olar. Əlbəttə hesab edirəm ki, ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış bu 3 təkliflə bağlı Xarici İşlər Nazirliyi və Azərbaycan parlamentində işçi qrupu yaradılıb, yeni təkliflər hazırlanmalıdır. Bu təkliflərin hazırlanmasında alimlər, ziyalılar, hüquqşünaslar, iqtidar və müxalifət nümayəndələri də iştirak etməlidirlər. Son aprel hadisələri də sübut etdi ki, ermənilər Azərbaycan ordusunun göstərdikləri şücaətdən qorxuya düşüblər. Belə bir məqamdan bəhrələnib, biz yenidən öz təkliflərimizi ATƏT-in Minsk qrupu və ya Rusiya, Türkiyə vasitəsi ilə gündəmə gətirib ermənilərlə bir araya gələrək bu müzakirələri bir daha etməliyik. Dağlıq Qarabağ münaqişəsini gələcək nəsillərə dondurub, saxlamaq düzgün deyil. Bu məsələnin də öz həlli yolları var. Mən bir beynəlxalq hüquq mütəxəssisi kimi belə hesab edirəm ki, həmin 3 paket, həmçinin mərhələli ümumdövlət həlli müqavilələrindən də bəhrələnərək, birinci növbədə, Dağlıq Qarabağın ermənilər tərəfindən zəbt olunmuş 5+2 rayonları geri qaytarılmalı və Dağlıq Qarabağ Muxtar Respublikasına xüsusi səlahiyyətlər verilməlidir. Yəni onların qanunvericilik, icra və məhkəmə orqanlarının bütün səlahiyyətləri birinci mərhələdə özlərinə verilməlidir. Bakıda Dağlıq Qarabağın xüsusi nümayəndəliyi yaradılmalı, Dağlıq Qarabağda da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi fəaliyyət göstərməlidir. Bundan sonra bütün ərazidə olan silah-sursatlar yığışdırılmalı, ərazilər minalardan təmizlənməli, dağılmış tikililər, binalar yenidən bərpa olunmalı, köçkün düşmüş əhali öz evlərinə qayıtmalıdır. Birinci mərhələdə, təxminən 5 il ərzində bu proseslər yekunlaşmalıdır. İkinci mərhələdə isə, Azərbaycan respublikasında qanunvericilik orqanı iki palatalı sistemə keçməlidir. Azərbaycanın inzibati bölgüsü təxminən 10 bölgəyə bölünməlidir. Tarixən də bu ərazilər aşağıdakı bölgü formasında formalaşmışdır. Naxçıvan MR, Dağlıq Qarabağ MR, Aran Qarabağ Vilayəti, Şirvan vilayəti, Aran Vilayəti, Lənkəran-Muğan vilayəti, Quba-Xaçmaz vilayəti, Şəki-Balakən vilayəti, Gəncə vilayəti və Bakı-Abşeron vilayəti. Hesab edirəm ki, bu Azərbaycan iqtisadiyyatına da çox böyük fayda verər. Artıq Milli Məclisdə də bəzi iqtisadçılar həmin məsələni qaldırıblar. Qanunvericilik orqanının iki palatalı olması unitar dövlət formasında bir sıra dövlətlərdə də mövcuddur. Hər bölgədən yuxarı palataya 10 nəfər seçilə, bununla da 100 nəfərlik Yuxarı Palata, 150 nəfərdən ibarət isə aşağı palata formalaşa bilər. Yuxarı palatada Dağlıq Qarabağ, Naxçıvan MR Azərbaycan bölgələri ilə bərabər əsaslarla təmsil olunmalıdır. Bununla da, qanunvericilik orqanında ermənilər azərbaycanlılarla birgə bərabər əsaslarla parlamenti idarə edirlər. İcra strukturunda isə Nazirlər Kabinetində Dağlıq Qarabağ üzrə xüsusi icra komitəsi yaradılır. Məhkəmə hakimiyyətində Ali Məhkəmənin bir kollegiyası Dağlıq Qarabağa şamil edilir. Bu formada biz Dağlıq Qarabağda yaşayan ermənilərə subyektiv hüquqlar versək, bu həm dünya ictimaiyyəti tərəfindən bəyənilər, həm də ermənilərin heç bir bəhanəsi qalmaz. ``Millətlərin öz müqəddaratı prinsipi``, ``Sərhədlərimizin toxunulmazlığı`` çərçivəsində təmin olunar. Bizim də bu təkliflərimiz beynəlxalq qurumlar, təşkilatlar tərəfindən dəstəklənər. Əlbəttə, mənim fikirlərimdən başqa formalarda da təkliflər verilə bilər. Təbii ki, bütün bu təkliflər öyrənilməli, müzakirə olunmalıdır. Yetər ki, bu münaqişəyə son qoyulsun və Dağlıq Qarabağ problemi öz həllini hüquq müstəvisində tapsın.

Ardı növbəti sayımızda

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00