Əmək Nazirliyində “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olub
14 Aprel 2016 12:30 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirliyin dəstəyi ilə hazırlanaraq nəşr etdirilmiş, Azərbaycanın Milli Qəhrəmanlarının həyat və mübarizəsi haqqında sənədli materialları əhatə edən "Milli Qəhrəmanlarımız" kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ayrı-ayrı Milli Qəhrəmanların doğmaları iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Vətənimizin ərazi bütövlüyü və konstutusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə böyük şücaət və igidlik göstərmiş Milli Qəhrəmanlarımıza daim hörmət və ehtiram, qayğıkeş münasibət göstərildiyini, şəhid olmuş Qəhrəmanlarımızın xatirəsinin yüksək tutularaq əbədiləşdirildiyini vurğulayıb: "Hələ ötən əsrin 90-cı illərindən Ümummilli liderimiz Heydər Əliyev bu sahədə ilk mühüm addımların atılmasını təmin edib. Habelə 1993-cü ilin dekabrında Ulu öndərin müvafiq sərəncamı ilə Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrınə yardım edilib. 1995-ci ilin iyununda Milli Qəhrəmanların, onların ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam imzalanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər daha da gücləndirilib, Milli Qəhrəmanların, ümumən Vətənin müdafiəsində şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün mühüm işlər aparılıb. Eləcə də dövlət başçısının 14 iyul 2005-ci il tarixli Sərəncamı ilə Milli Qəhrəmanlarımıza, onlardan şəhid olmuş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənilməsinə başlanılıb və ötən dövrdə bu təqaüd artırılaraq 1000 manata çatdırılıb".
S.Müslümov bildirib ki, xalqımızın tarixi qəhrəmanlıq ənənəsini şərəflə davam etdirmiş, hər birimizdə qürur hissi doğuran Milli Qəhrəmanlarımızın cəmiyyətə daha geniş şəkildə tanıdılması, onların həyat və qəhrəmanlığının geniş təbliği bu gün cəmiyyətdə, xüsusən gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm önəm kəsb edir: "Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir istiqaməti də məhz Milli Qəhrəmanların tanıdılması və cəmiyyətdə geniş təbliği məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçirilir. Hazırda təqdim olunan "Milli Qəhrəmanlarımız" kitabı da nazirliyin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığının bir bəhrəsidir".
Digər çıxış edənlər kitabın Milli Qəhrəmanlarımız haqqında ən dolğun və əhatəli informasiya mənbəyi olmasından, onun qəhrəmanlarımızın tanıdılması sahəsində önəmindən və tərbiyəvi əhəmiyyətindən bəhs ediblər.